Dar ağacını spirtləyin! – Yazıçılarla 1 aprel zarafatı

Dar ağacını spirtləyin! – Yazıçılarla 1 aprel zarafatı
1 aprel 2020
# 14:40

Kulis.az 1 aprel – zarafat günü münasibəti ilə yazıçılar haqqında yeni lətifələri təqdim edir.

Aydın Xanla Elxan Zal Asan xidmətə gedib Anar müəllimə yaşı 65-dən aşağı qeyd olunan şəxsiyyət vəsiqəsi almaq istəyir. Asan xidmətin əməkdaşı yazarları hörmətlə qarşılayıb, ayağa qalxır:

- Böyük məmnuniyyətlə edərdik, ancaq sizdən əvvəl Əsəd Cahangir adında bir kişi gəlib aldı-apardı.

***

Aprelin 1-də ad günü olan Qəşəm Nəcəfzadəyə Mahir Mehdidən ad günü mesajı gəlir: “Qəşəm müəllim, siz Tanrının Azərbaycan poeziyası ilə 1 aprel zarafatısınız”.

***

Rüstəm Behrudini dar ağacına aparırlar. Şairin son sözü bu olur:

- Xahiş edirəm, kəndiri spirtləyin.

***

Rasim Qaraca ilə Həmid Herisçi oturub çay içirlər. Həmid qayğılı-qayğılı deyir:

- Rasim, bu koronavirusa iki-üç zəhərli söz denən, rədd olub getsin!

***

İş yerində maska paylama kampaniyası keçirilir. Mirmehdi Ağaoğlu maskanı götürmək istəmir. Deyir, mən cəddimə arxayınam, maska-zad boş şeydir! Bu zaman onun yaxınlığında oturan Fərid Mirzəyev gülə-gülə deyir:

- Miri, Kəbəni spirtləyirlər e!

***

Qaranəfəs olmuş taclı bir koronavirus mutasiyaya uğrayıb xeyli dəyişmiş əmisi oğluna yanaşır və Rəbiqə Nazimqızının Facebookdakı şəklini göstərib deyir:

- İki aydır bu qızı hərləyirəm, tuta bilmirəm!

***

Tənhalıqdan əziyyət çəkən Seymur Baycan Tiflisin Rustavi küçəsinə çıxır və həmişə sür-sümük verdiyi itə yaxınlaşıb başını sığallamaq istəyir. İt özünü yayındırıb altdan-yuxarı qorxa-qorxa Seymura baxır:

- Maskan-əlcəyin də yoxdur, xahiş edirəm, məndən uzaq gəz!

***

Həkim-infeksionist Sədrəddin Atakişizadə Tibb Universitetinin tələbələrinə koronavirusun formasını başa salmaq istəyir. Ancaq ha çalışır, fikrini tam izah edə bilmir. Tıncıxıb pəncərəyə yaxınlaşır, küçəyə baxır, gözü qırmızı köynək geyinib qulağına, qollarına, yaxasına cürbəcür ulduza bənzər aksesuar taxan Cəlil Cavanşirə sataşır, tələsik tələbələri yanına çağırıb onu göstərir:

- Baxın, təxminən belə bir şeydir...

# 2995 dəfə oxunub

Müəllifin son yazıları

# # #