2023-cü ilin noyabrında İsmayıllının Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib: "Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib.
“2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.
Müəyyən edilib ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar”.
Qeyd edilib ki, faktla bağlı 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb: “Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1 avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
Hazırda işin məhkəmə istintaqı davam edir. Həmin maddənin sanksiyasına əsasən təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər”.
Qeyd edək ki, Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülüb.