İki qəlbdə bir ehtiyac... - Günün şeiri

İki qəlbdə bir ehtiyac... - Günün şeiri
16 dekabr 2024
# 11:43

Bu gün görkəmli Azərbaycan şairi Tofiq Bayramın doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Ay gecikən məhəbbətim...

İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!

Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,
Harda idin, söylə harda?!
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!

Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş.
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!

Bir könül var, əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!

Cəzan varsa, verən gəlsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!

Bir xəstəyəm, əlacım sən,
Bir koram, əl ağacım sən,
Görüşünə əl açım sən –
Gəl ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!

Vağzalı

Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
Vağzalı çalınır, anam ağlayır.

O, nələr etmədi toyunda, nələr
Bu həsrətin yeri nə tez bilindi?
"Vağzalı" çalınır, son dəqiqələr...
Özgə bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri, xəyalı,
Bəs niyə kövrəlir o birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
Vağzalı çalınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşım.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.

Göz yaşı inci tək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
- "Ay qızım, xoşbəxt ol!" - söyləyir sənə,
Vağzalı çalınır, anam ağlayır.

Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.

Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
Vağzalı çalınır, anam ağlayır.

Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayır, bacım.

Gedirsən ən şirin arzu-kam kimi,
"Vağzalı" çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!

Qarabağı vermərəm!

Bütün aləm danışır
mənim səxavətimdən,
Dostlara pay verəndə
bahasını verərəm.
Qonağa süfrə açıb
öz halal nemətimdən,
Evimin ipəyini,
xarasını verərəm.
Lazım gəlsə yolunda
keçib, can sərvətimdən
Çıxarıb ürəyimin
parasını verərəm.
Kimlər ki, şəfqət tapır
öz ana təbiətimdən
Dərman kimi dağların
havasını verərəm.
Fəqət dağı vermərəm,
Mən heç zaman dönmərəm.
Fikrimdən, niyyətimdən,
lazım gəlsə, gözümün
Qarasını verərəm,
Qarabağı vermərəm!
Əgər yer-göy dağılıb,
dönsə baharım qışa
Parça-parça doğranıb,
yem olsam da qurd-quşa
Allah da göydən enib,
başlasa yalvarışa
Qara keşiş yumşalıb,
Kərəm ilə barışa
Göyçə gölü birləşib,
Göy-gölümlə qarışa
Yüz-yüz çaya Turşsutək
bir bulağı vermərəm
Mən canımı verərəm
Qarabağı vermərəm!
Bu necə qonşuluqdu,
üzük mənim qaş onun?
Mən öz başımdan keçim
çiynimdəki baş onun?
Torpağımdan pay verim
olsun könlü xoş onun?
Bu Qarabağ nə vaxtdan
məskəni olmuş onun?
Əli sınsın tarixi
belə düzüb, qoşanın.
Gözüm yoxdur üstündə
bircə qara daşının
Ağ dumanlar gəlinlik
duvağıdır Şuşanın.
Mən gəlinin üzündən
o duvağı vermərəm.
Namusum, ismətimdir
Qarabağı vermərəm!
Bu nə oyundu? - deyib
Vaqif qalxar məzardan,
Məqbərəsi od tutub
əriyər intizardan.
Lənət daşı yağdırar
Xan qızı daş hasardan.
Görən Üzeyir bəyə
çatıbdır bu səs hardan,
Qarabağın çənidir
tunc heykəli bozardan.
Nərə çəkir Koroğlu
cəngi çalır saz hardan.
Qıratdımı şığıyan
göyə qalxır toz hardan?
Çıxıb cıdır düzünə Nigar,
Xan Eyvaz hardan.
Kür burdan hay qoparır
kükrəyir Araz ordan.
Vətən satlıq mal deyil
əl çəkin bu bazardan.
Millətçilik deyilən
ən dəhşətli azardan.
Millət xilas olmasa
qurtarmaz ahu-zardan
Torpağıma girişən
Qarabağa gor eşən
Hər növ mərdi-məzardan,
cana doyub deyirəm
Əlin qopmasa ordan
köynəyim bayraq olub,
Seçilməz laləzardan,
mən əsgərəm əlimdən
O bayrağı vermərəm,
öz canımı verərəm,
Qarabağı vermərəm!

# 862 dəfə oxunub

Müəllifin son yazıları

# # #