Bədənimin susqun anları

Bədənimin susqun anları
17 noyabr 2016
# 11:56

Kulis.Az Toğrul Musanın “Rasional və irrasional olmayanlar” yazısını təqdim edir.

Günlər bir-birini əvəzləyir və kiçik qayğılar bu silsilədə özünü elə böyük göstərir ki, sanki dünyanın hazırki ən böyük problemi onlardır! Nə qlobal istiləşmə, nə yer kürəsinin 10.000 il sonra boşaldılması planları, nə də Avropadakı miqrantlar mənə evin istiliyindən önəmli deyil. Bütün istilik sistemləri qoşulu vəziyyətdədir və evdə istilik yoxdur. Başqa vaxt evə girərkən, hiss elədiyim və duyduğum o səslər sən demə illuziyadan başqa bir şey deyilmiş.

Ana, ata, mənə göstərdiyiniz bütün qayğı və sevgi üçün sizə təşəkkür edirəm, amma bu kifayət eləmir. Nəsə çatmır, adını bilmədiyim o zəhrimarın yerini də bilmirəm. Ya da son illər ərzində baş verən hadisələrə göstərdiyim vecsizlik indi gündəlik yaşam tərzinin bir hissəsinə çevrilib ki, mən o əksikliyi bütün ruhumda hiss edə bilirəm. Əks halda məncə əsla heç bir əksiklik olmazdı və yuxarıda yazdığım o “nəsə çatmır” ilə başlayan cümləni yazmazdım. Musiqilər, filmlər, kitablar, rəsm əsərləri və daha nələr-nələr. Mənəvi olaraq heç biri o boşluğu doldura bilmir və özümlə qarşılaşa bilmirəm. Hardasa 9-10 yaşlarında ikən içimə sızan həmin hissi heç cürə ata bilmirəm. Nə ayıq, nə də ki, ayıq olmayan vaxtlarımda heç cürə tərk eləmir məni.

Tənhalığın dərk elətdirdiyi bir şey varsa, o da mənə indiyə qədər əslində heç nə eləmədiyim gerçəyidir. Bəlkə də eləmişəm, amma insan xislətinin standartlarına uyğun olaraq bu mənə kifayət eləmir.

İlk dəfə idi birinə qarşı nələrsə hiss elədim və bu məni kifayət qədər zülmə saldı. Lənət olsun! Mən yaşanan heç bir acıdan çəkinməmişəm, heç bir uçuruma əyilib baxmaqdan qorxmamışam. Elə bu dəfə də yaşadığım hər şey mənə zövq və xoşbəxtlik bəxş edir. Amma bu dəfə sanki tük qədər nazik bir ip üzərində gəzirəm. Sanki bir kəndirbaz kimi müxtəlif tryuklar göstərərək bu ipi sona qədər doğru getməyə çalışıram və hər dəfə bir bəhanə ilə aşağı baxmamaq üçün can atıram. Aşağılarda onun yoxluğu var bəlkə də, daha pis ehtimallar var bəlkə də və bəlkə də heç gözləmədiyim bir cavab var.

Onun gülüşləri sanki günəş kimidir. İllərdir buz tutmuş bir göl düşünək və həmin göl üzərinə bir sabah anidən doğan günəş düşünək. Günəşin bərq vuran şüaları həmin gölü əritməyə başladı.

Misal çəkilən bu metafora mənim üçün indilərdə ədəbiyyatdakı ən mükəmməl metaforalar siyahısındadır. Çünki başqa cür izah edə bilmirəm və qarşılaşdığım hazırki situasiya mənə yalnızca səbr eləməyi öyrədir.

Hər an çıxıb getmək ehtimalı var və bu halda yenə də səbr eləmək vacibdir. Əlbəttə ki, o günəşin bu məmləkətdə parıldaya biləcəyi başqa bir buz tutmuş göl yoxdur. İddialı çıxsa da düşüncələrim və hisslərim mənə bunu söyləməyə icazə verir. Eyni vaxt aralığında həm ona baxmaq, həm də gözləri ildırım sürəti ilə qaçırtmaq bəlkə də yaşayacağım ən gözəl paradoksdur. Görəsən necə inandıra bilərəm ki, danışmaq istədiklərimin hamısı hər dəfə arxasınca baxdığım o xırda zaman aralığında gizlidir. Və əslində isə mən lənətə gəlmiş susqunluğun heç də tərəfdarı deyiləm, sadəcə olaraq həmin an etibarı ilə bədənimin heç bir hissəsi sözümə qulaq asmır. Bunun adına hər nə deyilirsə desin.

Hərdən xoşbəxtlikdən ağlayacaq dərəcədə emosiyalara qapılıram, hərdən isə kədərdən qəhqəhələr atacaq qədər dərinlərdə oluram. Son nəticə isə heç cürə dəyişmir. Mən yenə bu yazıları yazıram, yenə də, gecəni səhərə çevirənə qədər düşünürəm və dan yeri sökülən zaman şəhərin bir ucundan digər ucuna şüuraltı olaraq səyahət edərək onun yanına gedirəm.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #