Dələduzların kölgəsində qalan gələcək - Xaricdə təhsil şirkətləri düşməndir, yoxsa strateji zərurət?

Dələduzların kölgəsində qalan gələcək - Xaricdə təhsil şirkətləri düşməndir, yoxsa strateji zərurət?
19 avqust 2026
# 11:00

Kulis.az Rəna Nevzatın "Dələduzların kölgəsində qalan gələcək" yazısını təqdim edir.

Cəmiyyət olaraq böyük bəlalarımızdan biri də budur ki, bir nəfərin əkdiyi zəhərli toxuma görə bütöv bir bostanı yandırmağa hazır oluruq.
Son günlər ölkə mediasının gündəmini zəbt edən “AİD Group” qalmaqalı - yüzlərlə vətəndaşın xaricdə təhsil vədi ilə minlərlə manat pulunun mənimsənilməsi, nə vəd edilən təhsili, nə də vəsaitlərini geri ala bilməməsi faktı növbəti dəfə eyni kütləvi reaksiyanı doğurdu. Şirkət rəhbərinin həbsi xəbər lentlərinə düşən kimi sosial şəbəkələrdə dərhal eyni radikal hökm kəsildi: "Bu şirkətlərin hamısı dələduzdur, hamısının fəaliyyəti dayandırılmalıdır!"

Emosional yanaşmanı anlamaq mümkündür: aldadılan valideynin illərlə zəhmətlə topladığı vəsait, ümidlənən gəncin puç olan illəri və xəyalları var ortada. Hadisənin təfərrüatlarına baxdıqda fırıldaqçılıq mexanizminin dəyişməz ssenarisi görünür: televiziya və sosial media parıltısı, tanınmış simalar üzərindən qurulmuş süni etibar haləsi, qeyri-şəffaf müqavilələr və nəticədə küncə sıxışdırılmış yüzlərlə çarəsiz ailə...

Lakin emosiyaları kənara qoyub soyuq məntiqlə baxsaq, bir dələduzun törətdiyi cinayət faktı üzərindən bütöv bir sahəni, xaricdə təhsil kimi həyati əhəmiyyətli bir institutu topdan ləğv edilməli bir struktur kimi görmək ciddi məntiqi xətadır. Necə ki, bir saxtakar həkimə görə bütün səhiyyə sistemini, bir fırıldaqçı MTK-ya görə bütöv inşaat sektorunu bağlamırıqsa, xaricdə təhsil şirkətlərini də bir ucdan qaralamaq olmaz. Problem xaricdə təhsil institutunun mövcudluğunda deyil; problem bu strateji sahəyə təsadüfi avantüristlərin və fürsətcillərin heç bir hüquqi maneə olmadan sıza bilməsindədir.

Xaricdə təhsil sadəcə təyyarəyə minib başqa bir ölkədə hansısa universitetin auditoriyasına girmək deyil. Bu, gəncin şəxsiyyətinin və dünyagörüşünün formalaşması, peşəkar karyerasının təməli və ən əsası, ölkənin insan kapitalının, dövlətçilik maraqlarının güclənməsidir. Dünyanın minlərlə universiteti, yüzlərlə fərqli qəbul sistemi, müxtəlif akkreditasiya qaydaları, təqaüd proqramları və mürəkkəb viza prosedurları arasında orta statistik bir abituriyentin və ya valideynin təkbaşına istiqamət tapması qeyri-mümkündür.

Məhz burada peşəkar akademik karyera institutu meydana çıxır. Peşəkar şirkət sadəcə sənəd tərcümə edib poçtla göndərən vasitəçi ofis deyil; o, gəncin akademik göstəricilərini, dil biliklərini və potensialını düzgün analiz edən, büdcəyə və hədəfə uyğun real yol xəritəsi cızan, böhran anında düzgün qərar verən bir analitik mərkəz və strateqdir.

İnkişaf etmiş təhsil sistemlərində bu mədəniyyət elə orta məktəb illərindən aşılanır. Məktəblərdə xüsusi təhsil və karyera məsləhətçiləri şagirdlərin bacarıqlarını hələ IX–X siniflərdən etibarən izləyir, onları addım-addım hədəf universitetlərə hazırlayır. Bizdə isə məktəblərdə xaricdə təhsil istiqamətində institusional bələdçilik mexanizminin olmaması həm valideyni alternativsiz qoyur, həm də bütün təbii yükü özəl sektorun üzərinə atır.

