“Deputat olmaq üçün kitab satıram”
Bu sözləri Kulis.az-a açıqlamasında yazıçı Kəramət Böyükçöl deyib.
Yenidən səyyar şəkildə kitablarını satmağa start verən Kəramət gün başlayandan artıq 250 manatlıq kitab satıb:
"“Qanun" nəşriyyatında çap olunan kitablarımı kürəyimə sarımışam, birini 12 manatdan satıram. Səhər saat 11-dən bəri 250 manatlıq kitab satmışam. Alıcı çoxdur. Bayaq jurnalist gəlmişdi, alıcının əlindən əməlli müsahibə də verə bilmədim. Sizinlə danışmağa hazırlaşarkən bir oxucum kitabıma 500 manat verdi. Bazar gününə kimi bunu davam edəcəyəm. İlk dəfə 10 gün ərzində 4550 manatlıq kitab satmışdım. Ondan sonra həftəyə 2500 manatlıq “Pozğun” kitabımı satdım.
Böyükçöl satdığı kitabların pulunu deputatlığa namizədlik üçün sərf edəcəyini deyir:
“Banka kredit borcum var, onu verəcəyəm. Bir də yarızarafat-yarıciddi bir ideyam var, deputatlığa namizədliyimi vermək. Qalan pulu da təbliğat təşviqat kampaniyasına sərf edəcəyəm. Kampaniyaya şüar da seçmişəm: “Bu seçkidə Kəramət var”
Məndən qabaq Bəşir Kəsərli, ondan da qabaq Məhəmməd Hadi kitab satıblar. Onların davamçısı deyiləm, mən istəyirəm bu kitab alverinə yumoristik yanaşım, rəng qatım. Bəzən elələri gəlib kitab alır ki, onlara heç kitab lazım deyil, amma nə deyim, adam gəlib kitab istəyir. Qaldı adamların buna qeyri-ciddi yanaşmasına, mən özüm bu cəmiyyətə qeyri-ciddi yanaşan adamam. Onlar mənə ciddi yanaşmasa, nə olacaq ki? Mən hər bir ehtimalı nəzərə almışam.”