Hansı romanlarımıza serial çəkilsin? - SORĞU

Hansı romanlarımıza serial çəkilsin? - <span style="color:red;">SORĞU
5 aprel 2017
# 11:32

Romanlar əsasında Amerika və Türkiyədə seriallar çəkilir və maraqla da qarşılanır. Bəs hansı Azərbaycan romanı əsasında serial çəkilsə maraqla qarşılanar?

Kulis.Az bu barədə sənət adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Rejissor Əli İsa Cabbarov

“Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Əli və Nino” , “Studentlər”, “Fətəli Fəthi”.

Yazıçı İlqar Fəhmi

Ən böyük arzum “Dəli Kür” romanı əsasında tarixi serialın çəkilməyidir. Neçə dəfə aidiyyatlı qurumlar qarşısında bu xüsusda məsələ qaldırmışam. Yəqin ki, həll olunar. Gözəl romanlarımız çoxdu. Amma “Dəli Kür” kimi tarixi koloriti zəngin təqdim edən əsərlər azdı. Həm də romanın strukturu baxımından serial ssenarisinin tələblərinə cavab verir... Düzdü filmi var, gözəl də çəkilib. Amma roman tam olaraq filmə sığışmır. İxtisarlar çox olur. Serialda isə romanı tam əhatə etmək olar.

Şair Qismət

Rəhmətlik Tariyel Vəliyevin çəkdiyi televiziya tamaşaları vardı, onları müəyyən bugünkü sitkomların, yaxud serialların rüşeymi saymaq olar. Müstəqillik dövründə bu sahədə sərbəst inkişaf etməliydi, amma alınmadı. İndi çəkilənləri uğurlu saymıram, çünki serial kütləvi şəkildə reaksiya doğurmalıdır, çağdaş təbirlə desək, "tutmalıdır." İntizarla davamını gözləyənlər olmalıdır, fan klubları yaranmalıdır, bizdəkilər daha çox hesabat vermək üçün görülən işlərdir. Serial kimi müasirləşdirilmiş variantda Yusif Vəzir Çəmənzəminlinin "Studentlər"ini işləmək olar, sonra tutalım, Süleyman Rəhimovun cild-cild əsərləri hazır xammaldı, sujeti, intriqanı, ayrı-ayrı epizodları götürüb, yumor qatını bərpa eləyib nəsə çıxartmaq olar.

Yazar Cəlil Cavanşir

Azərbaycanda Elxan Elatlının, Varisin, Müşfiq Xanın romanları əsasında serial çəkilə bilər. Çünki bu müəlliflərin romanları kütlə tərəfindən qəbul edilir, sevilir, oxunur. Serial populyar mövzuda olanda maraq çəkir. Eyni zamanda Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” seriala uyğundur. Aqil Abbasın müharibə mövzusunda qələmə aldığı “Dolu” romanı və “Allahı qatil edənlər” povestini birləşdirib, Qarabağ mövzulu seriala çevirmək olar. Gənclərdən Cavid Zeynallının “Leyla” romanı, Mirmehdinin “Bu gün səbr elə” povesti serial üçün uyğundur. Qarabağ mövzulu serial üçün Şərif Ağayarın hekayələri, "Kərpickəsən kişinin dastanı" povesti istifadə edilə bilər.

Yazar Sevinc Elsevər

S.S. Axundovun “Qaraca qız” hekayəsi əsasında uşaqlar üçün cizgi serialı çəkmək olar. Dünya ədəbiyyatından "Səfillər", "Heidi ", “Don Kixot “ və s əsərlər əsasında cizgi seriallar çəkilib. Mənim “Şəhər” romanım əsasında “Qız yükü” adlı serial çəkilib, məlumatınız var. Bildiyimə görə, onda Şərif Ağayarın “Haramı” romanı əsasında da serial çəkməyi düşünürdülər. Sadəcə “Haramı” romanını sseanirləşdirsəydilər, çox xərc lazım olacaqdı. Orda döyüş səhnələri var, məsələn. Adətən serialların büdcəsi filmlərin büdcəsindən az olur. Bizdə isə daha az olur. Serial yaradıcıları elə əsərləri seçirlər ki, az büdcə ilə çəkmək mümkün olsun. Bir də əlbəttə, o əsərləri seçirlər ki, həmin əsərlər ekran dramaturgiyası ilə səsləşir. Ekran dramaturgiyası ilə səsləşməyən əsərləri çəkmək mümkün deyil. Demək istəyirəm ki, heç də bütün romanlar əsasında film, yaxud serial ssenarisi yazmaq mümkün deyil. Ümumiyyətlə, sizin bu sualınız göründüyü qədər də sadə sual deyil. Xüsusən kinematoqrafiya sahəsindən, ekran işindən başı çıxan adamlar üçün.

Yazıçı Əyyub Qiyas

Serial telejanr olduğu üçün gündəlik xarakter daşıyır. Adaptasiya edilib müasirləşdirilib çəkilməsi mümkün olan romanlar var. Məsələn, Əlibala Hacızadənin, Salam Qədirzadənin, Vidadi Babanlının romanları əsasında maraqlı və reytinqli serial çəkmək olar. Vəsait olsa “Dəli Kür”ü də çəkmək olar. Bunlar “sabun operası” (“mılnaya opera”) üçün maraqlıdır. Yaxşı mənada, teletələblərə görə. Amma ciddi serial üçün məncə “Yarımçıq əlyazma”, “Mahmud və Məryəm”i çəkmək olar, təbii vəsait lazımdır. Əli Kərimin "Pillələr" romanı var, onu da işləyib yaxşı serial eləmək olar. Bütün hallarda mətnlər adaptasiya olunmalı, yenidən işlənməli, serial tələblərinə cavab verən hala salınmalıdır.

Rejissor İntiqam Hacılı

Əslində müəllif ssenariləri əsasında çəkilən seriallar da həmin ssenaristlərin oxuduqları romanlardan qidalandıqlarıdır. Yəni ədəbiyyat oxumayan kinematoqrafçı hekayə danışmaqda daim çətinlik çəkəcək və qeyri-peşəkar görünəcək. Serial ssenarisi yazan şəxslər də həmçinin. Mən “Qız yükü”nü Sevinc Elsevərin ''Şəhər'' romanının motivləri əsasında çəkmişdim. İndi üzərində işlədiyim serialın isə ssenarisi tam özümə məxsus olsa da, mövzuya oxuduğum Azərbaycan ədəbiyyatının təsiri var. Amma istərdim Mirzə Cəlilin və Əkrəm Əylislinin əsərlərinin əsasında ayrıca bir süjet xətti qurum. Müasir dövrə adaptasiya etməklə əla dram yaratmaq olar. Konkret isə serial istehsal edənlər bayağı mövzulardan qurtulmaq istəyirlərsə, 60-80-ci illər ədəbiyyatımızda yazılan romanlara müraciət edə bilərlər. Əksəriyyəti serial süjetidir. Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Salam Qədirzadənin və başqa yazarların əsərləri hazır süjet xəttidir seriallar üçün. Amma Şamo Arifin “Qınamayın məni” və M.C.Paşayevin “Dirilən adam” romanlarından əla serial mövzusu etmək olar.

Teletənqidçi Elçin Əlibəyli

Ruslar bu yaxınlarda “Sakit Don”, “Gənc qvardiya”, “İdiot” romanlarını yenidən seriala çəkdilər. Bundan da əlavə Admiral Kolçak və Çapayev haqqında seriallar çəkildi. Postsovet dövründə bu cür şəxsiyyətlərə yenidən baxış çox vacibdir, çünki onlar hər nə qədər zidd mövqedə dayansalar da hər biri Rusiyanın bir üzü, bir rəngi, bir sifəti idi. Çox da gözəl alındı. Onlar düşünürlər ki, bu bizim ədəbi irsimizdir, qəhrəmanlıq salnaməsidir. Hansı ideologiyaya xidmət etmələrinə baxmayaraq, bu qəhrəmanlar Rusiya uğrunda mübarizə ediblər. Biz müstəqillikdən sonra Sovetdən qalma ənənələrin üstündən xətt çəkdik. Bütün hallarda bədii ədəbiyyatla kinematoqrafiya üst-üstə düşmür. Ancaq bizim kimi ölkələrdə belə layihələr çox uğurlu və eyni zamanda lazımlıdır. Mən istəyərdim ki, Azərbaycanda da bu cür seriallar çəkilsin. Bizim istər klassik, istərsə də müasir əsərlərimiz əsasında seriallar çəkmək olar. Ailə-məişət. Bu gün bu mövzu çox aktualdır. Serial ailə modeli təqdim edir. Biz isə ailə modeli təqdim eləməmişik hələ. Hazırda ailələrin dağılması, konfliktlər, münasibətlərin gərginləşməsi məsələsi hamımıza məlumdur. Sovet vaxtı kinematoqraflara görə, serial model təqdim etmək demək idi. Gəlin etiraf edək ki, serial populyar sənətdir. Bu mənada Azərbaycan ədəbiyyatından Əlibala Hacızadənin, Anarın əsərlərinin serial variantları ola bilər. Mən “Qətl günü” romanını serial şəklində görmək istəyirdim. Anarın “Sizsiz”i əsasında da serial gözəl olardı. Klassik ədəbiyyatdan da serial çəkmək mümkündür. Ruslar “Sakit Don”dan serail çəkə bilir, biz “Dəli Kür”dən çəkə bilmirik? Düzdü, film çəkilib, ancaq serial insanlarda yeni baxış yaradacaq. Məsələn, “Təhminə və Zaur”dan serial çəkmək kimin ağlına gəlib? Tutarlı mövzudur, maraqlı gələr insanlara. “Əli və Nino”ya serial çəkmək necə? Film çəkildi və mən bunu çox gözəl hadisə hesab edirəm. Ancaq serial çəkilməsi də mümkündür. Düşünürəm ki, bütün mənalarda serial yaradıcılığının özü müstəqil olmalıdır.

Yazar İmir Məmmədli

Bizdə çəkilən seriallara baxa-baxa məndə belə bir fikir formalaşdı: hələ azərbaycanlı rejissorlar və aktyorlar serial yükünü çəkməyə, yəni serial çəkməyə hazır deyillər. Güman ki, bu gələcəyin işidir. Arzuya gəldikdə... İstərdim İsa Muğannanın "İdeal" romanının əsasında azərbaycan serialı cəkilsin. Zənnimcə, Cəlil Məmmədquluzadənin həyatı və əsərləri əsasında da gözəl serial çəkmək olar...

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

# # #