Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan “Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirilib.
Kulis.az xəbər verir ki, tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə əvvəlcə vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Türkan Əliyeva və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantı Atilla Kazımlı Qarabağ hadisələri, Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Xocalı soyqırımının canlı şahidi, erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Dürdanə Ağayevaya ithaf olunan bu tədbirdə onun qardaşı, Azərbaycan Respublikası Şəhid ailələrinə qayğı cəmiyyətinin Xocalı rayon şöbəsinin sədri, qazi Eldəniz Ağayev həm ailəsi ilə bağlı xatirələrini bölüşüb, həm də o dəhşətli gecədə baş verən faciənin acı və ağır həqiqətlərindən söz açıb.
Daha sonra “Əsirlikdə 8 gün” adlı bədii-sənədli film nümayiş olunub.