Bəs bu yükü kimlər daşıyır və niyə bu sahə dələduz “AİD Group” kimi qalmaqallarla sarsılır?
Səbəb sadədir, çünki tənzimlənməyən bazar və qanunvericilikdə boşluqlar mövcuddur.
Hazırda ölkədə bir ofis kirayələyən, bir masa, iki stul qoyan, cəlbedici sosial media reklamı və ya tanınmış bir simanın nüfuzundan istifadə edən hər kəs ertəsi gün özünü "xaricdə təhsil eksperti" elan edə bilir. Nə peşəkar fəaliyyət üçün xüsusi lisenziyalaşdırma tələbi var, nə beynəlxalq agentlik akkreditasiyası, nə etik kodeks, nə də tələbələrin hüquqlarını qoruyacaq icbari maliyyə təminatı (depozit/sığorta fondu). Nəticədə peşəkar, illərini bu sahəyə vermiş, beynəlxalq tərəfdaşlıqlar qurmuş, minlərlə tələbəyə qapı açmış vicdanlı qurumlar bir dələduzun törətdiyi cinayətin kölgəsində qalır.
Çıxış yolu xaricdə təhsil bazarını inzibati qadağalarla bağlamaqda və ya gözdən salmaqda deyil, bu, gələcəyimizin qapısına qıfıl vurmaq demək olar. Dövlət bu strateji sahəni başlı-başına buraxa bilməz. Həll yolu konkret tənzimləmə addımları ilə həyata keçirilməlidir.

Sərt hüquqi çərçivə və lisenziyalaşdırma olmalıdır. Xaricdə təhsil xidməti göstərən şirkətlər üçün xüsusi fəaliyyət meyarları, beynəlxalq təhsil qurumları ilə rəsmi tərəfdaşlıq tələbi, depozit təminatı və peşəkar assosiasiyaların monitorinq mexanizmi müəyyən edilməlidir.
Standartlaşdırılmış hüquqi müqavilələr olmalıdır. Şirkətlərlə vətəndaşlar arasında bağlanan müqavilələrdə abstrakt vədlər deyil, tərəflərin dəqiq hüquqi öhdəlikləri, qəbul və ya viza imtinası hallarında vəsaitin birmənalı geri qaytarılması şərtləri qanunvericiliklə məcburi hala gətirilməlidir.
Və ən əsası – hələ orta məktəblərdən başlanaraq xaricdə təhsillə bağlı məsələ aktual olmalıdır. Yaxşı olardı ki, orta təhsil müəssisələrində xaricdə təhsil və karyera məsləhətçiləri ştatı yaradılsın, şagirdlər və valideynlər hələ məktəb pilləsində maarifləndirilsin ki, küçədəki nəzarətsiz avantüristlərin təsirinə düşməsinlər.

Bir şirkətin törətdiyi qanunsuzluq bütün sektora qarşı qərəz formalaşdırmamalı, əksinə, qanunvericilikdəki boşluqları qapatmaq üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Təsadüfi və məsuliyyətsiz şəxslərin at oynatdığı cığırlar hüquqi filtrlərlə bağlanmalı, bu sahədə çalışan həqiqi peşəkarların qarşısına isə geniş yol açılmalıdır. Əks halda, beləcə, vaxtaşırı hansısa növbəti dələduzluq qalmaqallarını müzakirə etməli olacağıq...

# 119 dəfə oxunub

Oxşar xəbərlər

Pikassonun oğurlanmış nadir əsəri tapıldı

Pikassonun oğurlanmış nadir əsəri tapıldı

11:40 19 avqust 2026
19 avqust Ümumdünya Fotoqrafiya Günüdür

19 avqust Ümumdünya Fotoqrafiya Günüdür

10:40 19 avqust 2026
Tofiq Fikrəti anmaq və anlamaq... - O, niyə  İstanbulu "min ərin artığı dul qız" adlandırmışdı?

Tofiq Fikrəti anmaq və anlamaq... - O, niyə İstanbulu "min ərin artığı dul qız" adlandırmışdı?

10:00 19 avqust 2026
“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

20:30 18 avqust 2026
"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

18:15 18 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

16:30 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər