Bu gün rejissor, kinodramaturq, Xalq yazıçısı Maqsud İbrahimbəyovun doğum günüdür.
Kulis.az ədibin "Kərgədan buynuzu" povestindən bir hissəni təqdim edir.
Qaşqabağını töküb oturmuş arvadının görkəmi onu qoymurdu fikrini cəmləşdirsin. Odur ki, Rauf qalxıb qayınatasının iş otağına keçməli oldu: o biri otaqlara nisbətən bura onun daha çox xoşuna gəlirdi. Qapını arxasınca örtüb, hələ qayınatası ilə söhbət zamanı başında yaranmış planın bəzi detallarını xəyalən dəqiqləşdirməyə başladı. Bu otaqdan göy dəniz və Bir May münasibətilə rəngbərəng bayraqlarla bəzədilmiş gəmilər görünürdü. Ancaq pəncərədən gah quşların həyəcanlı civiltisi, gah da körpə yarpaqların xışıltısı eşidilirdi; bu da o demək idi ki, tələsmək lazımdır - bahar gəlib. O, qonaq otağına qayıtdı.
Arvadı ilə qayınanası kinodan qayıtmış uşaqları yedirdirdilər. Səbrini basıb gözləməli oldu. Yemək mərasimi qurtaran kimi, elan elədi ki, evə getmək vaxtıdır və bu da arvadının ürəyindən olmadı. Dəhlizdə onlar qohumları ilə rastlaşdılar. Qayınatanın bacısı oğlu Kamil idi - arvadı ilə təşrif gətirmişdi. O, hər şənbə dayısına baş çəkirdi. Halbuki, Raufun fikrincə, buna heç bir ehtiyac yox idi, çünki son üç ili, bacıoğlu aspiranturanı qurtarandan sonra, hər ikisi bir institutda işləyirdi və dayısını işdən sonra evə ötürəndə dərin bir məhəbbətlə sevdiyi xalası ilə demək olar ki, hər gün görüşürdü.
Onların bir idarədə işləmələrini Rauf ehtiyatsızlıq kimi qiymətləndirirdi, amma nə qayınatası, nə də Kamil onun fikri ilə heç hesablaşmırdılar, Kamil dayısı ilə hətta bir mərtəbədə işləyirdi, bu da ki, Raufun fikrincə, ictimaiyyəti daha artıq qıcıqlandırırdı. Hərçənd bu üç ildə bir dəfə də olsun onların ünvanına qohumbazlıq üstündə, himayədarlıqla əlaqədar ittiham irəli sürülməmişdi, Rauf uzaqgörən bir adam kimi yaxşı bilirdi ki, gec-tez onlardan biri özünə başqa yerdə iş axtarmalı olacaq. Və bu lovğa, özündən razı gəncə ürəyinin dərinliyində gizli bir kin bəslədiyi üçün arzu eləyirdi ki, bu əhvalat onun müdafiəsindən əvvəl baş versin.
- Tacir oğlanlara eşq olsun! - Kamil qəsdən onu xüsusi bir təntənə ilə salamladı və Raufun görüşməkçün uzanmış əlini cavabsız qoyub, qarnını sığalladı.
- Bunu da ki, xüsusi bəsləyirsən də?
Kamilin arvadı Minarə gülməyini zorla saxladı. O, boylubuxunlu bir qadın idi və onda o qədər şirinlik, cazibə var idi ki, Rauf hər dəfə onu görəndə içərisindən mum kimi əriyirdi. "Gül, gül, - deyə o, Minarənin gülümsəyən gözəl dodaqlarına baxa-baxa fikirləşdi, - çox güman ki, lap yaxın vaxtlarda mən sənin o bir dılğır dissertasiyandan ötrü ayın hər iki başı düşüb ezamiyyətdə qalmış lüt-üryan ərindən qədd-qamətli yaraşıqlı olacağam. Onda baxarıq bizim üçümüzdən kim güləcək".
Birdən Rauf bu yersiz görüşdən heç olmasa bir xeyir götürmək qərarına gəldi. Odur ki, mehriban, xoş bir təbəssümlə Kamilə üz tutub dedi:
-Hə, yaxşı gördüm səni, elə bu gün yadıma düşmüşdün. Sən gəl mənə bir məsləhət ver: bu ovçular cəmiyyəti var ey, ora üzv olmaqçün nə eləmək lazımdır?
- Ovçular və balıqçılar, - Kamil ona dərhal düzəliş verdi və təəccüblə soruşdu: - Sən özün ora üzv olmaq istəyirsən?
- Əlbəttə, özüm. İşim-gücüm qurtarıb, başqası üçün xahiş eləyim?!
- Axı mən biləni, ömürbillah sənin ovdan zəhlən gedib, üstəlik, təbiətin gözəlliyini də heç vaxt duymamısan. Birdən nə oldu ki, ovçuluq eşqinə düşdün. Səhv eləmirəmsə, biz səninlə gərək ki, bir dəfə ova getmişik. Lənkəran tərəfə deyəsən, hə?
Rauf on il əvvəl qayınatası və Kamillə bir yerdə Qızılağac qoruğuna getdiklərini xatırladı və qanı qaraldı:
- Onun harası ov idi?!
Həmin səfərdən o, dilxor qayıtmışdı. Kənardan baxanda bu, həqiqətən ova oxşayırdı. Qayınatası ilə Kamil lap yaxın məsafədən sakitcə durub onlara tamaşa eləyən heyvanlara avtomat beşaçılan tüfənglərdən atəş açırdılar. Yaralı marallar, ceyranlar yüz-yüz əlli metr qaçandan sonra yavaş-yavaş yerə sərilirdilər. Onlar yuxulu vəziyyətdə heç nə görmür, heç nə eşitmir, dərilərinə xüsusi rəngli işarə qoyub, yuxu güllələrinin dəydiyi yerə leykoplastr yapışdıran adamlara məhəl qoymurdular. Bütün günü beləcə davam elədi.
Buterbrodlarını da ayaqüstü yedilər. Sonra Rauf ocaq qalamaqçün xeyli çır-çırpı, quru budaq yığdı və bıçağını çıxarıb quzudan azca böyük maral balasını kəsmək istədi ki, kabab çəksinlər. Kamillə qayınatası onu kənara itələyib bir hay-küy saldılar, bir hay-küy saldılar, elə bil o, bıçağı onların babaları Qəzənfərin ürəyinə sancmaq istəyirmiş, Rauf bərk incimişdi, çıxıb gedəcəkdi də, maşın dayanacağına cəmi beş kilometr olardı, amma yol iki yerdə qamışlıqdan keçirdi, qorxurdu ki, aza.
O, gələcəkdə çəkiləcək qaz kəməri üçün hazırlanmış beton borunun üstündə oturub fikirləşirdi ki, sən bir dünyanın işinə bax, beş-on manatlıq bir heyvanın üstündə qohuma elə bozarır, az qalır insanlıq sifətindən çıxsın. Rauf həm də bu heyvanpərvərlərdən adi şəhər şəraitində necə əvəz çıxacağını götür-qoy eləyirdi. Elə bu vaxt ağacların arxasından zorba bir qaban (çöldonuzu) çıxdı. Rauf baxıb gördü ki, qoruğun başqa sakinləri, məsələn, marallarla, qızılqazlarla və hətta çaqqallarla müqayisədə bu qəfil qonaq həddindən artıq vəhşidir və natəmizdir. Onun seyrək qara qılla örtülmüş nəhəng cəmdəyi qan sızmış xırda gözlərinəcən palçıq içində idi. Bu cəhənnəm, qılınca oxşayan və qılınc kimi itiuclu, qabağa çıxmış sapsarı iri dişləri adamın canına üşütmə salırdı. Qaban durduğu yerdə birdən niyəsə qəzəblə xortuldayıb Raufun üstünə cumdu.
Bir anın içində qabanın niyyətini anlayan Rauf, gözlərindən qan daman vəhşi heyvandan da cəld tərpəndi, amma onunla müqayisədə Rauf zirək çölsiçanı kimi bir şey idi: o, oturduğu borudan cəld sürüşüb dizləri üstə düşdü və iməkləyə-iməkləyə özünü borunun ağzına çatdırdı, bir göz qırpımında deşiyə təpilib yox oldu. Raufun hesablamaları düppədüz çıxdı; qaban borunun içinə soxulmadı, qaz kəmərinin içində görünən dabanlara xarıldaya-xarıldaya, finxıra-fınxıra təəccüblə xeyli tamaşa elədi, hərlənib fırlandı, sonra dönüb yerində qaldı və birdən elə bil qıçları qırıldı - böyrü üstə yerə yıxıldı; bir az əvvəl dəymiş yuxu gülləsi təsirini göstərmişdi.
Borunun o biri ağzından Raufun başı görünəndə, Kamil qəşş eləyib getdi özündən. Qayınata tez, təngnəfəs qaçıb gəldi; o zaman hələ qaça bilirdi. Qoca bərk həyəcanlanmışdı. O, Raufun üst-başına yapışmış hörümçək torunu təmizləyə-təmizləyə, onun əhvalını soruşurdu.
Kamil isə hey gülür, özünü saxlaya bilmirdi. İndinin özündə qabanın fınxırtısına oxşayan o gülüş yadına düşəndə Raufun ürəyi bulanır.
- Yaxşı, o cəmiyyətə üzv olmaqçün nə lazımdır?
- Yəqin ki, ərizə, fotoşəkil, bir də bəzi arayışlar. Mən çoxdan oranın üzvüyəm, hələ ordu sıralarında olandan. Həm də görünür, orduda qayda-qanun bir az başqa cürdür. Hər halda, öyrənib deyərəm sənə. Amma başa düşə bilmirəm, birdən-birə nə olub sənə, yəni doğrudan ovçuluq həvəsinə düşmüsən?
"Hə, gözlə, bu saat səbəbini açıb deyəcəyəm sənə", - deyə Rauf ürəyində güldü və ona və Minarənin daha dəhlizdə durmayıb qonaq otağına keçdiyini görüncə, cavab verdi:
- Sən inanma, inanma sən, - o, səsini bir azca qaldırdı ki, Minarə eşitsin onun sözlərini.
- Elə bilirsən Rauf elə-belə, adi, maraqsız bir adamdır, ailəsindən başqa heç nə ilə maraqlanmır. Bir gün gələr, başa düşərsən ki, səhv eləmisən, yaxşı tanımamısan məni.
Minarə dönüb dinməzcə Raufa mənalı bir nəzər saldı. Onun sözləri hədəfə dəymişdi. Raufun bütün varlığını qələbə sevinci bürüdü.
"Bax belə, hələ siz sonra görəcəksiz analar necə oğullar doğub".
Kamil söhbəti yekunlaşdırıb dayısı qızı və onun uşaqları ilə görüşüb ayrılmaq əvəzinə, başladı bir az da uzatmağa.
- Əvvəla, mən heç vaxt o fikirdə olmamışam ki, guya səni həyatda yalnız ailə maraqlandırıb, ikincisi də ki... - Rauf imkan vermədi o, sözünü deyib qurtarsın:
- Əzizim, bilirsən nə var, sən ki belə ağıl dəryasısan, niyə dissertasiyanı yazıb qurtarmırsan?! Dörd ildir elə qurdalanırsan. Yaxşısı budur, get özünə bir gün ağla. Xudahafiz. - O, qəhqəhə çəkib bərkdən güldü və tez bayıra çıxdı ki, son söz onunku olsun.