Qəssab, dönərçi, satıcı, taksi şoferi olmuş yazıçılarımız SORĞU

Qəssab, dönərçi, satıcı, taksi şoferi olmuş yazıçılarımız SORĞU
5 fevral 2014
# 09:00

Kulis.Az ədəbiyyat adamlarının köhnə peşələri haqda sorğunu təqdim edir.

Fikrət Qoca: “Metro tikintisində beton qarışdıran işləmişəm. Daha sonra isə Moskvaya oxumağa getdim...”

Tofiq Abdin: “Salyan rayonu Qırmızıkənd kəndində kitabxana müdiri olmuşam. Daha sonra Bakıya gəldim. Uzun müddət Bakıda tekstil fabrikində çalışdım. Min doqquz yüz altmış dördüncü ilə qədər orda işlədim. Uzun müddət isə taksi sürücüsü olmuşam. Bu mənim həyatımın ən maraqlı hissəsini təşkil edir. “VAZ 2101”-im var idi. Radioda, televiziyada veriliş hazırlayırdım. Həm də “Qobustan” jurnalında şöbə müdiri idim, yazılar yazırdım. Bütün bunlarla bərabər şəxsi maşınımla səhərlər saat səkkizdən ona qədər xaltura edirdim. İki saata cibimə bir qızıl onluq qoyub evə qayıdırdım. Qazandığım pulu da bizim nəslin pulsuz şairlərinə xərcləyirdim. “Çiçək” kafesində onlara qonaqlıq verirdim. Onların da vecinə deyildi. Məndən soruşmurdular ki, ay bala, sən də bizim günümüzdəsən, bu pulu hardan qazanırsan? Hələ mənə taksi şoferi işləmə deyənlər də tapılırdı”.

Seymur Baycan: “Həyatda çox çətinlik görmüşəm. Gündüz oxumuşam, gecə “stoyanka”da işləmişəm. Mağazada gözətçi olmuşam. Tələbəlik vaxtı satıcı işləmişəm. “Aeroport”da paltar alveri etmişəm. “28 may” metrostansiyasının qabağındakı keçiddə ayaqqabı satmışam. Başqa işlərlə də məşğul olmuşam, amma onlar haqda danışa bilmərəm. Daha sonra Krasnodarda İran “tapıçka”ları, Rusiyada nar, yemiş satmışam. Alver olmadı, bu işlərin başını buraxdım. Yoxsa, ədəbiyyatda nə gəzirdim. Gördüyünüz kimi, mən ancaq satmışam”.

Şərif Ağayar: “Tələbə vaxtı bir müddət müəllim işləmişəm. Qəssablıq da etmişəm. Əslində tam da qəssab demək olmaz. Sadəcə pul qazanmaq üçün yay tətilində qohumlarıma kömək edirdim. Bir il də Füzuli rayonu ərazisində, Haramı düzündə çoban işləmişəm. “Haramı” romanının da əsas fakturası bu təcrübədən gəlir. Çobanlıq qəribə peşədir. Adama zəngin həyat təcrübəsi verir, təbiəti və heyvanları tanıyırsan...

Doxsan səkkizinci ildən bu günə kimi, yəni Bakıya köçəndən beş il istisna olunmaqla jurnalistikadayam. Əslində jurnalist deyiləm. Ancaq dolanışıq üçün işləyirəm. Beş il isə məmur olmuşam. İkinci dərəcəli dövlət qulluqçusuyam. Məmurluq da maraqlı təcrübədir. Amma məncə bir yazıçının həmişə məmur işləməsi yaxşı deyil”.

Pərviz Cəbrayıl: “Bir müddət mətbuatdan uzaqlaşmışdım. Uzaqlaşmağıma küskünlüyüm səbəb oldu. Sanki hər kəsdən küsmüşdüm. Sonra Rusiyaya getdim. Məcburiyyət qarşısında qalıb tərəvəz belə satdım. Əyilməkdənsə, kisədən xarab, don vurmuş, çürük kartofları ayırmağı üstün tuturam. Yeri gəlmişkən, bir maraqlı hadisə danışım. Bir dəfə Azərbaycan meyvəsi almışdıq. Meyvəni yeşikdən boşaldan zaman altına döşənmiş qəzeti görəndə elə bil dünyanı verdilər mənə. Bu qəzeti görəndə sanki yüz ildir aralı düşdüyüm əzizimi gördüm. Salam Sarvanın buraxdığı “Ruh” qəzeti idi. Qəzet qırışlanmışdı, əzik-üzük olmuşdu, alma bəzi yerlərini islatmışdı. Qəzeti sobanın qabağında qurudub, sonra şax şəklə saldım və gördüm ki, burada mənim də şeirlərim var. Çox qəribə hislər keçirdim. Az qalırdım qəzeti gözümə təpəm. İzah etməyə çətinlik çəkirəm”.

İlqar Cahangir: “Kamera Teatrında işlədiyim vaxtlarda-1991-ci ildən 2001-ci ilə kimi paralel olaraq operator-montajçı işləmişəm. Daha doğrusu toy-nişan mərasimlərində, el şənliklərində ad günlərində video çəkilişi ilə məşğul olurdum. O zaman hamıda belə texnika yox idi və bu iş çox prestijli iş sayılırdı. Bir ara ticarətlə məşğul olan qohumlarıma qoşulub “Aeroport”da da işləmişəm. Bizim aktyorların çoxu başqa işlərlə məşğul olub. Çoxu tamadalıq edir, uşaq toylarına kloun kimi gedir. Teatrdan aldığınla yaşamaq mümkün deyil”.

Salam Sarvan: “Cəlilabad rayonunda vergi müfəttişi, rayon sosial təminat şöbəsində direktor müavini, koperativlərin birində mühasib vəzifələrində çalışmışam”.

Kənan Hacı: “On beş – on altı yaşlarımdan sonra mən də evdən qaçmağa meylli olmuşam. Orta məktəbi bitirəndən sonra evdən qaçıb Kiyev bazarında alver etmişəm. İl yarım dayımın yanında yaşadım. Xəyallarla yaşayırdım, həyatımı dəyişdirmək istəyirdim. Deyirdim, çoxlu pul qazanıb gəlib həyatımda bir dönüş edəcəyəm. Ailəmizin problemlərini hələ edəcəyəm. Arada bir imkansızlıq olanda maşınımdan taksi kimi də istifadə etmişəm”.

Mirmehdi Ağaoğlu: “Atam uşaq vaxtından məni zəhmətə alışdırmağa çalışıb. Yeddi yaşımdan hər il tətil vaxtı şənbə-bazar günləri atam özü ilə məni iş yerinə aparırdı. Tikintidə ona kömək edirdim, daş daşıyırdım, palçıq qatırdım. Odur ki, heç vaxt ağır işdən qorxmamışam. Yeniyetmə vaxtı işsiz olan çağlarımda dəfələrlə “KamAZ”dan daş boşaldıb yığmışam, pul qazanmışam. İşsiz olanda Zabratın “kruqu”ndakı qul bazarında da dayanmışam. Hətta bankda işləməmişdən qabaq istilik sistemləri quraşdıran işçi qrupunda fəhlə də işləmişəm. Sonra da beş il bankda kassir işləmişəm.

Ən maraqlı işlərimdən biri isə dönər satmağım olub. Deməli, onda tələbə idim. Yay tətili, pul da yox. Dostumla oturduq söhbət etdik, onların obyekti vardı. Dedi, gəl burda dönər sat. Mənim də ağlıma batdı. Bəla burasında idi ki, mən nə ömrümdə dönər satmışdım, nə dönər aparatım vardı. Demək əmioğlunun köməyi ilə tənəkə dəmirdən qutu düzəltdik, içinə spiral çəkdik. Şiş düzəltdik. Bütün bunları kustar üsulla elədik. Bir ara hətta dəmiri kəsib lazımı formaya salmaq istəyən zaman “laqonda”nın fibrası qırıldı, ayaqqabımı kəsdi, yaxşı qurtardım.

Nə isə dönər aparatını düzəltdik. Başladım toyuq ətindən dönər düzəltməyə. İlk günlər pis deyildi. Kifayət qədər alıcı var idi. Əsasən uşaqlar gəlirdilər. Biz özümüzü bir ay sonraya sentyabra hazırlayırdıq. Məktəb açılanda alıcıların sayı artardı. Amma üç gün sonra daha dözə bilmirdim. Bütün günü dönərin iyi məni məhv edirdi. Əvvəl-əvvəl elə bilirdim dönəri elə özüm yeyəcəm, qızarmış ətə iştahalıyam. Amma yox. Tamam iştaham kəsilmişdi. Heç bir tikə çörək də yeyə bilmirdim. Bütün günü ancaq su içir və xeyli siqaret çəkirdim. Bir həftə belə davam elədi. Bir həftənin tamamında gördüm ki, tamam əldən düşmüşəm. Dönər işini buraxdım. Aparatı gətirib atdım evə. Dönərin tikintidə istifadə olunan dəmir çubuqdan ibarət şişi lazımsız şeyləri yığdığımız anbarımızda hələ bir müddət əl-ayağa dolaşdı”.

Dayandur Sevgin: “Əsgərlikdən gələndən sonra bircə ay laborant işlədim. Sonra ərizə yazdım ki, mənim 7 bacım var, onları köçürtməliyəm. Harda ən yüksək maaş verirlərsə məni o şöbəyə qoyun. Bir yer var idi, 57 metr hündürlükdə işləməli idin. Adına “verxovoy” deyirdilər. Xahiş-minnətlə məni ora keçirdilər. Beləcə aya min manata yaxın maaş alırdım. Hər üç aydan bir qızlardan birinin cehizini düzəldirdim, köçürdürdük”.

Faiq Balabəyli: “Mən, gəmi komandir heyətində olmuşam və bu gün də varam. Gəmi kapitanıyam. Bakı Dəniz Yolları Məktəbində və Azərbaycan Dövlət Dəniz Akademiyasında gəmi elektrik qurğuları mexaniki və gəmi sürücüsü - mühəndis fakültələrində oxumuşam. İşimi elə qurmuşam ki, həm də dənizdə, həm də müxtəlif mətbu orqanlarında işləmişəm”.

Cavid Zeynallı: “Universitetə qəbul olandan beş-altı ay sonra özüm öz başımı dolandırmağa başladım. Evdən pul almağa üzüm gəlmirdi, daha doğrusu, buna ailəmizin imkanı çatmırdı. Ona görə, xalam oğlu ilə Dərnəgülün taxta bazarında fəhləliyə başladım. Fəhləlik deyəndə ki, müdirimiz özgə adam yox, əmim idi. Dərs başlayana qədər iş-güclə başımı qatır, güzəştli “student maaşı” alırdım. Qızla görüşəndə də, dərsləri bəhanə edib işə çıxmadığım günlərin pulunu alırdım. O günlərdə əməlli-başlı möhkəmlənmişdim, altı metrlik taxtalar mənə xoşbəxtliyə gedən yolun zəhmətdən keçdiyini başa saldı. Müqayisə yersiz çıxmasın, Leninin çiynində şalban olan şəkli var, təxminən o fotunu gözünüzün qabağına gətirə bilərsiniz.

Dərnəgüldə həyat məktəbi keçdim, bərkə-boşa düşdüm, pul qazanmağın, müstəqil yaşamağın yolunu öyrəndim. Hətta “Günəşi gözləyənlər” romanımı o illərdə - sonradan mağazada satıcı işləyəndə yazdım. O vaxtları minnətdarlıq hiss ilə xatırlayıram. Əsgərlikdən sonra yenə Bakıya qayıtdım və taleyüklü suala cavab tapmalıydım: paytaxta iş tapıb yaşaya, başımı dolandıra biləcəyəmmi? Atam rayonda iş tapmışdı, dəfələrlə zəng vurdu ki, rayona qayıtmasam iş əldən çıxacaq, yazı-pozu ilə Bakıda baş çıxarmaq mənim işim deyil. Çətin də olsa, dözdüm, qayıtmadım. Bir müddət sonra – iki min səkkizinci ildə “Gənc ədiblər məktəbi”nə yolum düşdü, Yazıçılar Birliyinin təqdimatı ilə gənclər üçün prezident təqaüdünə layiq görüldüm. Aqil Abbasın gənclərlə görüşündən “525-ci qəzet”ə reportaj yazmışdım. Yazı Rəşad Məcidin xoşuna gəlmişdi, zəng vurdu ki, sən hər həftə bizə yaz. Uzun zaman “525-ci qəzet”ə yazdım, imzamı, özümü təsdiq etdim. Daha sonra Seyfəddin Hüseynlinin köməkliyi ilə “Azadlıq radiosu”nda işə başladım. İl yarımdan bir az artıq radioda çalışdım və ötən ilin iyunundan APA-nın əməkdaşıyam. Mənim ilk çörəkli peşəm fəhləlik, son dayanacağım jurnalistikadır. Bundan sonra nə olacaq, onu zaman göstərər”.

# 3407 dəfə oxunub

Müəllifin son yazıları

# # #