Mircavadın dağılmış məzarı, yaxud Qənirə Paşayeva nə istəyirdi? - Mirmehdi Ağaoğlu

Mircavadın dağılmış məzarı, yaxud Qənirə Paşayeva nə istəyirdi? - Mirmehdi Ağaoğlu
18 avqust 2026
# 14:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Mircavadın dağılmış məzarı, yaxud Qənirə Paşayeva nə istəyirdi?" yazısını təqdim edir.

Mircavad Mircavadovun məzarının son vəziyyəti acınacaqlıdır. Azərbaycan rəssamlığını həm mövzu, həm də üslub baxımından yeni mərhələyə yüksəltmiş, istedadı, bacarığı, qabiliyyəti ilə ölkə rəngkarlığında özünəməxsus yeri olan, sağlığında şəxsiyyət kimi də dözümü, radikallığı və prinsipiallığı ilə seçilmiş böyük fırça ustasının məzarının kimsəsiz və viran vəziyyətdə qalması, doğrudan da, adamın ürəyini ağrıdır. Onun rəsmlərinə hələ sağlığında sırası ilə Çingiz Aytmatov, Qabriel Qarsiya Markes kimi nəhəng yazıçılar heyran qalmışdılar.

Bir neçə il əvvəl - pandemiyanın başlanğıc dövründə - Azərbaycanın nakam bəstəkarı Asəf Zeynallının ot basmış məzarının fotosu yayılmışdı. O zaman da məsələ cəmiyyətdə ciddi rezonans doğurdu.

Həmin vaxt mən 23 yaşında vəfat etmiş Asəf Zeynallının ailə üzvlərini – daha doğrusu, artıq öz ömürləri ilə əmilərinin yaşını 4 dəfə üstələmiş qardaşı balalarını tapıb danışdırmışdım. Onlar da bildirmişdilər ki, əmilərinin məzarı heç vaxt baxımsız qalmayıb, sadəcə pandemiya dövründə yaşla əlaqədar bağdan çıxa bilmədikləri üçün - qocalara çölə çıxmaq qadağası da vardı - Novruzda gedib baş çəkə bilməyiblər, bu iki-üç ay ərzində ot basıb.

Həmən vaxt mərhum millət vəkili Qənirə Paşayeva məsələyə dərhal reaksiya vermişdi, hətta mən ailəsinin də istəyi ilə Qənirə xanıma Asəf Zeynallının məzarının gələcəkdə itib yox olmaması üçün daha münasib bir yerə, məsələn, Fəxri xiyabana köçürülməsi təklifini də vermişdim, o da bəyənmişdi.

Asəf Zeynallının heç olmasa, qoca olsalar da qardaşı balaları vardı. Arabir gedib baş çəkirdilər. Mircavadın isə heç kəsi yoxdur. Tərslikdən rəhmətlik özü də adamayovuşmaz olub, sağlığında qohumları ilə elə fərli get-gəli olmayıb. Qardaşı Tofiq isə hələ cavan vaxtı, Mircavaddan neçə il əvvəl rəhmətə getmişdi deyə Asəf Zeynallının qardaşı balaları kimi qohumları yoxdur. Yoldaşı Lyuba son bir neçə il əvvələ qədər məzardan muğayat olurdu. Daha o da yoxdur. Bircə oğlanları Xəzri qalıb. O da hələ doxsanlarda Skandinaviya ölkələrindən birinə - deyəsən, Danimarkaya - köçmüşdü. Öldüsü-qaldısı bilinmir, ən azından üzə çıxmır. Biz ondan tələb edə bilmərik ki, gəl, atanın məzarını sahmana sal, onun qərib ellərdə hansı vəziyyətdə olduğundan heç xəbərimiz yoxdur. Bu onun qabiliyyətidir, bəs Mircavadın mənəvi övladları kimi bizim qanacağımız necə olsun?

Mircavad və onun kimi Azərbaycan mədəniyyətinin, incəsənətinin formalaşmasında iştirak etmiş şəxslər bizim mənəvi sərvətimizdir. Onların irsləri kimi məzarları da bizim üçün qiymətlidir. Və çoxu sağlığında acınacaqlı vəziyyətdə-mənzillərdə yaşamış (biri elə Mircavad) bu nəhəng şəxsiyyətlərin heç olmazsa son mənzillərinin vəziyyəti bizim daim diqqətimizdə olmalıdır. Yaxşı, dünən Asəf Zeynallının, bu gün Mircavadın məzarının fotosu yayıldı, urreylə getdik düzəltdik. Bəs şəkli yayılmayan o biri rəssamlar? Məsələn, Əşrəf Muradın qəbri, yaxud neçə-neçə mərhum ədəbiyyat, mədəniyyət incəsənət adamının qəbri necə olsun? Onların abad olunması ilə bağlı kim məsuliyyət daşıyacaq, yaxud oturub gözləyəcəyik görək onların məzarının fotosu nə vaxt yayılacaq?

Biz hələ o vaxtı Qənirə xanımla bu məsələləri müzakirə edəndə bu kimi problemləri görüb çıxış yolu axtarmışdıq, ömür ona vəfa etmədi ki, bu niyyəti həyata keçirsin.

Əlbəttə, yaxşı olardı ki, bu problemlə bağlı universal bir çıxış yolu tapılsın, bu şəxslərin məzarı baxımsız qalmasın demirəm, heç olmasa itib-batmasın, bir nişanəsi olsun.
Lakin çıxış yolunu tapana kimi mən soruşmaq istəyirəm:

Axı qəbiristanlıqlar xüsusi qurumların, idarələrin tabeliyində, nəzarətindədir. Yox? İraq olsun, qəbir yeri axtaranda üzə çıxan və onları od qiymətinə satan bu Əbdül Qafarzadələr nə üçün nəzarətlərində olan “Tülkügəldi qəbiristanlıqları”nın ərazilərindəki tanınmış şəxslərin məzarlarının mütəmadi olaraq ot-ələfinin təmizlənməsi, qəbir daşının abadlaşdırılması ilə məşğul olmurlar?! Məgər bu qurumlar ərazilərindəki qəbirlərin abadlığına görə məsuliyyət daşımırlar, yoxsa onların qəbir yeri satmaqdan başqa öhdəlikləri yoxdur?

Ölkədə nə çox böyük mədəniyyət xadimi, nə çox qəbiristanlıq. Onların hamısının vəziyyəti ilə məşğul olmaq tutalım, Mədəniyyət Nazirliyinin hansısa regional idarəsindən qabaq ilk növbədə elə həmən qəbiristanlığının idarəedənlərinin məsuliyyəti deyilmi? Heç olmasa, heç olmasa, Allah xatirinə, ildə, iki ildə bir dəfə o məzarlara əl gəzdirə bilməzlərmi? Guya hər qəbiristanlıqda neçə tanınmış adam yatır?

İndi neyləyək ki, bizdə də xaricdəki kimi məşhurların məzarlarını tapıb abadlaşdıran, otunu-ələfini təmziləyən, yuyub-sahmanlayan könüllülər, tiktokerlər yoxdu, bizim də alnımıza bu cür xalq olmaq yazılıb. Hər xalq öz tiktokerinə layiqdir.

# 183 dəfə oxunub

Oxşar xəbərlər

Şindan qalasının arxeoloji kəşfiyyatında yeni izlər

Şindan qalasının arxeoloji kəşfiyyatında yeni izlər

13:30 18 avqust 2026
Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım

Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım

12:45 18 avqust 2026
"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir

"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir

12:15 18 avqust 2026
"The Odyssey"dən növbəti uğur –  Nə qədər gəlir əldə etdi?

"The Odyssey"dən növbəti uğur Nə qədər gəlir əldə etdi?

11:52 18 avqust 2026
Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi -  Dondurma şousu  kimləri narahat edir?

Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?

11:10 18 avqust 2026
"Lion" sənədli filmi təqdim edildi

"Lion" sənədli filmi təqdim edildi

11:08 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər