Yazarlar müharibə xatirələrindən danışdılar - SORĞU

Yazarlar müharibə xatirələrindən danışdılar - <span style="color:red;">SORĞU
8 aprel 2016
# 08:30

Kulis yazarların müharibə xatirələrini təqdim edir.

Seyran Səxavət: “Bir ağrılı xatirəm var. Qarabağ müharibəsi vaxtı jurnalist dostum Nemət Veysəlli və başqa bir dostumla sarı “Jiquli”mə patron, paltar, ratsiya doldurub paylayırdıq. Yuxarı Veysəlliyə getmişdik, qayıdanda 30 metrdən BTR çıxdı qabağımıza. Hamımız çox qorxduq, ən çox da mən qorxdum. Cavan idim, yaşamaq istəyirdim ola bilsin ki. Bir də Gürşad kəndinə gedəndə gülləborana düşdük, onda bizi bir nəfər xilas elədi, maşının sükanında əyləşib başqa yolla Füzuliyə yetirdi”.

Aqil Abbas: “Mən ömür boyu unuda bilmədiyim bir xatirə var. Zakir Fəxrinin qardaşı Kamil vardı, 4-cü kursda oxuyurdu, universiteti atıb könüllü müharibəyə yollandı. Əsgəran tərəfdə bizim əsgərlər mühasirəyə düşmüşdülər. Kamil gedib orda uşaqları xilas edirdi. Üçüncü dəfə gedəndə onu ermənilər vurmuşdu. Kamilin cəsədini özüm gətirdim, Zakir Fəxriyə də göstərmədim üzünü ki, görüb dəli olar. Yandırmışdılar, heç yumaq da olmadı onu. Hamı vay-şivən eləyirdi, ağlaşırdı. Bu vaxt Kamilin bacısı çıxıb dedi ki, sakit olun, hamı səsini kəsdi. Bacısı belə dedi: “Onu toya göndərməmişdiniz ki, sağ qayıda. Onu müharibəyə yollamışdınız, o da öldü. Şəhidə ağlamazlar”. Bu sözlər mənim heç vaxt yadımdan çıxmaz.”

Qulu Ağsəs: “Mənə ən çox təsir edən bir xatirəm var. Sinif yoldaşım Baba kəşfiyyatçı idi. Bir dəfə kəşfiyyatdan qayıdanda görürlər ki, ermənilər onların keçəcəyi yola mina döşəyiblər. Babanın dayısı oğlu da kəşfiyyat komandiri idi. Belə olanda dayısı oğlu deyib ki, Baba, bunlar qıraqdan gəliblər, gəl sən bunun üstündən keç, qorxma, səni ipnən çəkəcəyik. Baba ayağını itirir burda. Ayağını aparıb basdırırlar kənddə - Ağdamın Abdal-Gülablı kəndində. Özü indi Mingəçevirdə yaşayır, orda qeydiyyatdadır. Bir dəfə Baba ilə onun dayısı oğlunu gördüm, mənə ən çox təsir edən o oldu ki, onlar bir-biri ilə zarafatlaşırdılar. Baba deyirdi ki, məni gərək qoymazdın gedim, bu necə qohumluqdur. Dayısı oğlu da cavab verirdi: “Səndə ağıl yoxdu, deyərdin komandir, sən get”.

Mübariz Örən: “Qarabağdan - Cəbrayıldan qohum-əqrəba köçkün düşəndə biz Beyləqanda yaşayırdıq. Hər dəfə gəlişləri toy-bayram olan əzizlərimizin bu dəfəki təşrifi qeyri-müəyyənliklə, nigarançılıqla dolu idi. Ev-eşiklərini, əkin-biçinlərini, - avqustun axırı idi, torpağın, bağ-bağatın ən barlı-bəhərli vaxtları idi, - mal-qaralarını qoyub gəldikləri bir dərd, dağların tər-təmiz, bum-buz havasından, soyuğu barmaq kəsən kəhrizlərin göz yaşı kimi dum-duru suyundan sonra birdən-birə aranın nəfəs kəsən istisinə, tülyanına düşmələri onları lap çaş-baş salmışdı. Özlərinə yer tapa bilmirdilər. "Nə qədər su içirəm, ürəyim soyumur" - yazıq babam hey deyinirdi. "Hardan tapım indi başdı-başına axıb gedən o buz suları" "Nə olaydı şurnasına ağzımı dirəyib doyunca içəydim o sudan" O vaxt, qaçqınlığın hələ təzə vaxtlarıydı, yaraları hələ istiydi, qəribə bir inamları vardı qayıdacaqlarına. Rəhmətlik Fazil əmim coğrafiya müəllimi idi, ziyalı idi, çox adam gəlib ondan soruşurdu: necə olacaq, nə olacaq, nə vaxt qayıdacağıq... O da, həddən ziyadə nikbinliyi vardı, çox arxayınlıqla bildirirdi ki, sentyabr olmasa da, oktyabrın əvvəlləri mütləq qayıdacağıq! Hökumətə də inanırdı, beynəlxalq qurumlara da, ruslara da... Bir dəfə qəsəbənin aralığında yenə hamı Fazil müəllimin başına yığılıb onun ümid dolu çıxışına qulaq asırdı. Bir Qulu kişi vardı, rəhmətlik, itoynadanın biriydi, 50-ci illərdə Ermənistandan çıxarılanlardan idi, Fazil müəllimin inam dolu cavablarına qulaq asdı, asdı, axırda nə desə yaxşıdır?! Dedi: "Müəllim, biz də o vaxtı Necidən köçəndə, elə bilirdik müvəqqəti gəlmişik, uzağı mayda qayıdacağıq".

Şərif Ağayar: “Füzuli alınan il qardaşımla Haramıdan Ağcabədiyə mal-qaramızı gətirirdik. Laçından bizimlə gələn itimizi avşar itləri boğdu. O çox yaxşı it idi. Bizimlə uşaq kimi oynayır, quyruğunu bulayıb üstümüzə sırmanır, yaltaqlanırdı! Darıxmağa qoymurdu bizi... Onun yanında heç kimdən və heç nədən qorxmurduq həm də! Güclü, zəhmli və məğrur idi. Üstünə çoxlu it töküldü deyə yordular, əldən saldılar. Mən və qardaşım yaşca balaca idik, itimizə kömək edə bilmədik. Qohumlardan yanımızda heç kim yox idi. Uzaqdan baxan adamlar isə haya gəlməyə ərindilər. İtimiz ağır yaralandı və “Qara su” qobusunun qamışlığına sürünüb başını yerə qoydu. Bizdən küsmüşdü. Üzümüzə baxmırdı. Durub dalımızca gəlmək istəmirdi. İstəsə də gələ bilməzdi. Hava da qaralırdı. Biz onu qoyub getməyə məcbur idik. Birdən qardaşım əlacsızcasına hönkürdü. Mən ağlaya bilmədim deyə çox sarsıldım. Müharibənin təpiyini bu qədər ağır hiss eləməmişdim. Hətta kəndimiz alınanda da!”

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

# # #