Abituriyentin intiharından film çəkən gənc rejissor: “Oskar almaq istəyirəm”

<b>Abituriyentin intiharından film çəkən gənc rejissor: <span style="color:red;">“Oskar almaq istəyirəm” </b>
13 iyun 2018
# 15:30

Ərhun Abbaslı. Sosial mediada ayfonla çəkdiyi qısa filmləri var. Bir də “Ayfonla necə film çəkmək olur?” mövzusunda öyrədici videoları. Filmlərindən bəziləri festivallarda qalib də olub. Azərbaycan tarixi haqda film çəkmək arzusu var. Tarixə, siyasətə maraq ona yəqin qəzetçi atası Rauf Arifoğlundan keçib. Kino sevdası isə... Yaxşısı budur, bu barədə özü danışsın.

- Ərhun, neçə yaşınız var?

- 17.

- Orta məktəbi indi bitirmiş olmalısınız...

- Dünən məzun oldum. Kanadanın Toronto şəhərində York universitetinə qəbul olmuşam. “Cinema and media studies” bölümünün film departamentinə.

- Qabiliyyət imtahanını necə verdiniz?

- Məndən 5 dəqiqəlik çarx və sevdiyim bir film haqda dörd vərəqlik yazı istədilər. Bir də Skayp vasitəsilə sual-cavab oldu. İELTS-dən də 7 bal topladığım üçün məni qəbul etdilər.

- Ərhun, kinoya meyl etməyiniz, qısa filmlər çəkməyiniz necə başladı?

- Bir neçə il əvvəl Yutubda kanal açdım. Bununla həyatım dəyişdi. Əvvəllər əyləncə videoları çəkirdim, paylaşırdım. Sonra kino həvəsinə düşdüm, ağlıma qısa film ideyası gəldi.

- Adətən, sizin yaşıdlarınız vayn çəkməyə həvəslidir?

- Mən vayn janrını sevmirəm. Heç indi kinoteatrlarda göstərilən komediyaları da sevmirəm. Sanki başqa janrlar yoxmuş kimi eyni janrda filmlər çəkilir. Elmi fantastika, dram janrını xoşlayıram. Filmlərimdə də bu janra meyl var.

- Bunlar yəqin ki, birdən-birə yaranmayıb. İzlədiyiniz, təsirləndiyiniz filmlər vardı?

- Xarici rejissorlardan Kristofer Nolanın, Ceyms Kamerunun filmlərini çox izləyirdim. Daha sonra, Steven Spielbergin, Wes Ballın, Martin Scorsesenin, Quentin Tarantinonun filmlərini hər zaman izləmişəm və izləyirəm. Ordan həvəs yarandı. Düşündüm ki, niyə də buna başlamayım? “İphone” telefonumla qısa film çəkməyə başladım. Elə gətirdi ki, ilk filmim “İmtahan”la Niaqara tələbə film festivalında finalçı oldum.

- “İmtahan”dakı qəhrəmanınız imtahandan kəsilir və intihar edir. Bu filmi çəkməklə mesajınız nə idi?

- Bu, mənim üçün, elə mənim yaşıdlarım üçün də həssas mövzudur. Özümdə də imtahan stressi var idi. Bu film yalnız gənclər üçün deyil. İstəyirəm insanlar bu mövzu haqda düşünsünlər. Hər kəs özünü o qəhrəmanın yerinə qoysun. Statistikaya görə, hər il dünyada 200 min gənc intihar edir. Bunun da 60%-i imtahan stressləri və abituriyentlərə valideyn basqısı səbəbindən olur. Bu, qorxunc bir statistikadır. Mən filmimdə diqqəti məhz bu məsələyə cəlb etməyə çalmışam. İstəyirəm ki, həmyaşıdlarım imtahan stressi və valideyn təzyiqi səbəbindən intihar etməsinlər.

- Siz dediniz ki, mən də imtahan stressi yaşayırdım. İmtahandan kəsilsəniz, necə olacaqdı?

- Şərt deyil ki, universitet qazanasan. Elə Kristofer Nolan özü Hollivuda təhsilsiz, pulsuz gəlib çıxıb. Bu, həyatdır.

- Amma qəhrəmanınız tək gələcəyinə görə yox, ailənin qınağından da qorxur. İnanmıram sizin ailənizdə belə qınaq ola, amma...

- Azərbaycanda bütün ailələrdə bu narahatlıq var. Hər kəs öz övladından yaxşı nəticə gözləyir. Yəqin mən də gözləyərəm. Xaricdə isə belə deyil.

- Necə düşünürsünüz, bu məsələdə, yəni şagirdin imtahana görə intihar halları məsələsində problem haradadır?

- Bizdə məsələyə daha çox prestijə görə, “camaatın uşağı” narahatlığı ilə yanaşılır. Məncə, uşaqları çox sıxmamaq lazımdır. Əlbəttə, nəzarətsiz buraxmasınlar da. Amma məsələn, məktəbdə zəifdirsə, bəlkə idmanda uğur qazanacaq?

- Çəkdiyiniz filmlərin hamısı festivallarda iştirak edib?

- Toplam beş filmim 25-ə yaxın festivalda iştirak edib. Yalnız biri qalib olub. “Ölümdən sonra” filmi Makroproject Onlayn Film festivalında “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə qalib olub. Tələbə filmləri festivalıdır.

- Filmləri yalnız internet üzərindən festivallara göndərmisiniz, ya özünüz də festivallarda iştirak etmisniz?

- Çağırılanlara gedə bilmədim. Azərbaycan gənclərinin film festivalında iştirak etmişəm, filmim nümayiş olunub. Amma qalib olmamışam. Bu festivalda daha çox sənədli filmlər göstərilirdi.

- Filmdə ideya, məzmun, mövzu diqqətinizi çəkir, yoxsa texniki məsələlərdən zövq alırsız?

- Hamısı var. İşləyəndə də həm ssenari yazma prosesindən, həm çəkilişdən, həm də montajdan zövq alıram. Hər şeyi özüm edirəm – ssenarini yazıram, özüm çəkirəm. Amma dostlarım kömək edir və iştirak da edirlər. Kamera arxasında da əyləncəli olur. Texniki şeyləri Yutubdan öyrənmişəm.

-“İmagination” qısa filminizdə sxematik şəkildə kinoya başlayan adama ironiya var.

- Haqlısız, ona görə filmi tragikomediya kimi təqdim etmişəm.

- Hansı filmləri izlədiniz ki, sizdə belə bir ironiya yarandı?

- Amerika seriallarına, Hollivud filmlərinə baxandan sonra belə fikir yarandı.

- “Ölümdən sonra” filminizdə bir təsirlənmə var. Otun üstünə qan çilənməsi. Deyəsən, Tarantinonun filmində var idi bu.

- O filmi izləmişəm. Amma yenə də mənim filmim fərqli üslubdadır.

- Çəkdiyiniz qısa filmlər sosial, ictimai kontekstdədir. “İmtahan”, Ölümdən sonra”, “İkinci şans” və s. Atanız, jurnalist Rauf Arifoğlunun, onun fəaliyyətinin düşüncələrinizə nə qədər təsiri olub?

- Belə dolayısı təsirdən danışa bilərəm. Məsələn, atam evə qəzetlər gətirir. Onları oxuyuram. Elə “İmtahan” filmini çəkməyi “Yeni Müsavat”dakı bir xəbəri oxuduqdan sonra düşündüm. Bir il qabaq qəzetdə bir şagirdin imtahanı qazanmadığı üçün intihar etdiyi xəbərini oxumuşdum.

- Ümumiyyətlə, atanızla ünsiyyətinizin əsas mövzuları nədir?

- Siyasət haqqında danışırıq. Azərbaycan, Türkiyə haqqında. Yeri gəlmişkən, AK Parti və MHP koalisiyasını dəstəkləyirəm. Mən daha çox Türkiyə televiziyalarına baxıram. Ona görə də oranın siyasətini yaxşı bilirəm. Türkiyəni sevməyən xarici güclərin hamısı Ərdoğanı devirmək istəyir. Bu da onu göstərir ki, Ərdoğan düz yoldadır.

