Kulis.az Rauf Ranın yeni şeirlərini təqdim edir.
Küçədəki bomjun
zibil qutusunda
çörək axtarması kimi
axtarıram uşaqlığımı
ömür dediyinizdə...
***
Yer üzündən qalxan kosmik gəmi
güllə kimi açılır
ucsuz-bucaqsız uzaqlara...
Tarix yazır:
güllələr çıxdılar yaşam axtarışına,
gülümsəyərək...
***
Qürub,
tək ayaqla addımlayır əlil uşaq,
Fırladır əsasıyla
yorulmuş Yer kürəsini.
***
Bir gün
dar ağacındakı ip də
asdı özünü dar ağacından,
amma bacarmadı çəkməyi,
ayağının altından insanları...
***
Bir gün tanrı götürüb topunu
oynamıram deyib gedəcək evinə.
Və sənin duaların heç kimə çatmayacaq.
***
Avreliyə...
Əzab nədir, Avreli,
Sevgilərin sonrası
bir gedişin ağrısı?
ya kasıb bir daxmada
bir gecənin yarısı
südsüz qalan körpənin
süd dişinin ağrısı?
***
İndi səni unutmaq
yol kənarında əl açan
dilənçi yanından:
- yalançıdır, deyib
keçmək kimi...
Keçirsən,
və qəfil dayanırsan:
- birdən əgər deyilsə...