Qaloşla səhnəyə çıxdı, polis bölməsinə aparıldı, ermənilər onu mərsiyə oxumağa məcbur etdi – Elnarə Abdullayeva həyat yoldaşını niyə hamıdan gizlədirdi?

Elnarə Abdullayeva

Elnarə Abdullayeva

16 dekabr 2022
# 12:10

Kulis.az muğam ifaçısı, Əməkdar artist Elnarə Abdullayeva haqqında maraqlı faktları təqdim edir.

Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb ailədə dünyaya göz açıb. 9 uşaqlı ailədə böyüyüb. Özü açıqlamalarında deyir ki, qaloş geyinib, ifaçılığa başlamışam. Özümü göstərib sənətə gəlməmişəm. Ailə qurdum, yoldaşım Sədərəkdə işləyirdi, mən də evdə oturmuşdum, dünyaya uşaq gətirməliydim. Elə vaxtım olub ki, qonaq gedəndə, əynimə geyinməyə paltar tapmamışam. Yeməyə yemək tapmadığım günlər olub. Bakıya gələndə, balaca daxma görəndə, deyirdim, ay Allah, mənim də nə vaxtsa, belə daxmam olsun”.

***

Asəf Zeynallı adına musiqi məktəbini və Mədəniyyət və İncəsənət Universitetini oxuyub. Ağaxan Abdullayevin tələbəsidir. 2006-cı ilə qədər Elnarə Abdullayeva sənətdə çox da gözə dəymirdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxarır.

2015-ci ildə Heydər Əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülür. 2016-ci ilin mart ayında 3 gün Heydər Əliyev sarayında növbəti konserti baş tutur.

***

Onun ifasına birmənalı deyil. Bəziləri onun səsinə mərsiyəxan səsi deyir, səsindəki yanğını ağı ağrısını musiqiyə aid etmir. Ancaq belə düşünənlərdən daha çox Elnarə Abdullayevanın səsinin vurğunları var və bu adamların sayı gündən-günə artır.

Mərsiyə məsələsinə münasibət bildirərkən, xanəndə bundan narahat olmadığını deyib:

“Məni belə kədərli oxumağa ermənilər vadar edib. O vaxt Qarabağdan şəhid xəbərləri gəlirdi. Mən də onda səhnəyə təzə-təzə çıxırdım. “Ya Həzrət Abbas” şeirinə muğam oxudum. Bu gün də onunla fəxr edirəm. Yəni onu mərsiyəyə oxşadırlarsa, burda pis nə var ki... Əgər mən şəhidlərimizə layla və ya ağı üslubunda, tərzində oxumuşamsa, nə xoş halıma”.

***

Əməkdar artist 25 yaşında ailə həyatı qurub. Tarzən və ustadı Mehman Mikayılovun evinə gedərkən indiki qayınanası onu orda görür və bəyənir. Və beləliklə Elnarə özünün dediyi kimi sevgi ilə deyil, ağılla, imanla ailə qurub. Əri Elxan tarzən Mehman Mikayılovun qaynıdır. Müsahibələrinin birində bildirir ki, 10 il eyni ayaqqabını geyib. Elə gün olub ki, normal yemək belə tapmayıblar, ancaq xanəndə deyir ki, bütün bunlar normal haldır. Bütün dünya qurban olsun, həyat yoldaşımın bir dırnağına.

Xanəndə həyat yoldaşı ilə birgə görünməyi sevmədiyindən uzun müddət qınağa məruz qalıb. İnsanlar onu həyat yoldaşını mediadan gizlətməkdə günahlandırıb. Bu barədə ona sual verəndə deyir:

"Mən heç elə-belə kişi saxlayaram? Qadın birinci kişini yaxşı saxlamalıdır, ona baxmalıdır, sonra özünə. Bir nəfər mənə zəng edib ki, bu günə kimi niyə gizlədirdin? Mən onu gizlətmirdim. Uyğun yerlərə birlikdə gedirik. İftara dəvət olunmuşduq, bir getdik, şəkillərimizi çəkib sayta verdilər. İnsanın qüruru varsa, ruhun rahatdırsa, yanında kim olursa olsun, hər yerdə kef edəcəksən”.

***

Xanəndənin özünün belə ehtiyacı olduğu halda öz hesabına doğma kəndi Çuxanlıya su çəkdirib. Bu layihə sadəcə bir bulağın üstündə abidə ucaltmaqdan ibarət deyildi. O, bir neçə bulaqdan kəndə böyük bir arx çəkdirir, su anbarı tikdirir və kəndi daimi su ilə təmin edir. Bütün bunları isə o, problem yaşadığı illərdə etdiyi bir əhdə görə həyata keçirirmiş. O, həmin illərdə əhd edibmiş ki, mənə verəcəyin bərəkəti insanlara paylamaq üçün möhlət ver. Ancaq bir müddət sonra həmin bulaqların quruması ilə bağlı şayiə yayılır və şayiə olaraq qalır.

Elnarə Abdullayeva yolu polis bölməsinə düşən sənət adamlarımızdandır. Belə ki, 2020-ci ilin yayında Əməkdar artist karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb. Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

Elnarə Abdullayeva açıqlamaları ilə daim köhnə fikirli bir adam kimi diqqət çəksə də, onun daim bir mərdanəliyi, şuxluğu var ki, bu da ona insanlarda simpatiya yaradır. Onun Allahla arasındakı münasibət o qədər dürüstdür ki, bu dürüstlük onu heç vaxt insanların qarşısında başaşağlıq gətirmir. Bütün açıqlamalarında dediyi kimi, onun da Allahdan istədiyi elə budur. Biz də yaxınlarda 50 yaşını qeyd edəcək xanəndəyə Allahdan bunu diləyirik.

# 30460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #