Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi
5 dekabr 2024
# 15:17

Kulis.az Günel Mehrinin "Sarmaşıq" adlı yeni hekayəsini təqdim edir.

Əvvəllər heç önəm verməmişdi ki, əslində, bütün münasibətlərin ilk təması əllərlə başlar, əllərlə də sonlanar. Məgər ki, əllərin rəqsi çox önəmliymiş və yalnız iti gözlər bu ani və mübhəm rəqsdən xəbərdar ola bilərdi. Elə soyuqluğu da ilk əllər duyurmuş. Daxili aləmdə baş verənlərin əks-sədası əvvəlcə onları dondururmuş. Nə gözəl deyilib: “Qızınmağa yerin varsa, üşümək də gözəldir...”

Donurdu əlləri və qızınmağa doğma bir yer tapmırdı. Son zamanlar hara getsə də, nə geyinsə də bu soyuq əllərindən çəkilmirdi. İsti içkilər içirdi, əlcək taxıb əllərini qızdırmağa çalışırdı, amma xeyri yox idi. Zamanla başa düşdü ki, bu soyuğun kökü xaricindən deyil, daxilindən qaynaqlanır. Çünki üşüyən bədəni yox, gündən-günə tənhalaşan qəlbi idi. Birdən elə qəribsədi ki... Əllərinin onun əlləri ilə qucaqlaşmasından - sarmaşıq kimi bir-birinə sarılmasından ötrü burnunun ucu göynədi... Sarmaşıq kimi... Sarmaşıq... Aşeka... İlk dəfə bu kəlməni ondan eşitmişdi...

- Sevgi nədir, səninçün?
- Sevgi... Nə bilim. Hərədə bir cür olur bu hiss. Mənə görə sarmaşıqdır...
- Ha, ha, ha, ha... Sarmaşıq?
- Aha. Sar-ma-şıq!
- Sarmaşıq niyə? Gül, çiçək, kəpənək kimi gözəlliklər dura-dura niyə sarmaşıq?
- Hm.. Bunun fəlsəfəsi var... O dediklərin gözəldir e, amma sevgi bənzətməsi üçün çox adidir.
- Məncə, çox həyasız bitkidir sarmaşıq.
- Ola bilər. Amma həyalı sevgi də ancaq nağıllarda olur. Leyli-Məcnun kimi... Bax, məsələn, güllər, ağaclar düz bitir. Amma sarmaşıq... O, ağaca sarılır, sarıla-sarıla böyüyür, ağacla bütövləşir. Və bir gün ağac və sarmaşıq vəhdətə çevrilir. Fikir versən, "sarmaşıq" sözünün kökündə belə sarılmaq, sarmaq var.
- Bağımızda görmüşdüm. Sarmaşıq yazıq qızılgülə elə sarılmışdı, gül əməlli-başlı saralmışdı. Nə qədər elədim, ayıra bilmədim güldən.
- Bəs nə deyirəm. Sevgidə də elə olur. Biri digərinin sevgisindən qidalanır. Əslində, bitkilərin xarakterində insanlara aid çox xüsusiyyətlər var. Fikir vermisən, insanlar aşiq olduqları dönəmdə sarmaş-dolaş gəzirlər. Əllərini, barmaqlarını bir-birinə kilidləyirlər. Bərk-bərk sarılırlar. Bax belə…

Onun əllərini əllərinə alır. Barmaqlarını bir-birinə keçirir. Sonra əlləri aşağı-yuxarı, yanlara doğru hərəkət etdirir, bir növ, rəqsdəki kimi.
- Sarılmaq niyə bu qədər önəmlidir ki?
- Çünki sən sarıldıqda qarşı tərəfi həm vücud, həm ətir, həm də ruh olaraq duya bilirsən. Onu nə qədər arzuladığının fərqinə varırsan...
- Axı, arzulamağın kökündə ehtiras durur...
- Ehtiras da sevgiyə aiddir. Sevgini ehtirassız təsəvvür etmək mümkün deyil...
- Belə de...

O vaxt onu haqsız çıxarmaq istəyirdi. Amma indi qəlbinin dərinliyində haqlı sayırdı. Və ən pisi o idi ki, özünə belə etiraf etməkdən çəkinirdi bu acı həqiqəti... Sən demə, həyatımızın ən qlobal çətinliyini “yox” əvəzinə “hə”, “hə” əvəzinə “yox” deyəndə yaşayırıq. Sadəcə, bunu çox gec başa düşmüşdü. Onu itirdikdən sonra...

- "Eşq" sözü var a... Bilirsən ki, onun da kökü ərəbcə "aşeka" sözünə bağlıdır?
- Hmm. Eşitməmişdim. Aşeka... Nə qəribə sözdür. Türkcə "aşk" sözünü xatırlatdı.
- Hə də. Elə "aşk" sözü "aşeka" sözündən gəlir. "Aşeka" ərəbcədən tərcümədə "sarmaşıq" deməkdir. Aşeka, yəni ağaca sarılıb onu qurudan sarmaşıq...
- Nə məntiqsiz fikirdir. Eşq niyə qurutsun ki... Eşq insanı bəsləyir, böyüdür, gözəlləşdirir axı... Özün demirdin, son vaxtlar gül kimi açmışam, işıq saçıram. Məncə, bunlar hamısı eşqdəndir...
- Yenə də deyirəm, gün kimi işıq saçırsan.
- Ey eşq, sən nələrə qadirsənmiş...

Mübahisələri bitər-bitməz yenidən bərk-bərk sarıldılar. Sonra tanqo oynadılar. Düzdür, kinolardakı kimi alınmadı. Bir az sınıq-salxaq idi, amma olsun. Əsas təbii idi, içlərindən gələn kimi. Rəqsin arasında dodaqlarını düz qulağına yaxınlaşdırıb pıçıldadı:

- Deyirlər, tanqo sevgi rəqsidir. Mənsə deyirəm, sevgi özü elə tanqo ritmindədir. Sevəndə biz bütün enişləri, yoxuşları, sıçrayışları və zirvəsi ilə əsl tanqo həyəcanı yaşayırıq.

Qadın ovcu ilə onun ağzını qapadı:

- Onda susss. Gözlərini yum. Sadəcə, ritmə qulaq ver... Eşqin ritminə...

Qarşıda hələ çox rəqsləri olacaqdı. Bədənlərinin ahəngi, qəlblərinin döyüntüsü, əllərinin sarılması çox ritmlərdə dəyşəcəkdi. Bu, çox möhtəşəm bir enerji mübadiləsi idi. Bu ritmlərdə gözlə görünməyən, yalnız ikisinin hiss edə bildiyi qızılı qığılcımlar keçəcəkdi əllərinin arasından. Və bu hələ sarmaşığın qızılgülə ilk həmlələri idi...

***

İlk dəfə idi üzbəüz durduqları. İkilikdə söhbət etdikləri. Ətrafdan adamlar keçirdi. Heç kimin fərqində deyildilər. Elə bil ikilikdə başqa bir zaman kəsiyinə, ya da məkana transfer olunmuşdular. Heç kimin onları görmədiyi və duymadığı bir yerə...

- Niyə elə baxırsan mənə?
- Sarılmaq istəyirəm, bərk-bərk sarılmaq və buraxmamaq!
- Niyə?
- Bunun niyəsi olur ki. Yəqin antennalarımız tutur deyə. Bu, qarşısıalınmaz bir dalğadır. İki insanın energetik bağlantısı... Üstəlik, tibb də deyir ki, bol-bol qucaqlaşın. Onda bütün xoşbəxtlik hormonları çoxalır. Endorfin, seretonin...
- Yaxşı.
- Nə yaxşı?
- Qucaqla məni. Elə burda. Elə indi.
- Axı baxırlar.
- Fərqi yoxdur. Baxsınlar. Mən bu anı yaşamaq istəyirəm.
- Qorxmursan?
- Yox. Biz varıq. Başqa heç kim...

Sarıldılar. Düz yolun ortasında. Günün günortasında. Şəhərin ən qaynar nöqtələrindən birində. Bundan əvvəl də dəfələrlə qucaqlaşdıqları insanlar olmuşdu. Amma heç kimlə, ən yaxınları ilə də bu təmasdan sonra belə rahat, güvənli və sakit hiss etməmişdilər. Bütün hüceyrələrinə həzin-həzin doğmalıq hissi yayılırdı. İndi fərqinə varmışdılar ki, sarılarkən vücudun bütün nöqtələri birləşirmiş. Və bir də ürək döyüntüləri... Onun ürəyinin öz bədəninin sağ boşluğunda, öz ürəyinin onun bədəninin sağ boşluğunda həmahəng guppultusu eşidilirdi. Elə bil bu ürəklər həmin boşluqları doldurmaq üçün imiş... Yerinə oturan iki uyğun pazl kimi...
- Deyirlər, qədim-qədim zamanlarda hər insanın vücudunda qadın-kişi birgə yaşayırdı. Özü də çox xoşbəxt. Sonra bir gün nə etdilərsə, Tanrının qəzəbinə tuş gəldilər və O, bu vəhdəti iki yerə ayırdı. Beləcə, qadın ayrı, kişi ayrı bədəndə oldu. Amma o vaxtdan bu yarımçıqlıq hissi onların ruhundan çəkilmədi və bu yarım canlar bütövləşmək üçün başladılar öz yarını axtarmağa. Və yalnız nadir hallarda onlar rastlaşıb bir-birini tanıyırdılar. Və onda heç kimlə olmayan qədər tamlıq, bütövlük, vəhdət hissi yaranırdı.
- Bizdəki kimi?
- Hə...
- Bəs başqaları ilə belə olurdu?
- Bizdəki kimi?
- Yox... Oxumuşdum ki, bu cür qəlb bağı ilə bağlılıq ancaq alov ekizlərində olur.

Alov ekizləri... Ruh ekizləri barədə məlumatı vardı. Bilirdi ki, ruhən yaxın hiss edən, düşüncələri üst-üstə düşən insanlardır ruh ekizləri. Amma alov ekizləri ilə bağlı heç nə bilmirdi.

Ayrıldıqdan bir xeyli sonra internetdə bu ifadə ilə qarşılaşdı. Maraq güc gəldi. Başladı araşdırmağa. Bu haqda çoxlu məqalələr oxudu, videolara baxdı. Alov ekiziylə rastlaşmış yüzlərlə insanın şərhini nəzərdən keçirdi. Hətta biriylə yazışdı da. Müqayisələr aparmaq, içini gəmirən suallara cavab tapmaq üçün. Və sualları cavablandıqca məyus oldu. İçindən ona zəng edib dəli kimi qışqırmaq keçdi: “Düz deyirdin. Yenə də haqlı çıxdın. Alov ekizləri mövcud imiş... Bizim kimi…”

Rusiyada yaşayan bir özbək qadın idi alov ekizləriylə bağlı yazışdığı şəxs. Özündən 10 yaş kiçik alov ekizi ilə virtual aləmdə rastlaşanda ayrı-ayrı ölkələrdə yaşayırmışlar. Millətləri, həyatları fərqli idi. Qadın evli olmuş, ayrılmışdı. Övladı vardı. Kişinin də öz ailəsi. Bu münasibət mümkünsüz görünürdü əvvəl-əvvəl. Onları məsafələr ayırırdı, amma telepatik dalğalarla bir-birlərinin fikirlərini oxuyurdular. Təzə-təzə bunları təsadüf saysalar da, zamanla bu təsadüflərin zərurətdən doğduğu ilə barışdılar. Sonra aralarında yaranan qarşısıalınmaz doğmalıq hissi bütün bütləri yıxdı, sərhədləri çeynədi. Dəyişdilər, bir olmaq üçün çox vərdişlərindən vaz keçdilər. Nəhayət, birləşib iki qopmuş pazl kimi bütöv oldular. O vaxtdan illər ötüb. Amma eyni həyəcan, eyni doğmalıq hissi onları tərk etmir.
- Bəs hamı tapır alov ekizini?
- Yox. Çox az adam alov ekizi ilə qarşılaşa bilir. Amma görən kimi tanıyır. Fitrətdən gələn bir doğmalıq hissi yaranır elə ilk baxışdan, ilk sözdən. Amma ən önəmlisi qarşılaşma deyil. Uzlaşmadır. Çox vaxt mümkünsüz olur bu insanların münasibəti. Yəni cəmiyyət qanunlarına zidd görünür. Bax onda seçim qarşısında qalırlar...

Həqiqətlə burun-buruna gəlmək bəzən sarsıdıcı olur. Sarsılmışdı bunları öyrənəndə. Özbək qadın yazırdı ki, bu qarşılaşma zamanı eşqin elə bir halı yaşanır, sən öz əksinə baxırsan o insana baxanda. Güzgüdəki kimi. O qədər bənzər və o qədər də fərqli görünürsüz ki, bir növ qaranlıq tərəfinlə qarşılaşırsan. Həyatın, düşüncələrin, qanunların, olmazların dəyişir. İçindəki qadın enerjisi ilə tanış olursan. Çünki alov ekizinlə qarşılaşma bütünlüklə yenilənmədir. Və bütünlüklə təslimiyyətdir.
- Təslimiyyət…
- Hə. Eşq - başdan sonadək "sənə təslim oluram" deməkdir, "özümü, ruhumu, qəlbimi, vücudumu sənə verirəm" deməkdir. Bu elə bir bağlılıqdır ki, ağıl nəzarətdən çıxır. İngilis dilində bu ifadə “falling in love” kimi çox dəqiq səslənir. Yəni eşqin içinə düşürsən, yıxılırsan. Onda həll olursan. Katarsis baş verir. Beynindəki əlavə düşüncələrdən, neqativ hisslərdən arınırsan. Və yalnız bu katarsisdən sonra eşqin zirvəsinə yüksəlmək mümkün olur…
- Bəs bir-birini tapandan sonra ayrılanlar?
- Əlbət ki, ayrılanlar da olur, qovuşanlar da. Bu, tərəflərin mücadiləsinə bağlı. Amma ayrılsalar da bütün sonrakı münasibətlərdə bir boşluq, natamamlıq hissi qalır. Yəni alov ekizinin ruhundakı yeri heç vaxt dolmur…
***

Kafedə “Lovers in Paris” melodiyası. Üzbəüz oturub, sadəcə, baxışırlar. Baxışları danışır, dodaqları susur. Əlləri də fincandakı içilməmiş çay kimi soyuqdur…

- Özün də bilirsən… Olmur. Alınmır…
- Bilirəm… Ruhlar eyni, yollar fərqlidır…
- Hə… Bəlkə…
- Məncə də…
- Sənin üçün darıxacam.
- Mən də…
- Yolun açıq olsun.
- Xoşbəxt ol…

Əlini uzadır, bir anlıq donmuş əllləri qovuşur. Son dəfə...

***

Bağdadır. Rəngi-rufu saralıb. Bir tərəfdə samovar pıqqıldayır, bir tərəfdə radioda musiqi gedir: “Gülüm, günün güllərimi qurutdu....” Diqqətlə sarmaşıqlara baxır. Qızılgülü dövrəyə alıblar. Gül də solub bu sıx təmasdan. Ürəyi sıxılır. Bağ qayçısını götürüb sarmaşıqları doğrayır. Sonra solmuş gülün kökünü bir dibçəyə basdırıb tozlu əlləri ilə tərini silir. Yavaş-yavaş nəfəsi aramlaşır. “Qoymayacam quruyasan... Sən hələ çox gül açacaqsan...”

...Günlər keçir. Gül yenidən qönçələyir. Dibçəyi sulaya-sulaya gülümsünür...

***
Metro. Qatar qaranlıqdan işığa çıxıb dayanır. Sərnişinlər qatara minmək üçün vaqonlara yaxınlaşır. Bir anlıq gözləri qarşılaşır. Şüşənin arxasından baxışları bir-birinə ilişib qalır.

“O...”
“Hə, odur...”
“Necə arıqlayıb...”
“Hm... Saçları ağarıb...”
“Qapılar açılır”
- Ooo. Yenə də qarşılaşdıq...
- Hə... Gözləmirdim.
- Taleyin qəribə oyunları varmış. Neçə il olar görüşmədiyimiz?
- İnan, heç bilmirəm... Necəsən?
- Hər şey yaxşıdır. Xaricdən yeni qayıtmışam.
- Eşitdim, evlənmisən...
- Hə. İki qızım var. Birinin adı Sevgi, o birinin adı Eşq.
- Allah qorusun. Nə gözəl.
- Nəyə güldün?
- Heç... Aşeka yadıma düşdü...
- Hə... Aşeka... Demək, yadındadı...
- Ana, düşmürük?
- Az qalıb, Simurq. Darıxma.
- Oğlundur? Allah saxlasın. Nə maraqlı adı var.
- Hə... Simurq quş adıdır.
- Deyəsən, Simurq əfsanəsi də var. Öz küllərindən doğulan quş...
- Hə... Əfsanəyə görə, nə qədər yansa da, hər dəfə daha gözəl, daha parıltılı, daha güclü olur...
- Bu arada, əla görünürsən. Saçların da dəyişib, qısalıb...
- Hə... Çox sağ ol. Deyirlər, qadın ilk saçlarına qıyır stresə düşəndə... Saçlarının ucuna yığılmış neqativ enerjidən azad olmaq üçün.
- Hm...

Qapılar açılır.
- Di salamat qal. Səni gördüyümə şad oldum.
- Mən də... Allaha əmanət ol.

İlk dəfə vidalaşanda əl verib görüşmürlər. Sadəcə, əl edirlər bir-birlərinə. Əvvəllər heç önəm verməmişdilər. Sən demə, bütün münasibətlərin ilk təması əllərlə başlayır, əllərlə də sonlanır. Məyər ki, əllərin rəqsi çox önəmliymiş və yalnız iti gözlər bu ani və mübhəm rəqsin sirrindən xəbərdar ola bilərdi...

“Qapılar bağlanır. Növbəti stansiya “Sahil”

Qapının şüşəsindən son dəfə baxışırlar. Beyinlərindən eyni fikirlər keçir: “Hm. Bu da son... Bəlkə? Amma yox... ”

Qapılar bağlanır və bu ani görüş də keçmişdəki bütün görüşləri kimi qatarın sürətlə irəlilədiyi qaranlıq tunelə qarışır. İkisi də təsirləniblər, amma dodaqlarına xoş təbəssüm qonub. Göz təmasları bitsə də, ürəklərində yarım qalmış dialoqu davam etdirirlər. Əvvəlki vaxtlardakı kimi:

“Səncə, niyə alınmadı bizdə?”
“Kim deyir ki, alınmadı?”
“Yəni nəticə olmadı da.”
“Baxır nəticə dedikdə nəyi nəzərdə tutursan? Məsələn, mən sevgi prosesinin özünü sevirəm. O duyğunu yaşamağı. Sevinci ilə, hüznü, həsrəti, iztirabı ilə... Belə olanda son nəticə o qədər də böyük rol oynamır.”
“Demək, bu fikir doğru imiş? Ayrılıq da sevgiyə daxildir...”
“Hə. Kim deyibsə, dəqiq deyib. Yəni zamanı gələndə buraxmaq lazımdır. Bitirəndə də gözəlliklə bitirmək, gedəndə də sakitcə getmək, olub-keçənləri çirkinləşdirmədən, uzatmadan sağollaşmaq lazımdır.

Dostluq olsun, sevgi olsun, ailə olsun, bu, belə olmalıdır. Yəni sevginin bir üzü ayrılıqdır, gülüm...”

“Yəqin ki, sevginin böyüklüyü də bunda imiş. Əlində bərk-bərk tutub didişdirmək əvəzinə, daşıya bilmədiyin bütün münasibətləri həyatın axınına buraxasan gərək.. Sarmaşıq məhv etməmiş...”
“Hə... Sarmaşıq məhv etməmiş...”

20.11.2024

# 1321 dəfə oxunub

Müəllifin son yazıları

# # #