Bu gün şair Alik Əlioğlunun doğum günüdür.
Kulis.az şairi təbrik edir və onun şeirlərini təqdim edir.
Mən qayıdanda
Palçıqlı yollar
Adamların ayaqqabı izlərini
Öz üzərinə həkk edirdi...
Buludlu səma
Və tutqun göy üzü heç nədən
Xəbər vermirdi...
Bütün kainat
Atasını gözləyən balaca bir qızın
Yerdə oturduğu küçədən başlayırdı...
Bütün kainat
Insanların unudulduğu yerdə
Başa çatırdı. Əriyirdi......
Kainat başa çatanda insan yenidən doğulur...
Mən qayıdanda yağış kəsmişdi,
Yer üzü evindən çıxan insanları yenidən doğub
Tökürdü küçəyə...
Darvazanı açaraq bir uşaq
Qaça-qaça gəldi və qucağıma tullandı,
“Günəş qalib gəldi”- dedi.
Güldüm...
Fəridəyə yazdığım şeir
Çiçəklərə gözlərinin rəngini,
Küləyə saçının ətrini,
Uşaqlara sevincini verdim...
Mənə əllərin qaldı.
Əllərindən tutub
Apardım...
Adını yaşadığım küçəyə qoydum...
Səndən başqa hamı bilir.
Ünvan: Fəridə küç. 1
Sənin olmamağın
Fəlakətdi, dost...
Tez qayıt...
Sökük divarlardı vətən,
Qazılmış yerdi torpaq...
Soyuqqanlı qadındır ana,
Küçələrə tökülmüş
ölü göyərçinlərdir yollar...
Tez qayıt dost...
Üşüyən əllərinlə əllərimi tut...
Bağrına bas, dost...
Sağlığımı iç:
De ki,
Allah səni öldürsün!
***
1925-ci ildə
bu küçədə yaşayan adamlar
ağ-qara rəngdə idilər,
sürətlə hərəkət edir,
görünüşlərində cızıqlar var idi...
Tozun içində idilər,
Son səhifələri cırılmışdı...
Bu küçədə yaşayan adamlar
Hər günün xəbərlərini oxuyur,
Hamısına da sevinirdilər...
Havanın necə olacağından xəbərsiz idilər...
Biz bu küçədə yaşayan adamların
Qalıqlarıyıq...
Bu göyün üzünü biz yaratmadıq,
Biz çəkmədik adamların üzündəki cizgiləri.
Biz insanlara bir ömür bəxş etmədik
Biz insanları yaşamaqdan məhrum etmədik...
Adamlar gülümsəmək üçün yarandı...
Biz bu qapısı tez bağlanan metrolardan,
Balaca liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan
xilas olmaq istəyirik!!!
Bizə kömək edin...
Yandırın küçələrin lampalarını!!!