Kəs, bu şairin də dadına baxaq

Kəs, bu şairin də dadına baxaq
4 iyul 2014
# 10:41

Kulis.az şair Ramiz Qusarçaylının yeni şeirlərini təqdim edir.

Söz

Göz yaşım Söz yaşıdı,

İşığında şam öldü.

Ölən halal yaşadı,-

Yaşayan haram öldü.

Nə sirli bu söz yüküm,

Heyrətinə diz büküm.

Öldü Salamleyküm,

Əleykümsalam, - öldü.

Ürək kəsdim, arıtdım,

Söz-söz sərib qurutdum ...

Bir misranı unutdum,-

İçimdə balam öldü ...

Yığılır

Ötüşür qəm buludları,

Gözümə ulduz yığılır.

Dərd ürək-ürək dərilir,-

Bənövşə qız-qız yığılır.

Ömür əldə bağ kimidi,

Yollar yaşıl tağ kimidi,

Vicdan da papaq kimidi

Atdın, üstə toz yığılır ...

Təndir dolu küt adamlar,

Ayaq yuyur “büt” adamlar,

Elə artır şit adamlar

Bədənimə duz yığılır ...

* * *

Sovrulur ömrün xırmanı

Yerində can ətri qalır.

Ayrılığın kol dibində

Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,

Şimşək oynar kürəyimdə

Hər gün səngər ürəyimdə

Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,

Şöləsinə boy tuturam,

Ölümə bir toy tuturam

Əzrayılın xətri qalır...

Bu qurban olduğum Vətən

Düşməndən dərs yükü alıb,

Dərdinə daldığım Vətən...

Qarabağda “2” alıb,

Sinifdə qaldığım Vətən...

Oğul-oğul çiçəkləndi,

Şəhid-şəhid ləçəkləndi,

Xocalıda çilikləndi

Əlimdən saldığım Vətən...

Gedir, yad əldə can gedir,

Can-can Azərbaycan gedir,

Gör kimlərə qurban gedir

Bu qurban olduğum Vətən....

Dünya

Nə əksən erməni çıxır,

Alağına şükür, Dünya.

O da mənə qənim çıxır

Dolağına şükür, Dünya.

Bir səsdi, bir hənir,-hamı,

Gündə bir boy enir hamı,

Bir-birini minir hamı

Ulağına şükür, Dünya.

Toyuq ağlı, quş biliyi,

Kürsüdə tuğyan eləyir,

İt də yemir kişiliyi

Yalağına şükür, Dünya.

Papağı yox sanır arvad,

Kişinin nöqsanı arvad,

Yüzündən doxsanı arvad...

Balağına şükür, Dünya.

Alim özünü aldadır,

Şair sözünü aldadır,

Ata qızını aldadır

Calağına şükür, Dünya.

Adam-adam aşınır Yer,

Qiyamətə daşınır Yer,

Daha Göydən boşanır Yer

Talağına şükür, Dünya.

Kəs, bu şairin də dadına baxaq

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, sözlərində diş yeri varmı...

Yoxuşlar öpübmü ayaqlarını,

Baxaq, dizlərində daş yeri varmı...

Axıb şumlayırmı yanaqlarını,

Baxaq, gözlərində yaş yeri varmı...

Aldada bilirmi uşaqlarını,

Baxaq, bir yavanlıq iş yeri varmı...

Sezibmi vicdanın qınaqlarını

Baxaq, izlərində çaş yeri varmı...

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir şeirinin içində nə var?!.

Varsa, nələr çəkir orda Qarabağ,

Baxaq, Kəlbəcərdə, Laçında nə var?!.

Qəm qatıb, qəm səpib könül varına,

Şuşa həsrətindən yazırmı yenə...

Boylanıb nazirin villalarına

Qafiyə gəzirmi vətən şeirinə...

Yüz dəfə ölsə də şahlar, əmirlər,

Şairlər

bir dəfə ölməyə güc saxlayırlar.

İndi şairləri güllələmirlər,

İndi şairləri ac saxlayırlar...

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir mədhiyyə markası varmı...

Cildində sifariş birkası varmı...

Baxaq, məhmiz çəkib ilham atına

Ötürmü bu yerin qoyunlarını...

Zəng vurub çoxüzlü deputatına

Üzünə vururmu oyunlarını...

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, həmrəyliyi varmı evində,

Bir kişi bəyliyi varmı evində,

Yenə siyasətdə qurdalanırmı,

Dəyişə bilibmi öz həyatını...

İkinci arvadı şeir qanırmı

Sevdirə bilibmi külliyyatını...

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir adamlıq dəyəri varmı...

Baxaq, bir udumluq xeyiri varmı...

Bir misra edamlıq şeiri varmı...

Şair İzmirağa Töhmərlinin dəfninə yazılan şeir

Səni basdırmağa gələn az idi,

Çoxunun xəbəri yoxuydu bəlkə.

Nə şerin şəhdi var,

nə sözün dadı

Şairi neyniyir bu “şair” ölkə...

Elə bil yadıydı,

bir özgəsiydi,-

Elə bil şairdən öc alırdılar.

Kəndin o başında ağlaş səsiydi,-

Kəndin bu başında toy çalırdılar...

Daha Yasinə də yox idi səbri,

Toya tələsirdi kənd adamları.

Torpaqla doldurub qaçırdı qəbri

Sənin əsərinin qəhrəmanları...

Sənə toy tutanlar süzürdü toyda,

Dəstənin başında molla gedirdi.

Məəttəl qalmışdı toy yiyəsi də

Sənin misraların yallı gedirdi...

Bilirəm, qardaşdı xeyir də, şər də,

Bu şərin içində xeyir vardımı?!.

Bir harın məxluqun öldüyü yerdə

Görən bu adamlar toy çalardımı...

Bir elin dərd-səri hər kəsdən qabaq

Şairin adına yazılır bənd-bənd.

Bəs kimə ağlayıb yas saxlayacaq,-

Şairin yasında toy çaldıran kənd...

Qol açıb oynayır söz diri-diri,

Ruhun da ruh verir

toyun zilinə.

Ehtiyac içində ölən şairi

Toyla göndərdilər son mənzilinə...

Açır ürəyini yada tənbətən,

Bu xalq öz dərdini naşı oynayır.

Şairi çörəyə oynayan Vətən

Şairi öləndə yaxşı oynayır...

05.01.14.

Çəkir

Şeytana bax millətin

Kitabına üz çəkir.

Kefi kökdü qeybətin

Lal da laldan söz çəkir.

Dərd göyərir, tağlanır,

Xalq acından buğlanır

Gəlin köçən oğlanın

Qeyrətini qız çəkir ...

Hər dodaq bir ah yazır,

Qul düşünür şah yazır,

Nə yazır Allah yazır

Kim nə çəkir düz çəkir.

“Aqrar şeirlər” silsiləsindən

Qoyun havası

Dəbə mindiriblər qoyunçuluğu,

Hayana baxıram qoyun mələyir.

Daha bu yerlərdən qurd səsi gəlmir,

Xam-xam, avam-avam qoyun mələyir.

Tövlədə, fermada qoyun görürəm,

Ofisdə, firmada qoyun görürəm,

İndi hər formada qoyun görürəm,

Mal-mal, adam-adam qoyun mələyir.

Dəyişib torpağın, suyun havası,

Mələşmə bu yerin oyun havası,

Düşüb sümüyümə qoyun havası,

Çalın aram-aram “Qoyun mələyir.”

Gül qəbirləri

Mən düşdüyüm bataqlığın

İçində gül qəbirləri.

Üstdə bayquş abaqlığı

Altda bülbül qəbirləri.

Qurbağa döl lil sovurur,

Hay-küyündə sel sovurur,

Külək döyür, yel sovurur

Sünbül-sünbül qəbirləri.

Baş açmıram bu kələkdən,

İki şeytan bir bələkdə.

Kim yozacaq yarı nöqtə,-

Yarı vergül qəbirləri…

Qamış neydə səs şamları,

Sürünür ilbiz damları.

Dərdi ağır adamların

Artır yüngül qəbirləri…

# 2997 dəfə oxunub

Müəllifin son yazıları

# # #