Roma Papasının məktub göndərdiyi azərbaycanlı heykəltəraş vəfat etdi

Əməkdar rəssam Zeynalabdin İsgəndərov

Əməkdar rəssam Zeynalabdin İsgəndərov

27 oktyabr 2021
# 12:32

Tanınmış heykəltəraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Zeynalabdin İsgəndərov vəfat edib.

Bu barədə Kulis.az-a onun tələbələri məlumat veriblər.

Bildirilib ki, Zeynalabdin İsgəndərov təxminən bir ay öncə infarkt keçiribmiş. Heykəltəraş dünən Bakıda haqq dünyasına qovuşub.

Qeyd edək ki, mərhum Zeynalabdin İsgəndərov 2016-cı ildə Roma Papası Fransiskonun portretini hazırlamaqla dünya mediasının diqqətini cəlb etmişdi.

Həmin portretə görə Roma Papası Fransisko özü azərbaycanlı heykəltəraşa təşəkkür məktubu göndərmişdi.

Zeynalabdin İsgəndərov 1949-cu ildə Bakıda dünyaya gəlib. Əvvəlcə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Heykəltəraşlıq fakültəsinə daxil olub, 1966–1970-ci illərdə burada təhsil alıb. 1971–1977-ci illərdə o, V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə məşhur heykəltəraş, SSRİ Rəssamlıq Akademiyasının rektoru Nikolay Tomskinin emalatxanasında çalışıb.

1977-ci ildə Bakıya qayıdan Z.İsgəndərov həm yaradıcılıqla məşğul olub, həm də bu sənətdən dərs deməyə başlayıb. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru idi

Ailəli idi, Əli və Həsən adlı 2 oğlu var. Hər ikisi rəssamdır. Onlar da rəssam təhsili alıblar.

Zeynalabdin İsgəndərov Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.

Allah rəhmət eləsin...

# 1665 dəfə oxunub

Müəllifin son yazıları

# # #