Macarıstanın səfiri Tərcümə Mərkəzində olub

Macarıstanın səfiri Tərcümə Mərkəzində olub
19 aprel 2017
# 16:11

Aprelin 19-da Macarıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab İmre Laslotski Tərcümə Mərkəzində olub.

Kulis.azın verdiyi xəbərə görə, görüş zamanı Mərkəzin macar ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, görkəmli macar yazıçılarının, xüsusən Peter Nadaş və Nobel mükafatı laureatı İmre Kertesin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək Azərbaycan oxucusuna tanıdılmasından, İmre Kertesin, hazırda nəşrə hazırlanan məşhur “Talesiz” romanından, həmçinin bədii tərcümənin problemlərindən söz açılıb.

A.Məsud: “Təəssüflə bildirməliyəm ki, bu gün bədii tərcümə çox hallarda yaradıcı istedadı, bədii mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır. Lakin həm ölkəyə, həm də dünyaya təqdim olunan hər bir kitabın öz ünvanına çatmasının, geniş oxucu kütləsi və yüksək dəyər qazanmasının ilkin şərti bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu məqama xüsusi həssaslıqla yanaşır. Əfsuslar olsun ki, hələ ki, bu qeyri-peşəkar müdaxilələrin, ümumilikdə, birbaşa ədəbiyyatın əleyhinə işləyən bu zərərli tendensiyanın qarşısını almaq imkanımız yoxdur”.

Cənab İ.Laslotski öz növbəsində Azərbaycan və macar xalqlarının qədim tarixi və dil yaxınlığından danışaraq, bu mənada, ədəbi əlaqələrə böyük ehtiyac duyulduğunu qeyd edib.

Görüşdə həmçinin Macarıstan-Azərbaycan ədəbiyyatları arasında sıx əlaqələrin davamı olacaq digər layihələr – macar yazıçılarının əsərlərinin toplu halında Azərbaycanda, Azərbaycan yazıçılarının əsərlərinin Macarıstanda nəşri və təqdimatı məsələləri müzakirə olunub.

# 1192 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #