Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq
20 noyabr 2026
# 13:21

Vatikan Muzeylərində Roma papalarının son bir əsrdə istifadə etdiyi xidmət avtomobillərinin təkamülünü əks etdirən "Un secolo di Papamobile" adlı sərgi ziyarətçilərin ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, ekspozisiya 28 yanvar 2027-ci il tarixinədək açıq qalacaq.

Sərgidə 1930-cu ildən 2012-ci ilədək papaların istifadəsində olmuş 8 tarixi "Mercedes-Benz" avtomobili (o cümlədən Nürburg 460, 300 d Landaulet, 600 Pullman Landaulet, 230 G və ML 500), eləcə də tarixin ilk avtomobili sayılan 1886-cı il istehsalı "Benz Patent-Motorwagen" nümayiş etdirilir.

Sərgi papalıq nəqliyyatının rəsmi qapalı limuzinlərdən dindarlarla birbaşa təmas qurmağa imkan verən üstüaçıq avtomobillərə doğru keçdiyi yolu göstərir.

Belə ki, XI Piy sürücüyə düymələr vasitəsilə göstərişlər verə bilən ilk "Mercedes"dən istifadə edib, II İohann Pavel isə izdihamı hər tərəfdən salamlamaq üçün əvvəlcə bərbər kreslosundan uyğunlaşdırılmış fırlanan oturacaqlı açıq avtomobillərə üstünlük verib.

Qeyd edək ki, 1981-ci ildə Müqəddəs Pyotr meydanında II İohann Pavelə qarşı törədilən sui-qəsddən sonra avtomobillərin dizaynı köklü dəyişib və bu gün də istifadə olunan gülləkeçirməz şüşəli, zirehli "papamobil"lər dövrü başlayıb.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər