Əlişir Nəvai - “Yazıçı”nın budəfəki qonağı

Əlişir Nəvai - “Yazıçı”nın budəfəki qonağı
12 dekabr 2016
# 12:27

“Oğuz eli” qəzetinin xüsusi buraxılışı “Yazıçı”nın noyabr nömrəsi dünya fikir tarixinin böyük simalarından olan Əlişir Nəvaiyə həsr olunub. Bildiyimiz kimi, Əlişir Nəvai həm şair, həm də ictimai xadim kimi dövrünün olduqca nüfuzlu şəxsiyyətlərindən sayılıb.

Azər Abdullanın “Yazıçı”sı da Əlişir Nəvai fenomenini, onun mükəmməl bədii yaradıcılığını, insanlığa örnək xarakterini, şəxsiyyətini çox maraqlı detallar, oxunaqlı hekayələr əsasında yazılmış mətnlərin fonunda oxuculara çatdırmağı bacarıb.

Dərgidə diqqət çəkən yazılardan biri akademik Rafael Hüseynovun məqaləsidir. Akademik Nəvai ilə Füzuli, Nizami qohumluğunu yada salaraq, dahilər hamısı bir-birlərinə qohumdur deyir. Və təsadüf deyil ki, məqaləsinə də “iki qələm, bir ələm” ifadəsilə başlayır. Yada Füzuli kədəri, Füzuli qəmi düşür. Tədqiqatçı alim Füzuli qüssəsini eyniylə Nəvaidə də görür. Və tarixi mənbələrdən çox dəyərli bir sitat gətirir. Bu sitat Əlişir Nəvainin ictimai xadim kimi də nə qədər kövrək qəlbə, sadə və təvazökar bir ünsiyyətə hakim olduğunu sübutlayır. “Salnaməçi Xandəmir “Həbib üs-siyər” əsərində xəbər verir ki, bir gün Əlişir Nəvaiyə möhür vurmaq üçün bir fərman gətirirlər. O isə fərmanı digər hörmətli bir əmirə yollayır ki, ilk imzanı o atsın. Lakin həmin əmir Nəvainin ən birinci və ən yuxarıda möhür vurmaq haqqı olduğunu bildiyindən, bu kübar jestin müqabilində xeyli mütəəssir olur, dübarə, fərmanı ilk və ən başdakı möhürü vurmaq üçün baş vəzirə qaytarır.

Belə olanda Nəvai sənədi alaraq möhürünü basır. Lakin növbəti möhür basmalı olanlar sənədi açanda görürlər ki, Nəvainin möhürü elə yerdədir ki, daha ondan aşağı möhür vurmağa yer yoxdur...”

Böyük Nəvai Nizamidən üç yüz il sonra doğulsa da, bu məktəbin davamçısı olaraq türk poeziyasına öz möhürünü vura bilib. Yəni, zamanlar keçib, dövranlar dəyişib, Nəvaiyə olan hörmət-izzət dəyişməyib. Ümumiyyətlə, Nəvai irsi, onun poeziyası və humanizmi “Yazıçı” jurnalında kifayət qədər çözülüb, ayrı-ayrı tədqiqatçıların qələmində bir daha xatırlanıb. Jurnalda xalq yazıçısı Anarın, akademiklər İsa Həbibbəyli, Teymur Kərimlinin, professor Kamil Vəlinin, professor Vaqif Arzumanlının, Ə.Nəvainin araşdırıcı professor Almaz Ülvinin və başqa yazarların Nəvai və Nəvai irsi haqqında yazdıqlarından nümunələr dərc olunub. Təbii ki, böyük özbək mütəfəkkiri, türk dünyasının fəxri Əlişir Nəvai ilə bağlı klassik yazarların da yaradıcılığından ədəbi parçalar örnək gətirilib.

“Yazıçı”nın baş redaktoru Azər Abdullanın da həmişə olduğu kimi, jurnalın son səhifəsində verdiyi minatür yazı parçası da Nəvaiyə həsr olunub. Baş redaktor Nəvainin türk təəssübkeşliyini, onun türk dilinə olan hədsiz məhəbbətini önə çəkib.

Bir sözlə, dahi mütəfəkkirə həsr olunmuş xüsusi buraxılış həvəslə oxunur. Dərc olunan yazıların üslubu, dili, məqalələrin canına hopdurulmuş bədii enerji, sözün istiliyi və hərarəti oxucunu da xüsusi bir istəklə mütaliəyə meyilləndirir. Ən başlıcası, daha bir türk mütəfəkkirinin dünyası dərgi vasitəsilə düşüncəmizi işıqlandırır. Bizə tarix və mədəniyyətimizin əzəmətini yenidən tanıtdırır.

Elə bilirəm bu yerdə Əlişir Nəvai ilə bağlı maraqlı bir hekayəti də qısaca da olsa, xatırlatmaq tələb olunur. Şahzadə Hüseyn Bayqara ilə bir məktəbdə oxuyan Nəvaiyə müəllimi tapşırıq verir: hər iksinə baş və qılınc şəkli çəkilmiş kağızı uzadaraq şəkilin altına bir söz yazaraq sabah gətirmələrini istəyir. Səhəri gün Əlişir baş və ağılı tərif edən qəzəllə, Hüseyn isə qılıncı mədh edən şeirlə gəlir müəllimin hüzuruna. Müəllim hər iksinin gətirdiyi tapşırığa baxıb Əlişirə “afərin”, Hüseynə isə “heyhat” deyir.

Təbii ki, o cür müdrik bir müəllimin elə Əlişir və Hüseyn kimi öz yollarından dönməyən yetirmələri olmalıydı. Hüseyn Bayqara da ədalət və humanizm tərəfdarı olmasaydı yəqin ki, gələcəkdə Əlişiri baş vəzir seçməzdi özünə.

...Nizamidən üç yüz il sonra gələn Əlişir Nəvaiyə müəlliminin dediyi “afərin” hələ də öz qüvvəsindən düşməyib. Azərbaycan və türk dünyasının Əlişiri hər zaman özündən üç əsr öncə yaşamış dahinin işığı kimi tarixə və nəsillərə fikrin və zamanın humanizm güzgüsü kimi görünməkdədir. “İki qələm, bir ələm”in Nəvaisi hələ neçə-neçə yüzillərin dizini yerə vuracaq. Hələ hansı dünyalardan, tarixlərdən keçəcəksən. Əbədiyaşar ruhuna salam olsun!

Fariz Çobanoğlu

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #