Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli
sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib.
Kulis dramaturq Cəfər Cabbarlıya verilən sualı təqdim edir.
İyirmi doqquz yaşlı general Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakını qaniçən daşnaklardan azad etdi.
Noyabrın 10-da həmin münasibətlə bugünkü Filarmoniyada (o vaxtı «İctimaiyyət məclsi», «Cəmiyyət evi», «Cəmiyyət məclisi», həm də Obşestvennoe sobiraniye» adlanırdı) böyük bayram təntənəsi keçirildi. Binanın fasadı Azərbaycan və Türk bayraqları ilə bəzədilmişdi. Məmurlardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət 400 nəfərədək adamın iştirak etdiyi ziyafət orkestrin müşayiəti ilə Nuru Paşanın gəlişini ayaq üstü alqışladı.
Hökumətin rəhbəri, baş nazir Fətəli xan Xoyski nitq söylədi.
Aktyor Abbasmirzə Şərifzadə Sizin «Ulduz, yaxud Trablis müharibəsi» əsərinizin qəhrəmanı, Nuru paşanın böyük qardaşı Ənvər paşanın qiyafəsində salona daxil olub türk ordusunun şücaətindən bəhs edən alovlu monoloq söylədi. Sonra pyesin və monoloqun müəllifini Nuru paşaya təqdim etdi.
Siz Nuru paşaya «Trablis müharibəsi»ndə («Ənvər paşanın Trablis müharibəsi» kimi də yazılıb) Ramiz obrazının məhz onun prototipi olduğunu söylədiniz.
Səhərisi 29 yaşlı Nuru paşa 19 yaşlı gənc dramaturqun evində qonaq oldu.
Söhbətlərinizdə ona söz vermişdiniz ki, Bakının xilasından bəhs edən pyes yazacaqsınız. Asif Rüstəmlinin yazdığına görə, Nuru paşa kasıb yaşadığınızı görüb evinizə «bir ədəd nikelli dəmir çarpayı, daş güzgü, paltar üçün ayaqlı asılqan, divar saatı və bəzi əşya və ləvazimatlar» göndərib.
Nuru paşaya verdiyiniz sözün üstündə duraraq erməni daşnaklarının 1918-ci ilin martında Bakıda törətdikləri vəhşiliklər haqqında «Bakı müharibəsi» pyesini yazmısınız. Əsərə səhnə quruluşunu Abbasmirzə Şərifzadə verib. Tamaşa ilk dəfə 16 sentyabr 1919-cu ildə göstərilib.
Əsas rollarda Sidqi Ruhulla (Nuru Paşa və Styopa), Mir Paşa Sadıqov (Səməd), Ağalar Gəraybəyov (Səlim bəy), Abbasmirzə Şərifzadə (Əhməd), Rza Darablı (Tofiq bəy), Yunis Nərimanov (Ziya), Ələkbər Süheyli (Mosul paşa), Qəmər Topuriya (Fəridə), Yeva Olenskaya (Tamara), Xəlil Hüseynov (Cəmil bəy), Hacıbaba Şərifzadə (Ətan bəy), Kazım Ziya (Rəhim bəy), Aleksandra Olenskaya (Məryəm), Ağalar Gəraybəyov (Caparidze), Ağakişiyev (Atabekyan) çıxış ediblər.
Bu tamaşa oktyabr ayında dövlət teatrının rəsmi açılışının üçüncü günü də oynanılıb. Əsər Bakıda baş verən 1918-ci il mart soyqırımına həsr olunub. «Bakı müharibəsi»ndə törədilən faciənin siyasi motivləri psixoloji dürüstlüklə təsvir edilib.
Bu pyesin mətni indiyənədək əldə olunmayıb.
Çox güman ki, Sovet Hökuməti dövründə onu gizli saxlamısınız.
Bəlkə Sovet Hökuməti Sizi birinci dəfə, 15 iyun 1923-cü ildə həbs edəndə həmin pyesi də müsadirə edib?
Ancaq ola bilməz ki, əsərin bütün nüsxələri məhv edilsin. Çünki hər hansı pyes tamaşaya qoyulanda onun bir neçə nüsxəsi ya makinada, ya əl yazısında çıxarılıb rejissora, suflyora və aktyorlara verilirdi. İstedadlı və fədakar tədqiqatçınız Asif Rüstəmlinin ciddi axtarışları da hələlik səmərə verməyib.
Ustad!
«Bakı müharibəsi» əsərinizi harada axtarsaq tapa bilərik?