- Ərdoğana görə dostlarınızla mübahisələr edirsinizmi?

- Çalışıram ki, belə mübahisələrə qoşulmayım. Kimi sevir, kimi sevmir.

- Atanızla mübahisələriniz olurmu? Adətən atalar oğlan övladlarını tənqid edir, onlarda mükəmməllik axtarırlar.

- Olur mübahisələrimiz... Filmlə bağlı iradları olur. Daha doğrusu, təklifləri. Məsələn, finalı başqa cür versəydin deyir. Tənqid olmalıdır ki, məsələyə başqa tərəfdən yanaşa bilim.

- Atanızla bağlı tənqidlə, ya qınaqla ya hər hansı bir fikirlə rastlaşanda nə düşünürsüz?

- Normaldır. Bir insanı yüz faiz sevmək mümkünsüzdür. Müəyyən hissə sevir, müəyyən hissə tənqid edir. Mənim özümün də Yutubdakı paylaşımlarıma bəzən pis yorumlar olur. Nə etməli? Hər kəsin sevmək borcu yoxdur.

-İctimai-siyasi sferada olan bir adam kimi atanızdan işin gərginliklərini hiss etmisinizmi?

- Atam həmin o gərginlikləri evə gətirmir. Evdə pozitiv olur.

- Birgə kinoya, teatra gedirsizmi?

- Gedirik. Türk komediyalarına, “Recep İvedik”ə, xarici fantastik filmlərə baxmışıq. Bakıda, İstanbulda, Nyu-Yorkda, Torontoda bərabər filmlər izləmişik.

- Bizim kino cameəsindən kiminlə əlaqəniz, dostluğunuz var?

- Heç kimlə. Bir dəfə bir prodakşndan film çəkmək üçün texnika kirayələmək istədim. Vermədilər ki, biz şagirdlərə aparatura verə bilmərik. “Bozbaş pikçers”ə avadanlıq verirlər deyəsən. İndi mənim təhsil alacağım universitetdə tələbələri kino avadanlıqları ilə təchiz edirlər.

- İxtisas seçiminizdə elə bir ikinci, ehtiyat bir yol var - media.

- Əvvəl televiziya jurnalistikasını istəyirdim. Bacım da bu sahədə çalışır. Amma magistr olaraq sənədli film üzrə təhsil alıb. Hazırda kino məni maraqlandırır. Çünki bir filmin milyonlarla adama təsir etmək gücü var.

- Ərhun, nə kitablar oxuyursunuz?

- Dünya ədəbiyyatı klassiklərini sevirəm, Viktor Hüqo, Eyvind Jonson, Elias Kanetti, Mayn Rid, Tolstoy... İndi Robert McKee-nin “Ssenari nece yazılır?” kitabını oxuyuram...

- Kinoyla bağlı nə kimi arzularınız var?

- Azərbaycan tarixini əks etdirən bir serial çəkmək istəyərəm. Elmi fantastika kimi bir janrda ola bilər. Hollivudda belə filmlər var. Mən də Azərbaycan tarixinə səyahət formasında belə bir film istəyirəm. Bir də, təbii ki, “Oskar” və onun kimi kino mükafatları almaq istəyərəm.

Bir də atam haqda film çəkməyi düşünmüşəm.

- Atanızın hansı cəhəti önəmli olacaq, daha konkret, filmdə qəzet olacaqmı?

- Mütləq... Oxuyum, başqa filmlər də olacaq. Bilirsiniz, film sənayesi risklidir, amma avantajlıdır. Hollivud, Bollivud kinolayihələrlə milyonlar qazandırır. Məncə maraqlı tariximiz var və bu gözəl film ola bilər. Mən tarixi filmi özümüz üçün yox, xarici dildə, dünya tamaşaçısı üçün çəkmək istəyirəm.

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

# # #