"Ac olmuşam, evsiz olmuşam, ağlaya-ağlaya güldürmüşəm" - Çarli Çaplinin məktubu

"Ac olmuşam, evsiz olmuşam, ağlaya-ağlaya güldürmüşəm" - Çarli Çaplinin məktubu
31 iyul 2023
# 17:00

Bu gün əfsanəvi Çarli Çaplinin qızı, aktrisa Ceraldin Çaplinin doğum günüdür.

Kulis.az bu münasibətlə Çarli Çaplinin 1965-ci ilin dekabrında qızına yazdığı məktubu təqdim edir.

“Əziz qızım,

İndi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb.

Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, gözəl bir səhnədə rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini açıq-aydın eşidirəm. Gözlərin gözlərimin qarşısına gəlir; gözlərin qış gecəsində bərq vuran ulduzlar kimidir. Bu gözəl tamaşada Şahın əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəllər gözəli ol, rəqs elə, ulduz ol və parıltın aləmə yayılsın. Amma tamaşaçıları məftun etməkdən sərxoş olanda, sənə verilən çiçəklərin qoxusu başını gicəlləndirəndə bir küncə çəkilib məktubumu oxu, atanın sözlərinə qulaq ver.

Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”ı nağıl etmişəm... Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum - qızımın xəyallarıdır!”. Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini... İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?”. Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə...

Mən də onlar kimi olmuşam, Ceraldin! O sehrli gecələrdə, sən mənim nağıllarımda yatırdın, amma mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşuram: “Çarli görəsən, bir gün bu balaca quş səni başa düşəcək? Sən məni tanımırsan, Ceraldin, mənim nağılım çox qəribədir. Yoxsul bir klounun nağılıdır bu. Londonun kənar məhəlləsində mahnı oxuyub rəqs edən, sonra bəxşiş yığan klounun nağılıdır. Mənim nağılımdır!

Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bu nədir ki? Mənim okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm, hamının yazığı gələn, alçaldılan səfilin nə çəkdiyini bilmişəm. Hər şeyə rəğmən, həyat davam edir. Yaşayanlar haqda həmişə daha az danışılır. Sən mənim soyadımı daşıyırsan, Çaplini...

Bu ad yarım əsrdən çox bütün dünyanı güldürüb; mənim ağlamalarımın yanında bu gülmələr nədir ki? Sənin dünyan ancaq rəqs və musiqidən ibarətdir... Ceraldin, bir gecə yarısı o məşhur səhnədən düşəndə varlı tamaşaçılarını unut, amma mindiyin taksinin sürücüsündən arvadının hal-əhvalını soruşmağı unutma. Bəlkə, arvadı hamilədir, bəlkə, doğulacaq ilk uşağı üçün paltar almağa pulu yoxdur heç... Əgər belədirsə, onun cibinə pul qoy. Kredit Bankına tapşırmışam, bütün ehtiyaclarını qarşılayacaqlar. Arada metroya, avtobusa min, şəhəri gəz. İnsanlara bax, yaxşı müşahidə elə onları... Dul və yetimlərin gözlərinə yaxşı bax. Heç olmasa gündə bir dəfə özünə de: “Mən də onlardan biriyəm!”. Bəli, əziz qızım, unutma, sən də onlardansan...

Sənət göyə uçmaq üçün adama qanad taxana qədər onun dabanlarını çürüdür. Bir gün tamaşaçı qabağında yüksəldiyini hiss etsən, səhnədən düş, çıx küçəyə...Bir taksi tut, get Parisin kənar küçələrinə... Elə yaxşı tanıyıram oraları. Orda rəqqasələr görəcəksən; aralarında sənə oxşayanı da var, səndən daha arıq, daha qürurluları da... Teatrdakı parlaq səhnə işıqları orada yoxdur. Onların səhnə işıqları Aydır. Bax onlara, diqqətlə bax! Səndən də yaxşı rəqs edirlər, elədirmi? Etiraf elə bunu... Səndən daha yaxşı rəqs edən, səndən daha yaxşı rol oynayan birini görsən, nə vaxtsa, bu sözlərimi yadına sal: “Hələ Çarlinin ailəsindən fayton sürücüsünə pis söz deyən, ya da Sena çayının sahilində dilənən birini ələ salan insan çıxmayıb”. Çarli bu dünyadan gedəcək, Ceraldin! Sənin həyatın isə davam edəcək. Heç vaxt yoxsulluğu görməyini istəmirəm.

Bu məktubla birlikdə sənə çek də göndərirəm. Nə qədər istəyirsən, xərclə. Amma yadda saxla: İki frank özün xərcləyəndə, üçüncü frankı başqasına xərclə. Üçüncü frank sənin deyil, tanımadığın, görmədiyin, bir frankın həsrəti ilə yaşayanındır. O insanı tapmaq çətin deyil. Hər küncdə yoxsul adamlar görə bilərsən, təki sən görmək istə! Mən bu şeytanın insanın ağlını başından necə aldığını bildiyim üçün puldan danışıram. Uzun müddət sirkdə işləmişəm, ip üstündəki kəndirbazlara qorxu ilə baxmışam. Bil ki, əziz qızım, insanın ayağının sürüşməsiylə yerə dəyməyi kəndirbazların o ipdə sürüşməyindən daha asandır. Sən bu gecə brilyantın cazibəsinə aldana, istər-istəməz yerə dəyə bilərsən. Gün gələr, bir şahzadənin üzü səni əsir alar. Bax o gündən sonra sən artıq təcrübəsiz kəndirbaz olacaqsan. İp isə həmişə təcrübəsizlərə xəyanət edir. Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma. Unutma ki, ən böyük brilyant günəşdir və bəxtimizdən də günəş hamımızı bərabər işıqlandırır.

İşdir, bir gün sevsən, seçdiyin insanı bütün qəlbinlə sev. İşinin çətin olduğunu bilirəm. İndi bədənini gözəl ipək parçalar bəzəyir. Sənət üçün səhnəyə çılpaq da çıxa bilərsən. Amma o səhnədən saf, təmiz və qüsursuz enməlisən. Mən qocalmışam, sözlərim sənə gülməli görünə bilər. Amma məncə, sənin çılpaq bədənin çılpaq ruhuna vurulan insana aid olmalıdır. Neyləyim, bu mövzuda bir az geri düşüncəliyəm... Bəlkə, fikirlərim 10 il əvvəldə ilişib qalıb. Qorxma, Ceraldin, bu 10 il səni qocaltmaz. Mən sənin bu çılpaq adada boyun əyən ən axırıncı insan olmağını istəyirəm. Atalar və uşaqlar arasında həmişə problemlər olur. Mənə müharibə elan et, əziz qızım, fikirlərimə qarşı müharibə elan et. Mən itaətkar uşaqları sevmirəm. Məktubumun üstünə hələ göz yaşım düşməmiş bu Yeni il gecəsinin möcüzələr gecəsi olduğuna inanmaq istəyirəm. Bir möcüzə baş verməyini və demək istədiyim hər şeyi düz başa düşməyini istəyirəm.

Çarli qocalıb, Ceraldin, çox qocalıb. Sən gec-tez onun məzarıma gələcəksən. İndi sənin əhvalını korlamaq istəmirəm, amma arada güzgüyə bax. Orda məni görəcəksən. Damarlarında mənim qanım axır. İstəyirəm ki, atan Çarlini unutmayasan.

Mən mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam.

Sən də elə ol.

Öpürəm səni, Ceraldin.

Sənin Çarlin”.

# 14662 dəfə oxunub

Müəllifin son yazıları

# # #