Vüqar Yusubov... Bu ad uşaqlığı mənim kimi 90-ların əvvəlinə düşənlərə güman ki, heç nə demir. Ən yaxşı halda, sonralar haqqında bir-iki cümlə eşitmişik, ya yox! Amma ekrana-efirə yaxın düşməyən bu adam bizim ağlımızın kəsməyən vaxtında əfsanə olub, adı, mahnıları dildən-dilə, ürəkdən-ürəyə gəzib. “Təbriz” mahnısı kimi... Onu birtəhər tapıb müsahibəyə razı salanda haqqında bir-iki həmkarımdan soruşdum və təxminən eyni cümlə eşitdim: o, haralardadır, nə işlə məşğuldur, niyə birdən-birə itdi?!
Adama elə gəlir, Vüqar dərviş həyatı yaşayır, bu dünyanın adamı deyil. Əli böyük pullara, adı böyük şöhrətə çatıb, amma tale göstərdi ki...
Tale göstərdi ki, Vüqara nə pul, nə şöhrət lazımdır. İnciməsə deyərdim, ona nə lazım olduğunu heç özü də bilmir...
Bir vaxtların əfsanəsi Vüqar Yusubovun APA-ya müsahibəsini təqdim edirik.
- Vüqar müəllim, sizi çox çətinliklə tapdım. Ən yaxın dostlarınız dedilər, Vüqar gündə bir nömrə dəyişir, lazım olanda, bizim də əlimiz çatmır...
- Düz deyirlər! Mən bir nömrəni çox işlətmirəm. Nömrəm ki, çox adama yayıldı, zəng edib bezdirirlər, yorurlar. Məsələn, gecə saat dörddə zəng vurub mənasız-mənasız danışırlar. O, lazımsız adam, mən də ailəli. Ona görə belə adamlardan kənar durmaq üçün tez-tez nömrə dəyişirəm. Amma ən yaxın dostlara özüm zəng vururam ki, indi bu nömrəni istifadə edirəm, lazım olsam, bura zəng edin. Axırıncını 20 gün əvvəl dəyişmişəm. Çox adam bilən kimi bunu da çıxarıb atacağam.
- 80-ci illərdə əvvəl “Şəms” sonra “Təbriz” qrupunda sizin çox məşhur və imkanlı vaxtlarınız olub. Mən o vaxt uşaq olmuşam, xatırlamıram, amma dedilər, Vüqarın əfsanə olan vaxtları vardı. Bu haqda danışacağıq. Əvvəlcə bu suala cavab verin: efirə niyə çıxmırsınız?
- Kəsə deyim, istəmirəm! Zəhləm gedir efirdən. Ümumiyyətlə, şou verilişi mənlik deyil. Müğənninin alt paltarını camaata göstərən kanallara necə çıxım? Könül Kərimova mənə yaxın adamdır, dostumuz, yoldaşımızdır. Verilişinə dəvət eləyəndə, soruşdum, kiminlə efirə çıxacağam?! Çənəsinin ucunda saqqal saxlayan bir müğənninin adını çəkdi, dedim, Könül, mən o adamla bir divanda necə oturum?! Deyirlər, sən nə qəribə adamsan, camaat pul verib efirə çıxır, özünü reklam edir, səndən xahiş edirik, gəlmirsən. Cavab verirəm ki, qardaş, reklam mənlik deyil, xoşlamıram.
- Cənnət Əliyevin “Təbriz” qrupu necə yarandı?
- Bizim qrupun adı əvvəl “Şəms” idi, 1989-cu ildə Cənnət Əliyev təklif etdi ki, “Təbriz” qrupu yaradaq. Getdik Sverdlovska, Cənnətlə görüşdük, qrupun adı dəyişildi. O vaxt bizi İlqar Əlfioğlunun “Dalğa” verilişinə dəvət etdilər, Təbriz mahnısını oxuduq. Həmin verilişin iki aparıcısı vardı - İlqar Əlfioğlu və Yusif müəllim. İlqar müəllimlə də çoxdandır görüşmürük.
- Nə vaxtdan məşhur olmağa başladınız?
- 1987-ci ildən tanınmağa başladım. Efirə-filana çıxmamışdım, camaat elə kasetlərdən mahnılarıma qulaq asırdı, toya çağırırdı. O vaxt Bakıda 20 gün dalbadal konsert vermişəm. Keçmiş Lenin sarayından başqa demək olar ki, hər yerdə konsertim olub. Təsəvvür edin, Lenin sarayında biletlər 3 rubl idi, bizim biletlər 7 rubla satılmışdı. Kasetlərimizi özümüz “Vesna” maqnitofonla yazırdıq, studiyamız, heç nəyimiz yox idi! Cənnət Əliyev bizə qulaq asıb müavinini göndərmişdi ki, razıdırlarsa, gəlsinlər, onlara hər cür şəraiti yaradacağam, bir yerdə işləyək. Təsəvvür edin, Cənnət pulun pul vaxtında bizə 350 min pul xərclədi. “Jiqulu” o vaxt 9100 rubl idi. Cənnət təkcə mənə 19 min rubla Yaponiyadan “Roland” markalı “udarnik” gətizdirmişdi, həmin “udarnik”dən heç Moskvada yox idi. Sərxan Sərxanın ansamblı o vaxt filarmoniyada məşq edirdi, bizim bədii rəhbərimiz Şakir Quliyev apardı ki, bunu bizə başa salın. Onlar bilirsən, nə dedi? Dedilər, biz heç bundan görmüşük ki?! Cənnət o vaxt Yaponiyaya fındıq qabığı göndərirdi, yaponlar onu presləyib mebel düzəldirdilər. Bu, ən bahalı mebel sayılırdı. Allah Cənnətə rəhmət eləsin! Siz onun necə milyonçu olduğunu bilirsiniz?!
- Deyin, bilək...
- Cənnət Əliyev fındıq qabığının, şaftalı tumunun, biyan kökünün hesabına milyonçu olmuşdu. O vaxt bu biznesi heç kim bilmirdi. Kim deyirsə, Cənnətin restoranı, mağazası, obyektləri vardı, inanmayın. Naxçıvandan Yaponiyaya beş-on vaqon biyan kökü, itburnu vururdu, onun pulunu yığıb-yığışdırmaq mümkün deyildi. Məsələn, Naxçıvanda bir uşağa üç rubl verirdi, üç kisə itburnu yığırdılar. Azərbaycanda ilk dəfə kompüter alveri edən, Tibb İnstitutuna ilk kompüterləri gətirən Cənnət olub. Özü də o, evdə pul saxlamazdı. Bir dəfə Sverdlovskda maskalı adamlar evinə girib, tapançanı başına dirəmişdilər ki, pulu gətir. Evdən bir qəpik tapa bilməmişdilər, axırda məcbur olub iki kasetli maqnitofonu aparmışdılar. Onun bütün sərvəti bankda, dövriyyədə idi. Ümumiyyətlə, özü cibində pul gəzdirmirdi.
- Cənnətlə yollarınız nə vaxt ayrıldı?
- Bizim bədii rəhbərimiz Şakir Quliyevin qardaşı Rusiyaya pomidor vurmuşdu, sata bilmirdi. Şakir Cənnətə dedi, kömək edin, bunu sataq, zay olmasın. Cənnət də əsəbiləşmişdi ki, mən pomidor işinə baxıram?! Şakiri qovduğuna görə mən Cənnətin kabinetinə girdim ki, bizim ansamblımızı Şakir yaradıb, ya onu saxlayırsınız, ya da mən gedirəm. Cənnət də qabağından yeyən adam deyildi, cavab verdi ki, çıxırsansa, yaxşı yol! Ondan sonra bizim gitaraçalanımız Musa Musayevi müğənni elədi. Bizim hamımız çıxdıq, Musa qaldı. O vaxt Cənnət “Bakı” mehmanxanasının on altıncı mərtəbəsini bütöv alıb, ofisi eləmişdi. Cabbar Musayev Niyaməddin Musayevin yanında işləyirdi. Cabbarı da qruplarına cəlb elədilər, 30 minlik sintezatoru görən kimi əmisi Niyaməddini atdı.
- Cənnət müflisləşəndən sonra bir-birinizi itirib-axtardınız?!
- Ölənə qədər Cənnətlə əlaqəmiz vardı. Dəlixanada olanda da yanına gedib-gəlirdim. Binədə yerdən, balaca həyət evi vardı, orda yaşayırdı. Vaxtilə o qədər pulu olan adamın siqaretini dost-tanış alırdı.
- Pulu başından aşan vaxtlarda Bakıda ev-eşik, mülk almamışdı?!
- Hesabını götür, 1994-cü ildən 2014-cü ilə qədər bir yerdən qara qəpik gəliri olmayan adamın necə pulu ola bilərdi?! Rubl dəyərdən düşəndən sonra Cənnətin demək olar, heç nəyi qalmadı. Tutalım, o boyda pullar oldu bizim 100 min manat. Özünə ev, qardaşına maşın aldı, yerdə qalanını da xərclədi. 100 min nədir ki, onu 20 ilə xərcləyib qurtarmasın?! Axırıncı dəfə ad günündə Zabratda restoranda oturmuşduq, gördüm, Cənnət day əvvəlki adam deyil. Dəlixanaya düşüb-çıxandan sonra onda psixoloji problemlər yaranmışdı...
- O vaxt “Qulp” proqramına çıxmışdı. Onda mənə normal təsir bağışlamışdı...
- Mübariz Əsgərov onu “Qulp”a qəsdən, “prikola” tutmaq üçün çıxarmışdı. Ondan əvvəl də bir dəli şairi çıxarmışdı, şeir oxutdurdu. Nə isə, görürəm, nə demək istədiyimi başa düşürsünüz...
- Gəlin, Sizin haqqınızda danışaq...
- Bunu da deyim, söhbəti bağlayaq. Maştağada yanına getmişdim, Cənnət yastığın içini yüzlük dollarla doldurub, yatırdı. O qədər pis vəziyyətə düşmüşdü, gözü o qədər qorxmuşdu, pulu heç kimə etibar etmirdi. Yoldaşı öləndən sonra erməni qızı ilə evlənmişdi, uşağı olmadı. Ara qarışanda boşadı. Azərbaycanlı yoldaşından bir oğlu olmuşdu, qadın rəhmətə gedəndən sonra oğlu ilə tək yaşamağa başladı.
- Özünüzdən nə danışmaq istəyirsiniz?
- Heç nə! Nə danışım e, özümdən?! Adam var, dərdi-səri çoxdur, danışıb yüngülləşmək istəyir...
- 90-larda məşhurluqla bağlı başınıza gələn maraqlı hadisə olub?!
- Olub, amma danışsam, adamlar fikirləşər ki, Vüqar özündən çox razıdır, özünü çox tərifləyir.
- Adamlar fikirləşməyində, Siz danışmağınızda olun...
- Mənim tanınmağım efir məşhurluğu olmayıb. Kim sevibsə, kasetdə mahnılarıma qulaq asıb, sevib. Bir dəfə kafedə çörək yeyirdik. Qonşu masada bir oğlan oturmuşdu, yerin məlum, babat da vurmuşdu. Görürəm, öz-özünə deyir ki, mən bu Vüqarı haradan tapa bilərəm, necə onunla görüşmək olar?! Əvvəl elə bildim, zarafat edir. Sonra məlum oldu ki, adam həqiqətən məni görməyi arzulayır. Onu öz masamıza dəvət etdik, dostum dedi, elə səninlə üzbəüz oturan adam Vüqardır dənə... (Gülür). İndi adamı inandıra bilmirəm ki, vallah, mən Vüqaram, billah, Vüqaram. Bir dəfə də rayona toy söz vermişdim, tarixi tamam yadımdan çıxıb, getmişəm Rusiyaya. Ev yiyəsi dəvətnaməni də paylamışdı. Bəy toyu təxirə salıb ki, Vüqar gəlməsə, toy olmayacaq. Toyu doğrudan da təxirə saldılar. Məni də bir həftə əvvəldən kəndə çağırdılar, otağa salıb yeməyimi-suyumu verdilər, qapını bağladılar ki, qaçıb eləməyim, göz qabağında olum.
- Vaxtilə Sizə qibtə edən adamlar fəxri ad aldılar, pul-para yiyəsi oldular...
- Ədalət Şükürov Habil Əliyevə deyib ki, dünən əməkdar artist adını aldım, Habil də qayıdıb ki, onlar verirdi-verirdi, bəs sən niyə götürürdün?! (Gülür)
- O əhvalat Canəli Əkbərovla olub...
- Yox, Ədalət Şükürova deyib. Deməyim odur, fəxri adın mənə nə isti-soyuğu var?! O dövrdə də toya gedirdim, indi də! Ad mənim nəyimə lazımdır?!
- Vaxtilə yoldaşlıq etdiyiniz insanlardan indi tanınmış sima olanları kimlərdir?!
- Məsələn, Səyyad Aran bizim konsertlərin proqramını oxuyurdu, bizi təqdim edirdi. Sonradan “Səs” qəzetinə redaktor düzəldi, Türkiyədə konsul oldu. İndi özünün də, övladlarının da vəziyyəti yaxşıdır, Allah həmişə yaxşı eləsin! Elxan Şirinov rayonda ingilis dili müəllimi işləyirdi, sonra Respublika Sarayının qabağında “Yubiley” restoranında oxuyurdu. Başqa cür çıxmasın, mən dalbadal oxuyub yorulanda, Elxan Şirinovu yerimə çıxarırdım ki, bir az istirahət edim. Xanım İsmayılqızının dörd mahnısını oxumuşam. O vaxt bir mahnını ikimiz duet oxuduq, kasetə yazıldı. Amma heç kim bilmədi ki, oxuyan Xanım İsmayılqızıdır. Yoldaşından ehtiyat etdiyinə görə, adının bilinməsini istəmirdi.
- “Gülümsə” mahnısını Sezen Aksu...
- Bildim nəyi deyirsiniz. Bəli, “Gülümsə”dən sonra Sezen Aksu yazmışdı ki, bilsəydim, məndən sonra bu mahnını belə oxuyan olacaq, heç oxumazdım. Daha doğrusu, Sezen Aksu zəng edib, tanımadığım nömrə olduğuna görə cavab verməmişəm. Sonra prodüser Yalçına yazıb. Axırda da yazıb ki, Azərbaycana salamlar. Bir əhvalat da danışım: Dubayda idim, evdən zəng vurdular ki, Türkiyədən Sərdar Ortac səni axtarır. Prodüseri ilə danışdım, məni bir həftəlik qonaq çağırdı. Sərdar Ortac mənim yanımda musiqiçilərinə dedi ki, Azərbaycanda müğənnilər, mahnılar var, Türkiyəni cibinə qoyar.
- Bizim müğənnilərdən kimi bəyənirsiniz?
- Röyanın öz yolu var deyə, onu çox bəyənirəm. Özü də kişi kimi adamdır, heç kimi yamsılamır. Aygün Kazımova ilə mənim aramdan su keçmir, amma üzünə deyirəm ki, Röya səndən yaxşı oxuyur. Düzdür, incisə də büruzə vermir, amma olanı demək lazımdır. İlqar Muradovun sənətindən ötrü ölürəm. Məsələn, Əli Bayramlıdan Kamandar var, siz onu tanımırsınız, Kamandar başqa aləmdir. Məleykə Əsədovaya deyirəm, sən oxuma, yeddi not var, sən o notların heç birində oxuya bilmirsən. (Gülür).
- Dolanışıq necədir?
- Acından ölmürəm! Yalandan desəm, dünyanı dağıdıram, bağ belə, bostan belə, yox. Heç nədən şikayətim yoxdur.
- Ev-eşik var?
- Var, Allaha şükür. İndi adamı maşına görə tanıyırlar, mənim lap əvvəldən maşından zəhləm gedib. Nə sürə bilirəm, nə də öyrənmək istəyirəm. Həzrəti Abbas haqqı, ad günümdə dostum gətirib maşın bağışladı, açarı qaytardım özünə ki, vermiş kimisən. Mənim cibimdə on manatım olmaya bilər, amma tanıdığım adamların arasında hörmətim var. Məsələn, İmişli toylarına pulsuz gedirəm. Tanımadığım adamlar var, deyir, arzumdur ki, uşağın toyunda sən oxuyasan, inan, gedib oxuyuram, bir qəpik almıram. Mən həyatda hər şey görmüşəm: böyük pulları da, qadınları da, şöhrəti də! Sabah ölsəm, həyatdan nakam getməyəcəyəm. Bircə narahatlığım odur ki, balalarıma nə isə eləmədim. Onlara gərək bir şey qoyub gedərdim. Açıq deyim, indi qabaqkı dövr deyil, əvvəllər qazandığım pulları qazana bilmirəm. Novxanıda beş sot torpağım var, ona hasar çəkdirə bilmirəm. Böyür-başı hamısı villadır, səkkiz ildir mənim torpağım qalıb boş-boşuna. Toya gedirəm, bir tikə çörək yeyə bilmirəm ki. Axşam evə gəlib mərci supu, düyü supu içirəm. O qədər yeyib-içmək, kef-damaq görmüşəm, indi o kabab var ha, onu ürəyim götürmür.
- Ailəniz İmişlidə yaşayır?!
- Uşaqlara görə ailəmi məcbur olub aparıb qoydum İmişlidə. Təhsil naziri dəyişəndən sonra təzə qayda qoydu ki, qeydiyyatda olmayan adamlar pullu liseydə oxuya bilməzlər. Mən də məcbur olub uşaqları apardım rayona. Nə isə... Bilirsən, mənə böyük pullar təklif edən adamlar olub, heç birindən bir qəpik götürməmişəm. Mən Sabirabadlı Hikmətin toyunda oxuyan adamam, heç kimin qəpiyinə ehtiyacım yoxdur.