Zamanın amanı - Simran Qədim

Simran Qədim

Simran Qədim

25 noyabr 2021
# 16:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Simran Qədimin “Zamanın amanı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

“İnsanlara görə, zaman gedir, zamana görə, insanlar”.

Stiven Kinq

Qırx illik ömrümdə qərar verməkdə çətinlik çəkdiyim bir çox hallarla üzləşsəm də, yorulub-usanmadan fikirləşməyə, uzun-uzadı, səbirlə, təmkinlə düşünüb-daşınmağa heç vaxt ərinməmişəm. Qarşılaşdığım çətinlikləri, tərəddüd dolu ziddiyyətləri, dilemmaları axır-əvvəl götür-qoy edib səhv, ya düz bir nəticə çıxara bilmişəm. Həyat mənə öyrədib ki, əksərən problemlərin açarı onlardan qaçmaqda, yayınmaqda yox, onların üstünə-üstünə getməkdədir.

Bilmirəm nədən – bəxtimin gətirməsindən, uğurun məni addımbaaddım izləməsindənmi, ya məntiqimin, variantları hesablama qabiliyyətimin az-çox inkişaf etməsindənmi, demək olar, bugünəcən yanılmamışam. Düzdür, bəzən yanlış səmtlərə yönəlmişəm: geri dönüşü olmayan yollara meyllənmək, quyunun adamı içinə çəkən dərinliyinə, heçliyinə boylanmaq, dibi görünməz uçurumların düz kənarında, ucundaca dayanmaq... Amma sonda, hər necəsə, qəliz-qəliz situasiyaları öz xeyrimə dəyişə bilmişəm. Həmişə harada, niyə səhvə yol verdiyimi tapıb, vaxtlı-vaxtında gərəkli qərarlar qəbul etmişəm...

Əslində, belə-belə fikirlərlə əhvalımı qaldırmağa, özümə təsəlli verməyə çalışıram. Nədənsə bu dəfə çox da dərin düşünməyə həvəsim yoxdur, gərək bütün fikirləri başımdan qovub, beynimdəki xaotikliyi, təlatümləri, qarışıq düşüncələri durğunluqla, sakitliklə əvəzləyəm. Amma bu çox mənasız, faydasızdır. Çünki elə anlaşılmaz, ağlasığmaz, cəfəng bir vəziyyətdəyəm ki, nə bəxtimin, təsadüflərin köməyimə çatmasına ümidim var, nə də ağlımın, məntiqimin...

Sanki heç vaxt bitməyəcəkmiş kimi uzandıqca uzanan dar bir cığırla addımlamaqdayam: payi-piyada, təkbaşına... Bayaqdan yoldaşlarımı düşünüb beynimdə çığır-bağır salan suallara cavab tapmağa çalışsam da, alınmır. Axı ötən günlər ərzində hər an, hər saniyə yanımda olan, mənimlə birgə çiyin-çiyinə çalışıb bütün tapşırıqlarımı canla-başla yerinə yetirən həmin adamlar hara yoxa çıxıblar birdən-birə? Niyə indi yanımda deyillər, hamısınınmı başına bir iş gəlib?

Onların arxeoloji qazıntılar aparmağa gəldiyimiz bu lənət ərazidə məni tək qoymaları nə qədər qəribə, təəccüblüdürsə, mənim də onları qəfil itirməyim, onlardan uzaq düşməyim bir o qədər anlaşılmazdır. Digər tərəfdən, axı niyə, necə oldu ki, özümü kimsəsiz, boş bir ərazidə, sap kimi uzanıb gedən yolun ortasında tapdım? Nə gəzirəm mən burada?! Ən əsası, hansısa bir məqsədim-məramım varmı, hara gedib çıxmalı, neyləməliyəm ki?!

Addımlarımı yeyinlədirəm. Get-gedə qaynayıb təzyiqini artıran düşüncələr rahatlıq vermir, sanki beynimin bir küncündə, zehnimin dərinliklərində ilişmiş hansısa detalı, boz-bulanıq bir nüansı tapıb çıxarmaq istəyir. Mənə qalansa, sadəcə, anlaşılmazlıq, məchulluq, çaşqınlıq burulğanındaca çapalamaq olur.

Uzun çəkən çalışmalardan sonra işlərimizi, demək olar, yekunlaşdırmışdıq. Qədim zamanlara, daha dəqiqi, Daş dövrünə aid olduğunu düşündüyümüz bir çox maddi-mədəniyyət nümunələri – əmək alətləri, məişət əşyaları-filan aşkara çıxardıq. İlahi, qrup üzvləri necə də şən, xoşbəxt idilər həmin vaxt! Onların reaksiyaları hələ də gözlərimin önündədir: ətrafa yayılan gurultulu alqış sədaları, bir-birimizi ürəkdən təbrik edib əl sıxışmağımız, qucaqlaşmağımız, sevincdən işıldayan parlaq gözlər, gülərüz, bəxtəvər sifətlər...

Amma sən saydığını say, gör fələk nə sayır.

İki, üç, bəlkə də, dörd saata yaxındır, avtomatik rejimə qoşulmuş oyuncaq kimi, eyni ahənglə, eyni ritmlə yeriyirəm. Vaxtı ölçə bilmirəm, çünki qolumdakı saat dayanıb. Bu ərazilərdə gec-tez başıma nəsə bir iş gələcəyini düşünürəm, ona görə ki qrup üzvlərinin çoxu hələ bura gəldiyimiz ilk gündən tərsliklərlə, bədbəxtliklərlə üzləşiblər. İçimdə həyəcan, qorxu-təlaş, vahimə kimi cürbəcür, qatma-qarışıq hisslər həngamə qoparır, bu səbəbdən ki tək-tənhayam, naməlum bir yolla üzü bilinməzliyə, sanki boşluğa, sonsuzluğa doğru gedirəm.

Gözlənilməz, uğursuz, nəhs hadisələrin ardı-arası kəsilmədi. Əvvəlcə, qrupun ən çalışqan, fədakar üzvlərindən biri günün günorta çağı heç nədəncə büdrəyib yıxıldı: qolu qırıldı, başından bərk zədə aldı. Guya arxadan gələn gözəgörünməz, mistik bir varlıq balaca uşağın dalınca örtülən qapı, ya biri digərini yıxan domino daşı kimi, qəfil itələyibmiş onu. Yoldaşımızın səsləndirdiyi bu fikrə, arada gəzən söz-söhbətlərə, pıçıldaşmalara məhəl qoymadıq, işimizə davam etdik.

Ardınca qrupun bir başqa üzvü – yerli camaat bölgədə heç bir epidemiyanın olmadığını desə də – indiyəcən adını belə bilmədiyimiz hansısa yoluxucu xəstəliyə tutuldu. Xəstə yatağına düşüb günlərlə yüksək hərarətin, qan-tərin içindəcə şaqqıldaya-şaqqıldaya qaldı, heç yerindən qımıldana da bilmədi.

Sonra isə bir başqa yoldaşımız – yaşca hamımızdan böyük olan “ağsaqqal”lardan biri – oğlunun avtomobil qəzasında dünyasını dəyişməsi xəbərini aldı, təcili şəhərə qayıdıb, o da ekspedisiyanı yarıda kəsmək məcburiyyətində qaldı...

Bənzər səbəblərə görə günbəgün, sürətlə aramız seyrəkləşdi, sanki kimsə, hansısa “qara qüvvə” cidd-cəhdlə işlərimizə əngəl törətməyə, tələm-tələsik buralardan çıxıb getməyimizə çalışırdı. Yaşadığımız olaylar fikrimi heç zaman ciddiyə almadığım, həmişə gülüb-keçdiyim bir məqama yönəltdi: yəni, doğrudanmı, az qala Yer üzündən köçüb başqa planetlərdə məskunlaşdığımız kosmos əsrində, elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi, dünyanın simasının tamam dəyişdiyi bir dövrdə mistik varlıqların, paranormal hadisələrin mövcudluğuna inanmalıyıq? Axı bütün bunlar cəfəngiyat, xurafat, savadsızlıq, cahillik deyilmi?..

İlk gündən mənə dinclik verməyən, dayanmadan beynimi didib-tökən altıncı hissim yenə susmaq istəmir, elə hey nəsə olacağını, daha bir hadisənin, bədbəxtliyin yaşanacağını pıçıldayır. Hər dəfə yoldaşlarımın başına gələnləri görəndə, bir tərəfdən, “hadisədir də, adi, təsadüfi hadisə...” deyib keçir, digər tərəfdən isə, özümü özümlə danışmaqdan saxlaya bilmirdim:

“Ehtiyatlı ol, ayıq-sayıqlığını əldən vermə! Unutma, dostlarını izləyən lənət səndən də yan keçməyəcək! Onların yaşadıqları sənin də başına gələcək axır-əvvəl! Qorx bir az, qorx, qorx...”

Gərək hisslərimi dinləyib laqeydlik etməz, məsələyə daha ciddi, məsuliyyətlə yanaşaydım. Lap bütün işlərimizi, planlarımızı yarımçıq qoyar, tez-bazar yığışıb geri dönər, amma qalmazdıq, çox vaxt itirib yubanmazdıq buralarda! Bunu isə hələ lap başdan düşünmək lazım idi: özümü çıxışı olmayan labirintdə, daha doğrusu, bitmək bilməyən, ucu-bucağı görünməyən, üzü boşluğa, nəhayətsizliyə uzanan cığırın ortasında tapmamışdan qabaq...

Başımı qaldırıb məlul-məlul sıx buludlarla dolu tutqun, bozumtul səmaya baxır, sonra da sanki havanın qəfil açılacağını, günəşin öz parlaq, gözqamaşdıran şüalarıyla ətrafı da, beynimdəki qatı qaranlığı da aydınladacağını gözləyirəm. Amma təəssüf, düşüncələr heç də həmişə reallaşmır, bəlkə də, ötən hər dəqiqə, hər saniyə məni yalnızca qorxu, vahimə, dəhşət dolu gecəyə, zülmət qaranlığa sarı yaxınlaşdırır.

Bayaqdan bəri hansısa filmin donmuş kadrı kimi yerindən qımıldanmayan, eləcə, dəyişməz-tərpənməz qalan bomboş üfüqdə nəsə bir qaraltı diqqətimi çəkir. Addımlarımı daha da yeyinlədirəm. Səhralıqdan, sapsarı saralmış quru otlardan ayrı heç nəyin və heç kəsin gözə dəymədiyi çölün ortasındakı şey nədir, görəsən?

Niyəsə ovqatımın tamam dəyişdiyini – sanki həyəcanlandığımı, bir azca da sevindiyimi, ürəkləndiyimi hiss edirəm. Deməli, bir sonu, müəyyən məqamda pis-yaxşı bəlli bir bitiş nöqtəsi varmış bu yolun! Əgər bir qədər də belə davam etsəydi, yəqin ki, ağlımı yerindən oynadıb dəli olar, ya da ürəyim dözməyib partlayar, yıxılıb qalardım elə buralardaca.

Qaraltının nə olduğunu seçməkdən ötrü bütün fikrimi, diqqətimi toplayıb, gözlərimi zəndlə irəli zilləyirəm. Nəsə tikili görürəm – qalaya bənzər qəribə bir tikili! Maraqlıdır, qazıntı aparmağa gəldiyimiz bu bölgədə hansısa qala, qəsr, ya da oxşar bir tikili-filan olmamalı idi axı. Haradan, necə çıxmışdı bu belə?! Beynimə nə qədər “təcili axtarış” əmri verib, yaddaşımı qurdalasam da, yenə heç nə alınmır. Çevrədə belə bir tikili olsaydı, mütləq bilərdim mən, xəbərim olardı, hər halda.

Çox qəribədir... Nəsə bir iş var bu işin içində. Nəsə də var!..

Yavaş-yavaş qalayabənzər bu tikiliyə yaxınlaşır, yaxınlaşdıqca da onun böyüklüyü, əzəməti qarşısında heyrətə gəlib, həyəcanqarışıq təəccüb, çaşqınlıq hissləri keçirirəm. Qalanın ətrafında adamı bərk ürküdən iri, nəhəng bürclər var. Tək-tək sayıram, düz yeddi ədəd! Bir andaca bu rəqəm haqda bütün bildiklərim beynimin qıvrımları arasından öz-özünə, ixtiyarsız şütüyüb keçir: səmavi kitablarda göyün yeddi qatdan ibarət olması, Şumerlərdə yeddi ilə kosmosu, kainatı bildirən işarənin eyniliyi, Hind kahinlərinə görə, ruhlar aləmi və materiyada yeddi qütbün varlığı; həftədəki yeddi gün, işıq spektrindakı yeddi rəng, musiqidəki yeddi not...

Böyük, enli qala darvazasının qarşısına çatar-çatmaz ayaq saxlayıb, təkrar-təkrar dərindən nəfəs alır, ciyərlərimi havayla doldurub yenə ətrafa nəzər salıram: “Əlbəttə, buralarda da araşdırma aparmaq olar, niyə də yox? Kim bilir, nə qədər tarix yatır burda: həm qalanın çölündə, həm də içində. Amma tələsmə, hələ bir çıx bu işdən, qurtul düşdüyün bu durumdan...” – fikirləşirəm. Sonra da öz-özümə düşünməyə davam edib deyirəm: “Yox, ola bilməz, axı biz necə bilməmişik, niyə xəbər tutmamışıq bu yerdən?!”

Azca aralı dəmir darvazadan keçib, yavaş-yavaş ehmal-ehmal addımlayıram. Qala kənardan baxanda necə möhtəşəm, əzəmətli, heybətli idisə, həyətə girəndə də hər şey elə o cür görünür: 15-20 metrə yaxın hündürlüyü olan qala divarları, onların həyətə saldığı ağır, üzücü, qaramat kölgələr... İçimdəki vahimə, qorxu-təlaş daha da şiddətlənir, alnıma soyuq tər gəlir, ürəyim qulaqlarımda, gicgahlarımda döyünür elə bil.

Növbəti addımlarımı daha ləng, çəkinə-çəkinə atıb, arabir ayaq saxlayır, həyəcanla, diqqətlə sağa-sola göz gəzdirirəm. Bayaqdan neçə dəfə dönüb baxmışam: kimsə dalımca gəlmir, izləyib eləmirlər məni, ins-cins yoxdur ətrafda. Qabağıma geniş, hündür pilləkən çıxır. Bir, iki, üç... beş, altı... doqquz, on... və on üç. Uğursuz, nəhs rəqəm! Budur, qarşımda böyük bir dəmir qapı, aralayıb içəri girirəm.

Və...

Yerimdəcə donub qalıram, sanki heç nə qavraya, heç nə dərk edə bilmirəm. Bir andaca şüurum qırıq-qırıq, kəsik-kəsik olur, beynim də bədənim kimi buz tutur elə bil.

Axı... bu nə deməkdir belə?!

Ağzı açıq, key-key ətrafa baxıb dururam: çox əsrarəngiz, müəmmalı, sirli bir məkandayam. İlahi, hara, necə bir yerə düşmüşəm mən?! Bu nə işdir axı başıma gəlir?! Bura hamının bildiyi, öyrəşib-alışdığı qədim, tarixi bir qala-filan deyil, hansısa saraydır. Kralların, şahların, sultanların yaşadığı dəbdəbəli, şahanə, füsunkar bir saray! Ya da yox, yox, dünyanın ən bahalı, müasir, ecazkar hotellərindən birindəyəm indi.

Ətrafı tədqiq etmək istəyən saf yadplanetli, ya da yolunu azmış təlaşlı turist kimi, oyan-buyana boylanıb harda olduğumu anlamağa çalışıram. Hər yan çox işıqlı, aydınlıqdır: cürbəcür rəsm əsərləri, portretlər, göz qamaşdıran iri, bər-bəzəkli büllur çilçıraqlar, böyük, mərmər heykəllər; nəfis naxışlı yoğun, hündür sütunlar, tağlar, freskalar... Dünənlə bugünün, keçmişlə müasirliyin sintezi... Gerçəkliklə xəyal, yalanla həqiqət, zaman və məkan – hamısı, bütün bu anlayışlar iç-içə keçib bir-birinə qarışır sanki.

Görən, neçənci əsrlərdə, haralardayam mən? XXI, ya orta əsrlərdə, antik dövrlərdə? Qalada, sarayda, ya hoteldə? Bəlkə, heç birində – absurd, irrasional, xəyali bir gələcəkdə, ya da kainatın küncündəki başqa bir planetdə, hansısa metafizik, paralel aləmdə? Tikilinin çölüylə içi düz gəlmir axı.

Qətiyyən düz gəlmir.

- Kimsə var burada? Eyy, eşidirsiniz məni? – yüksək səslə dillənirəm.

Hay verən yoxdur. Bayırdakı kimi burada, bu geniş məkanda da tək-tənhayam.

- Səsimi eşidirsiniz mənim? Burda kimsə var? Eyy...

Yenə sakitlik, sükunət.

- Hara gəlmişəm mən?! Bura haradır?! Niyə susursunuz, cavab verin!..

Əməlli-başlı səsimi qaldırıb qışqır-bağır salsam, nə qədər bir cavab gələcəyinə ümid etsəm də, ölü, üzücü sükutu pozan olmur. Azca da dayanıb dönə-dönə dərindən nəfəs alandan sonra yenə kiçik, ehmal addımlarla irəliləyirəm. Hər şey çox cəfəngdir, absurddur, hövsələm lap daralır, əsəblərim tarıma çəkilir.

Bəlkə, dünyanın sonu gəlib, həyatda tək sağ qalan adam mənəm, xəbərim yox. Ya ölmüşəm, cənnətə, yoxsa cəhənnəmə getməklə bağlı vacib, ağır bir sınaqdan keçirəm. Əvvəlcə uzun cığır, ardınca müəmmalı, əsrarəngiz qala, indi isə qalanın, ya sarayın, ya da hotelin geniş dəhlizləri... Deyəsən, dünyanın lap qurtaracağıdır bu yer! Yoxsa başlanğıcımı? Bilmirəm.

Bəs indi hara gedib çıxacam, daha nələrlə, hansı hadisələrlə üzləşəcəm? Bir kimsəylə qarşılaşacammı, görən? Anlaşılmazlıq, bilinməzlik ürəyimi üzüb əldən salır, beynimi keyidir, düşünməyə imkan vermir.

Yenə pilləkən, yuxarı qalxıram, uzun bir dəhliz, hər iki tərəfdə çoxlu otaqlar. Amma dəhliz yaxşı işıqlandırılmayıb, alaqaranlıqdır. İçimdəki vahimə güclənir, boğazıma düyün salıblar elə bil.

- Eyy... cavab verin də... Harda gizlənmisiniz, səsiniz gəlsin... Eyy, eşidirsinizmi məni?..

Sözlərim dəhlizdə əks-səda verib üstümə qayıdır. Sonra yenə bayaqkı kimi: ölü sükunət, səssizlik... Sağdakı otaqlardan birinin dəstəyinə əl atıb açmaq istəyirəm: bağlıdır, heç cür açılmır. Daha birini yoxlayıram, yox, bu da alınmır. Çevrilib soldakı otaqlara da baxıram. Bir şey çıxmır, hamısı bağlıdır, heç biri açılmır.

- Kimsə var? Cavab verin, niyə susmusunuz axı?! Deyin görək, haradır bura, hara düşmüşəm mən?!..

Dəhliz boyunca gedirəm, bura da eynən cığır kimi uzandıqca uzanır, bitmək bilmir. Birdən... sanki kimsə yaxamdan tutub saxlayır məni. İçimdən amiranə, hökmlü bir səs “dayan!” deyir, dayanıram. Nəzərlərim soldakı otaqlardan birinə yönəlir. Deyəsən, qapısı açıqdır, azacıq aralı. Görəsən, niyə, kim açıq qoyub ki bunu? Bilmirəm nə edim, bir anlıq duruxuram. Sonra tədricən tərəddüdümə üstün gəlib, yavaş-yavaş qapıya yaxınlaşıram:

“Bəlkə, lazım deyil, heç girməyim otağa. Arxama belə baxmadan qaçım, çıxıb gedim burdan, geri dönüm o cığırla. Axı cığırın sonu varsa, başlanğıcı da olmalıdır, hər halda! Başqa bir variant yoxdu, mütləq olmalıdır! Qorx bir az, qorx, qorx...”

Qapının düz ağzındayam. Hipnoz altına salınmış, transa düşmüş kimi özümü saxlaya bilmirəm, sanki sirli, qüdrətli bir əl dartıb aparır məni:

“Heç nə olmayacaq, qorxmalı nə var ki? Boş yerə şişirdirsən, özünü ələ al, nə ola bilər axı?.. Qabağa... daha bir addım... biri də...”

Otağın içində boylanıram. Tamam qaranlıqdır, zil-zülmət, qatı qaranlıq. Əvvəlcə, gözlərim heç nə seçməsə də, sonra asta-asta, tədricən qaranlığa alışır... Aman Allah! Dəhşət!! Bədənimin ortasından ildırım keçir elə bil: ayaqlarım yerə pərçimlənir, dilim damağıma yapışır, ürəyim çölə atılacaqmış kimi aramsız çırpınır.

Gupp, gupp, guppp...

Bura nədir belə?! 40-50 kvadrat metrlik otaqda döşəmədən-tavanacan, dörd bir yanda adamı lərzəyə salan, iliklərinəcən donduran kəllə sümükləri – insan kəllələrinin skeleti!.. Qalaq-qalaq, yığın-yığın, saysız-hesabsız... Qəbiristanlıqdayam, ya adi, sadə bir otaqda?!

Necə səssiz-səmirsiz, sakitcə girmişdimsə içəri, eləcə də, ehtiyatla, yavaşca qapını örtüb çıxıram oradan. Suallar isə dəli kimi beynimin divarlarını döyəcləyir: kəllələr kimlərə aid idi? Niyə, hansı səbəbdən bu otağa toplanmışdı? Axır-əvvəl bitəcəkmi bu kabus, bir sonu varmı yaşadıqlarımın?

Arxama belə baxmadan qaça-qaça, nəfəs dərmədən irəli yüyürürəm dəhliz boyunca.

“Bu lənət ərazidə gizli bir təriqət, təşkilat var, bəlkə? Adamları qaçırıb ayinlər keçirir, tək-tək öldürür, sonra da parçalayıb otaqlara doldururlar cəsədləri? Bəlkə, elə onlar qaçırıb dostlarımı?..”

Dəhlizin sonundayam. Yenə bir otaq, buranın da qapısı açıqdır. Yenə səssizcə yanaşıram, amma qapının ağzında dayanıram, girmirəm içəri.

- Nə durmusan orda?! Gəl, gəl görüm yanıma...

Otaqdan eşidilən səsə diksinirəm. Yerimdən tərpənməyib, nə edəcəyimi, nə deyəcəyimi bilmirəm.

- Eşitmirsən sən məni?! Qapı açıqdır, gəl, gəl görüm nə lazımdı sənə?

Xırıltılı, cod kişi səsinə tabe olub, Platonun mağarasına girən, dərin bir quyunun dibinə enən kimi, içəri keçirəm. Gözlərimin önünə bütün divarı boyaboy tutan böyük, hündür kitab şkafı açılır. Şkafın qarşısında alçaqboylu, tosqun, biçimsiz bir qoca. Əlində kitab var, nəzərlərini üstümdə gəzdirir. Sonra ördək kimi, ayaqlarını yan basa-basa, yırğalana-yırğalana soldakı masaya yanaşıb kreslosuna əyləşir.

Saniyələr keçir: bir... iki... üç... beş, on...

Diqqətlə süzürəm qocanı: keçəl baş, yumru sifət, geniş alın, iri, domba gözlər; girdə, ucu qalxıq burun, yekə ağız, qalın dodaqlar, səliqəsiz saqqal, köhnə, nimdaş geyim. Otaqda ayrı kimsə yoxmuş kimi, özünü çox rahat, sərbəst aparır. Nəhayət, başını kitabdan qaldırıb, sakit tərzdə, gülə-gülə dillənir:

- Niyə ayaq üstə durmusan? Çəkinmə, gəl, gəl keç otur. Yaman yorğun dəyirsən gözümə.

Tərəddüd içində duruxub qalıram.

- Nə baxırsan, otur demirəm sənə?! Qorxma, sancıb eləyən deyiləm, məndən adama zərər gəlməz.

- Siz... Axı siz kimsiniz?! Cavab verin, yoldaşlarım, dostlarım hanı?!

Qoca sirli-sirli, mülayim tərzdə qımışır.

- De görüm, axı sən nədən narahatsan? Belə gərgin, əsəbi olma, özünü topla, hər şey qaydasındadır. Özü də mən sənin dostlarını-filan tanımıram. Sadəcə, bayaqları gözüm monitora sataşmışdı, gördüm, dəhlizdə təşviş içində var-gəl edirsən, dedim ki, çağırım, bir azca söhbətləşək, - qoca başı ilə qarşı divarı işarə edir.

Yüngülcə qanrılıb çiynimin ardından divardan asılmış iri, ekranı bir neçə yeri göstərən monitora nəzər salıram:

- O otaqdakı insan kəllələri, skeletlər... Danışın, deyin görək, nə anlama gəlir bütün bunlar? – dərhal da baxışlarımı qocanın üzünə qaytarıb soruşuram.

- Yaxşı, yaxşı, sakitləş. Soyuqqanlılığını, təmkinini qoru. Deyəsən, hərarətin yaman qalxıb.

- Sözü qatmayın! Cavab verin mənə! Elə bu saniyə, bu andaca! Axı kimsiniz siz, nə işlərlə məşğulsunuz burada?!

- Dedim axı, sakitləş. Özü də nə qışqırırsan, səsin başıma düşür... Hə, bağışla, otağın qapısını bağlamaq yadımdan çıxmışdı.

Qocanın laqeydliyi, saymazyanalığı məni lap dəli eləyir, səbrim tamam tükənir. Amma hövsələmi basıb bir söz demirəm, keçib otururam kresloda.

- İndi necəsən, hə? Bir az özünə gəldinmi? Hərarətin yavaş-yavaş düşür, deyəsən? – əlini alnımın ortasına uzadıb ciddi-ciddi deyir.

- Çəkin əlinizi! Nə hərarət, nədən danışırsınız siz?! Ümumiyyətlə, bu nə hoqqadır çıxarırsınız?! Mən çox yaxşıyam, sağlamam, özümü lap əla hiss edirəm!.. Sualıma cavab verin əsas! Kimlərə aiddir otaqdakı o kəllələr?! Təkrar edirəm, kimsiniz siz və nə işlərlə məşğulsunuz burda?!

- Mən də təkrar edirəm: qışqırma, səsin özünə xoş gəlməsin! Adama bir sözü neçə dəfə demək olar axı?! Off, yaman başımı ağrıtdın, – başını bulaya-bulaya indi də əlini öz alnına aparır qoca: – Kim olduğumu soruşursan, nəylə məşğulam? Mən qoca bir kişiyəm, bura mənim evimdir və mən evimdə oturub düşüncələrə dalıram. Əvvəllər fikirlərimi qələmə almağı sevməzdim, indi isə dövr dəyişib, kompüter arxasına keçib bütün günü yazıram. Qoy gələcək nəsillərə miras qalsın əsərlərim, istəyəndə açıb oxusunlar.

Key-key baxıram. Qoca dərindən köks ötürüb kreslosuna söykənir, ayağını ayağının üstünə aşırır, üzündə xoş ifadə sakit tonda, aram-aram danışmağa başlayır:

- Arabir vaxt tapan kimi evdən çıxıb çöllükdə gəzişirəm. Düzdür, buralar elə də əlverişli, səfalı-filan deyil, nə bir havası var, nə də bir mənzərəsi, gözəlliyi. Amma, hər halda, ayaqlarıma hərəkət lazımdı. Yaşlı adamam, gərək canıma baxam, az-çox sağlamlığıma fikir verəm. Deməli belə, çöllükdə gəzişəndə tez-tez dayanıb fikrə gedirəm, yeni-yeni ideyalar tapmağa çalışıram... Yaxşı, bilirsənmi cığırla yeriyəndə ağlımdan nələr keçir, hə?

- ...

- Fikirləşirəm ki, insan ömrü də bu cığır kimidir. Əvvəlcə deyirsən, çox uzundu, bitmək bilmir. Amma sonra görürsən yox, belə deyilmiş: necə hər şeyin bir sonu var, eləcə də cığırın, ömrün hansısa məqamda bitiş nöqtəsi olur. Digər tərəfdən, hər şey nisbidir. Məsələn, insan ömrü təzə çiçək açan gülün ömrünə nəzərən çox, hələ sonu gəlməyən, dağılmayan dünyaya nisbətən isə azdır. Baxır müqayisəni nə ilə aparırsan. Amma məni tamam başqa mətləb düşündürür: sürət!.. Yəqin, tutursan fikrimi. Yəni ki, addımların sürəti, yeyinliyi yolu qısalda da bilər, uzada da. Deməli, söhbət tək uzunluqdan, məsafədən getmir, fəlsəfi nöqteyi-nəzərdən baxanda burada daha qəliz məqamlar var. Başa düşdün, bildin nə deyirəm?

Qoca danışdıqca cığırla getməyim, əsrarəngiz qalaya, ya saraya, hotelə girib sağa-sola vurnuxmağım, “ölülər otağı”, oradakı kəllə skeletləri yadıma düşür.

- Qoy mən sənə bir söz də deyim, qulaq as: bu tikili, bu məkan, əslində, dünyaya bənzəyir, yox? Təsəvvürünə gətirə bilirsənmi, yüzillər, minillər boyunca necə hər şeyə şahidlik edib: təbii fəlakətlər, yoluxucu xəstəliklər, qıtlıq, müharibələr, imperiyaların yaranıb-dağılması... Həyat inkişaf etdikcə mənim evim də yenilənir, müasirləşir. Amma nə olsun, insan yenə insandır. Yenə müharibələr, qırğınlar, zorakılıq, aclıq, səfalət... Bir tərəfdən də baxıram, yox, hər halda, az-çox fərqlər var. Yeni mədəniyyətlər, sivilizasiyalar, təhsil, təlim-tərbiyə... Düzdürmü, razısanmı?..

- ...

- Yeri gəlmişkən, insanlar hələ də mistik qüvvələrə, uğursuz rəqəmlərə, lənətlənmiş ərazilərə, ruhlarla dolu qaranlıq qəsrlərə, ya da, nə bilim, sirli otaqlara-filan inanırlar. Güzgü sındı, qara pişik keçdi, taxtaya vur, ya nərdivan altından keçmə, qapalı məkanda çətir açma... Boş-boş şeylərdi hamısı! Eşitdin məni?! Sayıqlamalar, insan beyninin sayıqlamaları, uydurmaları! İnanma sən belə söhbətlərə. Yoxsa aldadacaqlar. Qəribədir, zaman dəyişir, hər şey yenilənir, amma gərək düşüncə, təfəkkür də dəyişsin axı. İnsan mütləq müdrikləşməlidir. Nə isə, deyəsən, yaman çox danışdım, sənin də zəhləni tökdüm atmilçəyi kimi, - qoca ağzını açıb əsnəyir.

Mənsə heç nə anlaya bilmirəm. Başa düşmürəm ki, nə çərənləyir, niyə gəvəzələyir bu adam? Gah cığırdan, “qala”dan, gah ömürdən, dünyadan, gah da mistik məsələlərdən, batil inanclardan dəm vurmaqla nə demək istəyir, nəyi sübut etməyə çalışır?

- Elə bilmə ki, başım çaşıb, ağlıma gələnləri danışıram, - yenə dilə gəlir qoca: – Sadəcə, özümü tanıyandan bu yana sual verməyi sevirəm, diqqətlə qulaq assan, hikmət taparsan sözlərimdə. Mənasızlığı mənalandırmıram ha, səhv başa düşmə. Mən həqiqət axtarışındayam, başqa heç nə. İstəyirəm, sən də daim axtarışda olasan, mənim kimi düşünməyi, mühakimə yürütməyi öyrənəsən. Yaxşını yamandan, düzü səhvdən, gerçəyi yalandan ayırmaq lazımdır, ya yox? Yaxşı, niyə susursan, danış ki, tanıyım səni. De görüm, indi necəsən? Özünə gəlirsənmi yavaş-yavaş?

- Nə olmuşdu ki mənə?! Sözü qatmayın, cavab verin, deyin görək, nə otaq idi o elə?!

- Dedim axı, qapını bağlamağı unutmuşdum, sadəcə. Başa düşürəm, orada gördüklərindən çox qorxmusan, amma narahat olma, həyatın qaydası, qanunu belədir. Kimsənin əlindən bir şey gəlmir, neyləyək? İnsan doğulur, yaşayır və ölür, vəssalam. Bilirsənmi, otaqdakı kəllələr kimlərə aiddir? Qoy deyim: dünyanın ən güclü, qüdrətli, şanlı fatehlərinə, şahlarına! Onlar da hamı kimi ölüb getdilər, taxt-tacdan yapışıb əbədi yaşamadılar ki? Halbuki bütün cahana, dünyaya hökm edirdilər. Belə baxanda, hamımızın axırı eynidir. Bir gün sən də öləcəksən, mən də, qalan milyardlarla insan da. Zaman kimsəyə aman eləmir çünki. Başlanğıc varsa, son da var, olmalıdır hökmən... Ehh, son vaxtlar yaddaşım xeyli zəifləyib, heç bilmirəm, neçə yaşım var. Bəlkə, 1000, ya 1500, ola da bilsin, 2000, 2500... Həmişə demişəm: “Təkcə onu bilirəm ki, heç nə bilmirəm”. Ey cavanlıq, cavanlıq... Kaş geriyə, keçmişə dönmək mümkün olaydı, Afinadan, Aqoradan ötrü elə darıxmışam ki. Bilirsənmi, mənə elə gəlir...

Qoca eyni ahənglə, eyni ritmlə danışığına davam etsə də, mən artıq qulaq asmıram ona. Fikrim tamam ayrı, başqa-başqa yerlərə uçub gedib. Nədənsə yoluxucu xəstəliyə tutulan yoldaşım, onun yüksək hərarətin, qan-tərin içində yatağa düşüb şaqqıldaya-şaqqıldaya qalması, durmadan kabuslar görüb öz-özünə mızıldanması, sayıqlaması yadıma düşür.

# 2687 dəfə oxunub

Müəllifin son yazıları

# # #