Könlümə tək Kəbə yapdım səni mən - Günün şeiri

Könlümə tək Kəbə yapdım səni mən - Günün şeiri
14 yanvar 2025
# 11:40

Bu gün ömrünün böyük hissəsini mühacirətdə keçirən Azərbaycan şairi Almas İldırımın anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Əsir Azərbaycanım" şeirini təqdim edir.

Nerdə məni gülqoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan mənim
baxtsız anam, oy...
Neçə bir il həsrətinlə yanam, oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş
dursa, oy!..

Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı Bakım, o neft qoxan
gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən,
Azərbaycan, mənim eşsiz
yurdum, oy!..
Ölməz eşqim,
içimdəki dərdim, oy!

Könlümə tək Kəbə yapdım
səni mən,
Sənsiz nedəm qurbət eldə
günü mən,
Sənsiz nedəm Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy!
Oyanmazmı kor olası
baxtım, oy?!.

# 584 dəfə oxunub

Müəllifin son yazıları

# # #