"Oskar"lı rejissorun qızı və həyat yoldaşı avtomobildə ölü tapıldı: Dəhşətli hadisənin sirri

"Oskar"lı rejissorun qızı və həyat yoldaşı avtomobildə ölü tapıldı: Dəhşətli hadisənin sirri
24 iyun 2026
# 17:30

Məşhur "Oskar" mükafatlı rejissor Uilyam Uaylerin qızı Cudit Şeldonun və həyat yoldaşının meyiti şossedə, öz avtomobillərində tapılıb.

Kulis.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Independent" nəşri məlumat yayıb.

84 yaşlı Şeldon iyunun 15-də Kaliforniyadakı avtomagistrallardan birində, maşınında ölü vəziyyətdə aşkarlanıb. Onunla yanaşı, 86 yaşlı həyat yoldaşı Uaylinin də cəsədi tapılıb. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Yerli şerif bildirib ki, əsl səbəb yalnız tibbi ekspertiza və yarılma prosesindən sonra bəlli olacaq. Qeyd olunur ki, hadisə baş verən gün ərazidə kəskin isti hava şəraiti ilə bağlı xəbərdarlıq elan edilmişdi.

İşləməyən kondisioner və susuzluq...

Kaliforniya Yol Patrul Xidmətinin bəyanatında Şeldonların hadisə yerindəcə keçindiyi bildirilib. Səlahiyyətlilərin məlumatına görə, cütlüyün avtomobilinin mühərriki işlək vəziyyətdə olub, ventilyator tam gücü ilə çalışıb, lakin kondisioner işləməyib. Bundan əlavə, axtarış zamanı maşında ümumiyyətlə içməli su tapılmayıb.

Ailənin yaxın dostu Devid Smit baş verən qəribə hadisə ilə bağlı şokda olduqlarını gizlətməyib:

"Onlar qəzaya uğramayıblar. Sadəcə maşını saxlayıblar və hər ikisi ölüb. Bütün bunlar o qədər qəribədir ki... Biz hələ də şokdayıq".

Dünya kinosunda silinməz iz qoyan ata

Xatırladaq ki, Cudit Şeldonun atası, əfsanəvi Uilyam Uayler qlobal kino tarixinin ən parlaq simalarından biridir. O, 1935-ci ilə qədər "Universal" kinostudiyasında çalışıb, daha sonra isə "Fox" studiyasına keçib.

Karyerası ərzində bir çox uğurlara imza atan rejissor 1935-ci ildə "Şən aldatma" (The Gay Deception) romantik komediyasına görə ilk "Oskar" nominasiyasını qazanıb. Daha sonra o, kino sənayesinin şedevrləri hesab edilən "Missis Miniver" (Mrs. Miniver, 1943), "Həyatımızın ən yaxşı illəri" (The Best Years of Our Lives, 1946) və məşhur "Ben-Hur" (Ben-Hur, 1959) filmlərinə görə "Ən yaxşı rejissor" nominasiyasında "Oskar" mükafatlarına layiq görülüb.

# 130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər