Hər gün eşitməyə məhkum olduğumuz 15 SEHRLİ CÜMLƏ

Hər gün eşitməyə məhkum olduğumuz <span style="color:red;">15 SEHRLİ CÜMLƏ
24 yanvar 2017
# 13:28

Kulis.az hər gün eşitməyə məhkum olduğumuz 15 sehrli cümləni təqdim edir.

Tıxacdayam.

Bəzən bəhanədir, bəzən həqiqət. Birini yola verməyin təcrübədən keçmiş ən gözəl üsulu. Ancaq dostunun, ya da sevgilinin sənə deyəcəyi sözlərə hazır olmalısan. Tıxaca düşməyən insan olmaz, olsa da...

İkinci vaqon, qapını burax.

Özü də həmişə ikinci. Metropoliten işçiləri hələ də o dələduzu tapıb ortaya çıxarda bilməyiblər. Hər gün bəlli vaxtlarda görünməz adam kimi ikinci vaqonun qapılarını tutur. Maşinistin əmrlə dediyi cümləyə məmnunluqla gülümsəyir.

Evə gələndə çörək al.

Bu sözü sənə kim deyəcək? Anamı olacaq, bacımı olacaq, yadmı olacaq? Bir az da kədərli gəlir sənə bu cümlə. Demək, səni evdə gözləyənlər var. Deməli, süfrə hazırlanıb, yeməklər düzülüb. Deməli, yaşamaq gözəldir...

Konturum azdır.

Niyə zəng edirsən onda? Konturun azdı, “vızov” at. Ya da zəng etmisənsə, niyə minnət qoyursan? Başa düşürük, kasıblıqdı, ancaq aylarla kontur yükləməyənlər də var. Bəlkə demək istəyirsiniz ki, kontur vur danışaq? Danışıq vacibdirsə, qarşı tərəfdə də kontur yoxdursa, işiniz Allaha qalıb.

Başqa yerdəyəm.

Bu başqa yer hələ elmə məlum olmayıb. Haradır bura? Bəlkə NASA-dan peyk göndərilsin, günlərlə uzaqdan müşahidə edilsin? Bir şəhərdə başqa bir yerin olmağında yəqin ki, mistika da var. Elm mütləq bu işi araşdırmalıdır.

Bu nömrəyə zəng çatmır...

Depressiyadadır, söndürüb telefonu. Ya da həmin o məşhur “başqa yerdə”dir. Kiməsə borcu var yüz faiz.

Dünya birliyi bu ədalətsizliyə hələ də dözür.

Hər gün televizorda, İctimai Tv-da eşidirik, eşidirlər. Amma bir çarəsi yoxdu. Dünya qulaqardına vurur.

Dollar necə oldu?

Həyatımızın ən vacib sualı. Gecə yatanda da yuxumuza girir dollar. İlahi, nə edirsən sən mənə et, ilahi bu dollarla işin olmasın!

Facebooka az girirəm.

Başını telefondan ayırmır, deyir, mən real həyatı sevirəm. Bu nədir e? Bir az sosial şəbəkələrdən uzaqlaşmaq lazımdır. Təbiətə qayıtmaq, təmiz havada gəzinmək gərək.

Başqa nə var, nə yox?

Söhbət getmir, arxadan itələyirsən. Biri var idi, biri yox idi. “Axşam bir az yorğun idim, yatdım” deyirsən, qayıdıb soruşur ki, başqa nə var, nə yox. Bu “başqa” sözü həyatımızın hər yerində öz bayrağını asıb.

Kreditim var.

Olmasa da deyərsən. Kimsə borc istəyəndə deyərsən. Yığışıb yeyib-içməyə gedəndə deyərsən. Qonşu ilə rastlaşanda deyərsən. Sən həmişə “kreditim var” deyərsən...

Xırdan var?

Hamı kef-damaq içində yaşayır deyəsən? Marketə gedirsən, xırda yox. Kafeyə gedirsən, yenə eyni dərd. Oturduğun yerdə kimsə sənə bu sualı verir. Sən bu sualı götürüb başqasına verirsən. Beləliklə, bu sual bir günün içində hər yerdə fır-fır dolanır.

Məni toya çağırıblar.

Nə gözəl! Evləniblər artıq. Gərək getmək lazımdır. Görən filankəs nə qədər pul salacaq? Arvadla getsəm gərək 100 manat salım. Ona da getmə desəm, bir ay küsülü qalacaq. Dollar da qalxıb. Çətindir...

İstədim deyəm ki...

Vuran oğul atasına gənəşməz. Özünüz “vuran” sözünü “deyən”lə əvəz edin. Arzularla olmur. Niyə demədin? Qorxdun? Onda “istədim deyəm ki...”ni hünər kimi gəlib niyə danışırsan?

Googleyə bax da...

Peşmansan bir şey soruşmağa, hərə bir tərəfdən deyəcək Google-a bax. Bəlkə mən sənə güvənirəm? Bəlkə həqiqəti səndən eşitmək istəyirəm? Bəlkə sən mənim Googlemsən?

Yandıranın var?

Siqaret bir yana, onu yandırmaq üçün alışqan axtarmaq dünyanın ən gözəl anıdır. Bu alışqan bir az da gec tapılsın, amma əsəblər də pozulmasın. Tərslikdən qabağına çıxan adamlar da siqaret çəkən deyil. O zaman dünyanın ən gözəl anını daha “gözəl” sözlərlə bəzəyirsən...

BONUS

Mən səni sevirəm.

Bütün insanların eşitmək istədiyi o möhtəşəm cümlə...

# 2054 dəfə oxunub

Müəllifin son yazıları

# # #