Uğurun resepti olsa, hər kəs evində "bişirərdi"... - Sübhan Şərif

Uğurun resepti olsa, hər kəs evində "bişirərdi"... - Sübhan Şərif
20 avqust 2026
# 13:25

Kulis.az Sübhan Şərifin yazısını təqdim edir.

Fərdi inkişaf kitabları ilə bağlı yazılan məqaləyə II Dünya müharibəsi zamanı istifadə olunan bombardman təyyarələri ilə başlamaq qəribə görünə bilər – bir az səbr istəyirəm.
İstənilən silahın effektivliyi müharibə meydanında üzə çıxır. Kiçik silahlı qarşıdurma belə, analitiklər üçün böyük əhəmiyyət daşıyan data mənbəyi ola bilər.

İkinci Dünya müharibəsi də silah sənayesinin nəhəng data xəzinəsi idi. ABŞ, İngiltərə, SSRİ kimi müttəfiq ölkələrin böyük beyinləri bu nəhəng xəzinədən istifadə etməyi bilirdilər.

"Salamat qalanın yanıldıcı xüsusiyyəti"

Müharibədə təyyarələrin rolu artdıqca, analitiklər bu texnologiyaya daha çox diqqət ayırmağa başlayırlar. Görürlər, döyüşdən qayıdan təyyarələrin əksəriyyəti qanad və gövdədən zədə alıb. Qərara alırlar ki, təyyarələrin bu hissələri gücləndirilsin – nəticədə məntiqli görünən ən çox zərər görən parçaların qorunması idi... Amma yanıldılar...

Vurulub geri qayıdan təyyarələr zədəyə baxmayaraq bazaya qayıda bilən təyyarələr idi. Əsas "ölümcül nöqtələr" isə, geri gəlməyənlərdə idi. Təyyarənin hansı hissəsinin daha çox qorunması ilə bağlı məlumat, məhz, o geri qayıtmayan təyyarələrdən əldə edilə bilərdi.

Elə buna görə də, macar əsilli amerikalı riyaziyyatçı Abraham Vold deyir ki, ən çox güllə dəyən yerə zireh vurmaq lazım deyil, güllə dəyməyən yerə vurmaq lazımdır. Çünki o hissələr daha ölümcüldür ki, oradan zədə alan təyyarələr indi əlimizdə yoxdur.

Elə buna görə də macar əsilli amerikalı riyaziyyatçı Abraham Wald bildirir ki, ən çox güllə dəyən yerlərə deyil, güllə dəyməyən yerlərə zireh vurmaq lazımdır. Çünki məhz o hissələrdən zədə alan təyyarələr bazaya qayıda bilməmişdi.

Bəs bunun fərdi inkişaf kitabları ilə nə əlaqəsi var?


Bizi aldadan mexanizm eynidir. Fərdi inkişaf sənayesi və uğur hekayələri yalnız "bazaya sağ-salamat qayıdan təyyarələrə" — yəni təsadüf, bəxt və ya xüsusi şərtlər sayəsində uğur qazanmış 1%-ə fokuslanır. Bizə yalnız qaliblərin təcrübəsi sırınır. Lakin batmış minlərlə biznes, müflis olmuş sahibkarlar və ya eyni addımları atıb uğursuzluğa düçar olanlar barədə kitab yazılmır (və ya kifayət qədər yazılmır).

Halbuki statistika göstərir ki, bir işdə uğursuz olmaq ehtimalınız "tutdurmaq" ehtimalınızdan dəfələrlə çoxdur. Əsl dərslər isə məhz o görünməyən, uğursuzluqla bitən hekayələrin içində gizlənib. Yəni "geri qayıtmayan təyyarələrdə".
Fərdi inkişafla fərdin fərdə sırıdığı "inkişaf" ayrı şeylərdir.
İnkişaf strategiya işidir. Strategiya quran adam əlindəki resursun hədəflərinə uyğunluğunu, içində olduğu mühitin real şərtlərini, bu şərtləri lehinə çevirmə yollarını bilməlidir. Lazım gəldikdə, rəqibin daha güclü olduğunu qəbul etməlidir. Boş motivasiyalara, "səndən güclü yoxdur" sözlərinə aldanmamalıdır. "Salamat gəlməyən təyyarələri" də görməli, küncdə-bucaqda gizlənmiş lazımlı məlumatları tapmalıdır.

Fərdi inkişafla bağlı kitabların çoxu:

1) həddindən artıq ümumiləşdirilmiş, sadələşdirilmiş hekayələrə söykənir.
2) toksik pozitivliklə həyatın real tərəflərini örtür
3) bəzi ölkələrin siyasi, sosial, iqtisadi münasibətlərin strukturunu, məhdudiyyətlərini nəzərə almır
4) insanın reallıq hissini manipulyasiya edir.

Bütün bunlar göstərir ki, həqiqi fərdi inkişaf ümumiləşdirilmiş, sadələşdirilmiş, yalnız pozitiv tərəflərə fokuslanan hekayələr, boş motivasiya şüarları üzərində deyil, reallıq və düzgün strategiya üzərində qurulmalıdır.

Uğurun resepti olsa, hər kəs evində "bişirərdi"...


# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər