ABŞ-da Azərbaycan bəstəkarına aid müsabiqə olacaq

ABŞ-da Azərbaycan bəstəkarına aid müsabiqə olacaq
12 yanvar 2018
# 10:00

Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Cövdət Hacıyevin şərəfinə Floridada Gənc İstedadların Beynəlxalq Musiqi Müsabiqəsi (“Florida Keys” IMCYT) keçiriləcək.

Müsabiqə Pərvin Muradova-Dilbazi, Kay Lanq, Vivian Fanq Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova tərəfindən təsis edilib.

Fortepiano, simli alətlər və vokal kateqoriyalarında keçiriləcək müsabiqədə iştirakçıların yaş həddi 5-18 arasındadır. Müsabiqənin məqsədi istedadlı gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını dəstəkləmək və onların bacarığını təkmilləşdirməkdir. Həmçinin burada hər bir iştirakçıya, o cümlədən peşəkar musiqiçi olmaq istəyən, fortepiano, simli alətlər və vokal təhsilinə yeni başlamış uşaqlara, xüsusi qayğıya ehtiyacı olan balacalara öz istedadlarını və fərdi bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır.

Müsabiqədə iştirak etmək üçün 2018-ci il iyulun 1-dək müraciət etmək lazımdır. Tədbirin qala-konserti və mükafatlandırma mərasimi noyabr ayında Nyu-Yorkdakı “Carnegie Hall”da olacaq.

Müsabiqənin qaliblərinə Qran-pri, I, II və III yerlər üzrə mükafatlar veriləcək. Habelə Ceyhun Hacıyevin əsərlərinin ən yaxşı ifasına görə mükafat, müsabiqə ilinin ən yaxşı istedadlı gənci üçün xüsusi mükafat, münsiflər heyətinin xüsusi mükafatı və fəxri fərmanlar nəzərdə tutulur.

# 1425 dəfə oxunub

Müəllifin son yazıları

# # #