"Bəs kim içəcək bizim araqları?" - Xosrov Natilin yeni şeirləri

"Bəs kim içəcək bizim araqları?" - Xosrov Natilin yeni şeirləri
19 noyabr 2025
# 15:26

Kulis.az Xosrov Natilin yeni şeirlərini təqdim edir


Məndən bir kimsəyə salam söyləmə

Ərtoğrul Cavid

Azər Turana minnətdarlıqla

Məndən bir kimsəyə salam söyləmə
Anam, qıyma azar qəddimi əyə
De ki, həkim ona “olmaz” deyibdi
Danışmaq qadağan olub xəstəyə.

Məndən bir kimsəyə salam söyləmə,
Demə ki, yuxusu çəkilib ərşə.
Demə, ciyərparam yarımcan olub,
De ki, şəkil çəkir, yazır həmişə.

Demə, çiçəklərin bənizi qaçıb,
Limon sarısıdı yaşıl ləçəyi.
demə, bir yataqdı, bir alçaq tavan,
Demə elə budu ta görəcəyi.

De ki, üzülməsin Turan bacım da,
De ki, baxmasınlar bu haya küyə.
Tiflisin yolları vərəmliyibdi,
De ki, gələ bilməz indi Bakıya.

Demə, halı pisdi, hərbi həkimlər,
Yaxşı dolanmırlar 24 yaşla.
Acı dərmanları, acı həbləri,
Ona içirirlər dava, dalaşla.

Məndən salam demə nar ağacına,
Demə, qan rəngində qanı qaradı.
Nalbənd ağacıyam indi bu saat,
Ümidsiz yollarım Naxçıvanadı.

Gecəsi-gündüzü qarışıb daha,
Demə, ümidi yox dura ayağa .
Nə Ay aylığında, öz yerindədi,
Nə də Günəş düşür soyuq yatağa.

Məndən salam demə yada, yaxına,
Onsuz xeyri yox mində birinin.
Ağızdan çıxanı yellər aparır,
Salamın almırlar “xalq düşməni”nin.

Ata “xalq düşməni” oğul vərəmli,
Ana, and verirəm atam Hüseynə.
Eşit, qurban olum, son xahişimi,
Məndən bir kimsəyə salam söyləmə.

***

Məndən böyük şair olarmı…

Eldar Baxış

Sən böyük şairsən, dostum, qardaşım,
Sən böyük şairsən, sənə min alqış
Allah qəni-qəni rəhmət eləsin,
Allah rəhmət eləsin sənə, ay Eldar Baxış.

Allah rəhmət eləsin Sarı aşığa,
Allah rəhmət eləsin Nazim Hikmətə.
O biri dünyanı qoy Allah versin,
Valexo Sezar da gedib rəhmətə.

"Məndən böyük şair olarmı?" - dedin.
Sən azadlıq dedin, yalanmı dedin?!
Dediyin hər sözü düzünə dedin,
Gözünün içinə - üzünə dedin.

"Niyə getmək olmur Vyetnama?" - dedin,
"Niyə getmək olmur Parisə?" - dedin,
"Niyə getmək olmur Təbrizə?" - dedin.

Yarpaq yaşılını tanıyır indi,
Tanıyır zairli, tanıyır çinli,
Yazıq fələstinli, suriyalı da,
Yaxşı tanıyırlar səni, ay qardaş.

Sən umudun oğlu, Baxışın oğlu,
Bir uzaq kəndlinin sarışın oğlu,
Dinclik tərəfkeşi - barışın oğlu.

Cılız şairlərin quluncu qırıq,
Səni sevə bilməz ha bu şairlər.
Bu xala şairlər, bibi şairlər,
Naftalin şairlər - zibil şairlər.

Səni sevə bilməz qoyun şairlər,
Adı qulağına dəyən şairlər,
Aşsüzən şairlər, ləyən şairlər.

Hər həftə qəzetdə üzən şairlər,
Ucuz yeməkxana, çay evlərində.
Dartına dartına gəzən şairlər,
Sənin yerişini yeriyə bilməz.

Sən böyük şairsən, ay Eldar Baxış,
Sən böyük şairsən, dostum, qardaşım,
Sən böyük şairsən, sənə min alqış.

***

Melisanın adına bağışlayıram

Nəvəmlə gəlirəm hər gün məktəbdən,
Məktəbin önüdü - gözləmə zalım.
Yaş ötüb, hərdənbir çıxıram təbdən,
“Yenə harda qaldı şəkərim, balım”.

- Günaydın, gül balam, neçə dərs keçdin,
Bəs niyə gec qaldın dünənki təki.
- Tənəffüs indicə bitdi, ay baba,
İndicə vuruldu bu dərsin zəngi.

Hələ ki, yaşları bir rəqəmlidi,
Hələ sevimlidi müəllimləri.
Çantasında su kimi, kətə kimi,
gəzdirir “sağ ol”u, “afərin”ləri.

Ağır çantasını alıb çiynimə,
Keçirik hər fəsil qışı, payızı.
Keçirik zolaqlı işıqfor yoldan,
Bir gün yaşıl olur, bir gün qırmızı.

Uşaqlar böyüyür məktəb yolunda,
tükənir dəftərdə iz hələm-hələm.
Uşaqlar böyüyür, amma yenə də,
Oyuncaq görünür əlində qələm.



Qaşaltı lövhələri...

1.

Qaşaltıda səkilər çoxdan tanışdı sənə,
Şəklini tanıyır abelya çiçəkləri.
Ağappaq ləçəklərin ətrini yayır külək,
Saçlarına su atıb bəlkə də, fəvvarələr.

Isveçrə üsulu ilə düzülən yeməklərin dadı qalmıyıb, düzü.
Başağrısından başqa bir şey deyil.
Səhər, günorta, axşam rejimlə yeyilən salat,
Dadını itirib mövsümü meyvələr də.

Rəngli işıqfor kimi,
Yaşıl boyanır hər yan, qəfil narıncı, sarı,
Yuxarı mərtəbələrdə reklamlar yanıb-sönür,
Əyləncə mərkəzində ... rok səsi doyuzdurur gecəni.

Cırtdanboy qızılgüllər,
Yol boyu yollaşan çinar ağacları,
Yerə yatımlı ardıc kolları, gözəl katalpalar
və butalı, butasız su mənzərəsi –
Arizon sərvidi Qaşaltının brendi.


2.

Arxamca sönür dəhlizində işıqlar,
Önümdə çilçıraq, qamaşır gözüm.
Düşüb ayağıma xalı, xalçalar,
Qapımı sim-sim açır, pəncərəni özüm,

Maaşların artımı, bir az idman günlüyü,
Yeməklərin çeşidi, adamların mövzusu.
Qəhvəyi izlər düşüb mərmər pillələr üstə,
Şərqdə də, Qərbdə də mazut qoxusu.

Türk hamamında yuyunur qaralar, ağlar,
Buxar qazanında bişir qərib arzular.
Ağzıgünə qalıb mini meydanda,
təklikdən darıxan bəzəkli toplar.

Şüalar, dalğalar, yeni metodlar,
üstələyib itburnunu, gicitkəni, kəvəri.
Nöyüt qoxusundan qaçan adamlar,
Nöyütlə yuyurlar bədənlərini.

Başıbağlı xalatda kürklü qadınlar,
gah belindən, ayağından gileyli.
Əcnəbi kişilər - tütün kişilər
uzadır vaxtını əyləncələrin.

***

Bu gün səhərə yaxın ...
sübh yazısı oxuyuram bu gecənin sonunda,
min ilin yuxusuzu, gözlərim qan ağlayır.

Gözlərim acışır, kirpiyim yaşdı,
Oda qalanıb odam, boğuluram tüstünə.
Əllərinin şəklini göndər mənə, gözəlim,
Öpüb qoyaram hər gün gözlərimin üstünə.

Pəncərədə pərdələr lay-lay ikiqat olub,
Boylanıram divarda lələkli tablolara.
Çöldəki ağacların gözünü yağış tutub,
"Şabran" oteldə sərvlər əski nəğmə oxuyur...

