Fevralın 28-də "Ulduz” jurnalı, "Kaspi” qəzeti və artkaspi.az saytının birgə layihəsi olan "Variasiya”nın qalibi mükafatlandırıldı.
Kulis.azın məlumatına görə yazıçı Elçin Hüseynbəylinin "Qəfil getmək” hekayəsinin sonluğunu tamamlayan yazarlar arasından qalib elan olundu. "Ulduz” jurnalının redaksiyasında gerçəkləşən tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn, hekayənin müəllifi Elçin Hüseynbəyli, hekayə sonluğu yazan müəlliflər, ədəbiyyatsevərlər iştirak edirdilər.
Xatırladaq ki, bu layihəyə 2013-cü ildən start verilib. O vaxtdan layihə böyük marağa səbəb olub. Qulu Ağsəs bu illər ərzində təqdim olunan hekayələrdən və qaliblərdən söz açdı, xüsusilə gənclərin bu layihəyə maraq göstərdiyini qeyd etdi. Fərid Hüseyn layihəni daha da genişləndirməyi, şeirlərə də sonluq təklif etdi. Söylənilən bu və digər fikirlər müzakirə olundu, gələn müsabiqə üçün müxtəlif təkliflər səsləndirildi.
- Məşhur aktrisa xərçəngdən vəfat etdi
- Disney "Peter Pan and Wendy" filminin ilk treylerini yayımladı
- Bakuş – QISA HEKAYƏ
Sonra Elçin Hüseynbəyli "Qəfil getmək” hekayəsinin yazılma tarixçəsindən, baş qəhrəmanın psixoloji durumundan danışdı. Yazar sonda müəyyənləşdirdiyi qalibin adını açıqladı. Göndərilən sonluqlardan yazıçı Vüsal Nurunun yazdığı sonluğu daha çox bəyəndiyini bildirdi. Qalibə "Kaspi” qəzetinin, artkaspi.az saytının və Elçin Hüseynbəylinin hədiyyələri təqdim olundu. Qeyd edək ki, hekayəyə sonluq yazan digər dörd müəllif Aydın Xan Əbilov, Şahanə Müşfiq, Məxluqə Qasımova, Akşin Xəyaldır.