Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 18-19 oktyabr tarixlərində Adanada keçiriləcək IV Şəhər Teatrları Görüşü Festivalında ölkəmizi təmsil edəcək.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət festivalda “Zəng” mono-tamaşası ilə çıxış edəcək.
Adana Şəhər Teatrları İdarəsi tərəfindən təşkil ediləcək festivalın əsas məqsədi müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə nail olmaqdır.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri ailədə valideynlərə olan münasibətdən bəhs edir.
16 oktyabr 1 noyabr tarixlərini əhatə edən festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda 18 tamaşa ilə çıxış edəcəklər.
Qeyd edək ki, festival iki ildən bir keçirilir..