Əzizinəm, qol-boyun,
Uzundan uzun boyum,
Qarğıyım, anan ölsün,
Gəlim, sənnən oynuyum.

***

Bu gecənin 60-dan sonrakı bəlli yaşımda
yanımda əyləşən,
çiynindən teli sürüşən,
qələm qaşlı mələk qızına gülürdü uşaqlar.
Bir də,
“Bravo”nun gülər gözlü hizmətçi qadını.

Qaşqabağı yer süpürürdü qonşu stolda,
lal-kar adamlar,
kafedəki adamlar.

Elə həmin gün üzü gecəyə,
Gimnast arenasından bir az aralı,
Xırdalandan gələn telefon zənginə,
qəhqəhə çəkirdi yaxınlıqda köhnə araba.
Bir də,
“Bravo”nun gülər gözlü hizmətçi qadını.

Uzun qış gecəsiydi...
Məcnun sərvin adına ağız büzürdü adamlar,
Talenin gülüşünə bələnirdi vitrindəki manikenlər,
Bir də,
“Bravo”nun gülər gözlü hizmətçi qadını.

***

Küçə-küçə gizlənirdi öz adım,
Tələbəydi,
hər addımım, hər izim.
təzə-təzə yol alırdım sevgiyə.

İçimdəki sevgilərim yaşa doldu,
Günlər keçdi, aylar oldu.
"Sevgi" adlı bu ünvanın əsl adı bəlli oldu,
"Sevgi" adlı bu ünvanın əsl adı Leyli oldu.

Pambıq-pambıq ağardırdı ümidimi,
O günüydü, payızıydı, yazıydı.
O gün mənim "sevgi" adlı ünvanıma,
Bu talenin yazacağı müdhiş alın yazıydı.

Qorxa-qorxa sökülürdü dan yeri,
Ümidsizdim...
sarı-sarı qamaşırdı gözlərim,
Barmağında qızıl ilan yatırdı.

O günüydü, payızıydı, yazıydı,
O gün mənim "sevgi" adlı ünvanımı,
viran qoyan qapqaraca kağızıydı...


***

Sabun iyi bürümüşdü şəhəri,
Sabir küçəsinin qanı qaraydı.
Tiyanını qalayırdı qırçılar,
Köpük-köpük bərkiyirdi damcılar,
Xəcalətdən tər tökürdü buludlar.

“Hophopnamə” vərəq vərəq uçurdu,
Gəncə çayı qurutmuşdu suyunu.
Susuz idi dəyirmanı quşların,
Bir zəmidə sürülməmiş şum idim.

Kəsik-kəsik səslənirdi qayçılar,
Qırılırdı sevənlərin qələmi.
Hörük-hörük qısalırdı saçları,
Hönkür-hönkür ağlayırdı söyüdlər.

Ay üzünə yaş tökürdü hörüklər,
Siyah-siyah xallanırdı döşəmə...
Bir sevdanın qara düyün günüydü,

Saçlarını kəsdirdiyin günüydü.

***


***
Bir dostum qürbətdən yazmışdı ki, bəs
Filankəs bəy küçə süpürür Amsterdam şəhərində.
Oturum alacaq neçə il sonra.

Sarı gödəkcədə, parlaq geyimdə
Şəhərin
Maşınları şütüyən küçələrində,
Adamları səllimi gəzən səkilərində,
“Qırmızı diplom”lu neçə oğlan..
Rəngəbərəng təmizlik qutuları
axşamı, erkən səhəri
Təmizlik işçiləri ağlıma gəldi.
Ağlıma gəldi ki, qərib peşəsidi süpürgəçilik.

***
Dünən bir məclisdə şərabçı dostlar,
Rus arağı içdilər.
Gürcüstan çaxırı içən də vardı,
Bəs kimlər içəcək bizim araqları,
çaxırı?
Üstünə it hürüb elə bil,
nə olacaq bizim şərabçıların axırı?










# 193 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər