Məşhur aktrisa: "Xəyanətə görə ailə dağıtmazlar" - Müsahibə

Gülçöhrə Abdullayeva, aktrisa

Gülçöhrə Abdullayeva, aktrisa

24 iyul 2024
# 18:05

Kulis.az Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevanın Lent.az-a müsahibəsini təqdim edir.

- Gülçöhrə xanım , uzun illərdir sənətdəsiniz. Amma nə fəxri adınız var, nə hansısa mükafatlarınız.

- Yəqin, o mükafatlar, fəxri adlar mənə heç verilməyəcək də. Yada düşməyəcəm. 32 ildir dayanmadan teatra xidmət edirəm. Mən bəzi aktrisalar kimi teatrın çətin günlərində iranlıya, türkə ərə gedib sonradan qayıtmadım, illər boyu xaricdə qalıb, maaşlar yüksələndən sonra teatra dönmədim. Başqa sahəyə keçmədim. 32 ilim sərasər səhnədə keçib. Müxtəlif teatrlarda çalışmışam. İrəvan teatrının qurulmasında necə deyərlər dişimlə-dırnağımla zəhmət çəkmişəm. Mən bir yana, o teatrın yenidən yaradılmasında böyük rolu olmuş Əjdər Zeynalova da ad verilmədi. O teatrın yenidən qurulmasında Dilarə Əliyevanın qayınatası və qayınanası Vidadi Əliyev, Elmira İsmayılova, Əjdər Zeynalovun əməyi danılmazdır. İrəvan Teatrı Bakıya qaçqın teatr kimi gələndən sonra dağılmışdı, yeri-yurdu yox idi. Dəfələrlə Vidadi müəllim o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun yanına getmişdi, Polad müəllim də demişdi, “lazım deyil bu teatr. İrəvan var onun teatrı ola?” Vidadi müəllimi iki dəfə infarkt vurdu əsəbdən. Əjdər Zeynalov Binəqədinin o vaxtkı icra hakimiyyəti başçısının yanına gedib xahiş etdi, tanışlıqla bizə köhnə bir klub verildi. Gecə-gündüz oranı silib - süpürürdük, hamı evindən rekvizit olsun deyə əşyalar daşıyıb gətirirdi. Elmira xanım haradansa çox kirli xeyli paltar tapıb gətirmişdi, hərəyə bir boğça verdi, ən böyüyünü də özü götürdü, dedik evdə yuyaq gətirək, teatrda rekvizit geyimlər olsun. Əjdər Zeynalovla Vidadi Əliyev axşamlar evə getmirdilər, yaxınlıqdakı meyvə bazarında çölə atılan taxta yeşiklərdən teatr üçün dekorlar, stol, stul hazırlayırdılar. Əlləri mismar batmaqdan deşik-deşik idi. Neçə müddət maaş olmadan tamaşalar hazırladıq. Sonradan mərhum prezident Heydər Əliyevə xəbər çatdı, o teatra dövlət statusu verdi, maaşlar yazılmağa başladı. Belə günlərdən keçmişik.

- Eşitdiyimə görə ilk dəfə səhnəyə Hacıbaba Bağırovun o vaxtlar açdığı özəl Tənqid Təbliğ Teatrı ilə çıxmısınız?

- Bəli. Birinci kursda oxuyanda Əlvan adlı bir tələbə yoldaşım var idi, çox istedadlı idi o, elə istedadının qurbanı oldu, itirib-batırdılar onu. Onunla məni səhnədə görüb Hacıbaba Bağırov öz teatrına dəvət eləmişdi. Bir müddət o teatrda çalışdıq. Hacıbaba Bağırova hərdən rəhmət oxuyuram, hərdən də yox.

- Niyə?

- Çünki Əlvana qarşı haqsızlıq edildi o teatrda, onun aktyor taleyi ilə oynadılar. O zaman Tənqid Təbliğ Teatrı Fəhlə prospektində Neft yağ zavodunun nəzdində olan klubda fəaliyyət göstərirdi. Bizi ora çağırdılar. Əlvanın ifaları hamını üstələyirdi. Ora tanınmış ifaçılar Ağadadaş Ağayev, Zöhrə Abdullayeva və digər sənətkarlar da gəlirdilər. Hamı fonoqram oxuyurdu, Əlvan canlı. Çox bəyənilirdi deyə onu gözləri götürməyənlər oldu. Haqqında Hacıbaba Bağırova yaxşı-yaman nələrsə deyildi. O da münasibətlərini soyutdu. Sonra bir gün Əlvanı böhtan atıb teatrdan uzaqlaşdırdılar, hətta teatrda işləyən yüksək vəzifəli biri mənə dedi ki, sən də Əlvanın üzünə dur, de ki, əli əyridir, oğrudur, dedim yox. Əlvanla birlikdə teatrdan çıxıb getdim. Hacıbaba Bağırovun sərt üzü də, yaxşı üzü də var idi. O hadisəyə görə mən, düzü, ondan incik qaldım. Gərək özgələrinin sözü ilə oturub, durmayaydı, araşdıraydı. Düzdür çörəyini yemişəm, amma məni də incitdiyi məqamlar olub. Ona görə hərdən adı yadıma düşəndə rəhmət deyirəm, hərdən yox.

- Bildiyimə görə, bir dəfə də özünüz də böhtana düşmüsünüz, o zamanlar Akademik Dram Teatrda direktor olan Xalq artisti Əlabbas Qədirovla aranızda insident yaşanıb.

- Hardan bilirsiniz bunları? Olub, nə yalan deyim. Halallıq vermədiyim xalq artistləri çoxdur. Haqqıma girənlər çox olub. Məni o teatra Əlabbas Qədirov özü işə dəvət eləmişdi. İlham Miniatür Teatrında işləyirdim, teatrın böhran günləri idi. Demək olar ki, artıq bağlanmışdı, hətta teatrın rəhbəri İlham Namiq Kamal, onun qardaşı Cəfər Namiq Kamal özü də getmişdi “Azdrama”ya. Mən də o vaxtlar müntəzəm şəkildə müxtəlif teleproqramlara çəkilirdim. AzTV-də “Qaravəlli adlı bir proqrama dəvət elədilər. Dedilər Ələsgər Məmmədoğlu və Cəfər Namiq Kamalla gəl. Ələsgər yox idi o gün, getdim Cəfərin otağına, dedi əlimdə yazı var, iki dəqiqə gözlə yazım çıxaq. Qapı açıq idi. Nə isə, gəlib gedən bir çox tanınmış aktrisalar başladılar bizə qəribə-qəribə baxmağa. Biz getdik, veriliş çəkildi, efirdə təqdim olundu. Bir neçə gün sonra Əlabbas Qədirov məni otağına çağırdı, hələ teatrda işləmək üçün əmrim verilməmişdi. Dedi sənin Cəfərlə aranda nə var, o gün onunla birlikdə oturmusan harasa çıxıb getmisiz. Deyirlər aranızda münasibət var. Səni işə ala bilmərəm. Yandım töküldüm. Dedim məni işə almayacaqdınsa ayrı bəhanə gətirəydin. Deyəydin pis aktrisasan. Məni yarıtmırsan. Cəfərlə biz illərdi Miniatür teatrında yoldaşlıq eləmişik, çəkilişə getmişik, verilişi də bütün ölkə görüb, böhtan niyə atırsan? Çox pis əsəbiləşdim. Dedim bir gün öləcəksən, gəlib qəbrinin üstündə duracam və sənə halallıq verməyəcəm. Bir neçə ay sonra o rəhmətə getdi. Mən ona halallıq vermədim. Haqqıma girdilər, kimsə ora getməməyim üçün aranı qarışdırdı. Halallıq vermədiyim çox sənətkarlar var. Bildiklərimi danışsam aləm dəyər bir-birinə. Amma ürəyim xəstədir, qalmaqala qatılacaq halım yoxdur.

- Eşitdiyimə görə Yaşar Nuri ilə də aranızda problemlər yaranıb. Sizdən bir evin pulunu alıb, geri qaytarmayıb.

- Hə olub. Rusiyadan gəlirdik, yaxşı konsertlər vermişdik. Üstümdə yaxşı pul var idi. O zamanın pulu ilə mərkəzdən yox, ətraf rayonlardan 1-2 otaqlı mənzil almaq olardı. Dedi ver saxlayım, oğurlayarlar. Verdim. Sonra daha onu bir daha görmədim. İllər sonra xəstələnəndə dedi halallığını ver, elə bil qızımın toyuna yazdırmısan o pulu. Dedim bir evin pulunu? Yaşar möhtəşəm aktyor idi. Haqqına girməyim. Səsi kulisdən gələndə tamaşaçılar az qalırdı zalı dağıtsınlar alqışları ilə. Rusiyaya gedəndə tamaşaçılar arxasınca dəstə-dəstə axışırdılar. Dəfələrlə sərxoş olub. Deyirdik bu daha səhnəyə çıxa bilməz, amma səhnəyə çıxanda olurdu başqa adam. Aktyorluğu möhtəşəm idi, di gəl mənə qarşı belə elədi. Gərək eləməyəydi.

- Bildiyimə görə toylara, xınayaxdı məclislərinə də gedirsiniz

- Hə gedirəm. Özüm xınayaxdı məclisləri üçün bayatılar yazıram. Amma gileyim var, çoxları mənim şeirlərimi, bayatılarımı oxuyub öz adına çıxır. Müəllif Hüquqları Agentliyinə müraciət etmək fikrim var.

- Bahalı tamadasız?

- Vallah deməzdim. Elə məclislər olub getmişəm bir qəpik də almamışam. Şəhid ailələrinə, imkansızlara. Bir dəfə bir qızın xınayaxdı məclisini elədim. Çox imkansız idilər. Anası-atası da xəstəydi. Havayı apardım məclislərini, o qız o qədər dua eləmişdi, ondan sonra mənə gələn dəvətlərin sayı 80 faiz artdı.

- Gülçöhrə xanım, bu yaxınlarda sizi “Parkda” adlı tamaşada süpürgəçi rolunda görüb bəyəndim. Epizodik bir obrazı baş rola çevirməyi bacarmışdınız. O roldan həyatınızda nəsə var? Yaşı keçmiş bir qız olan süpürgəçi ailə qurmaq istəyir, ailə qayğıları ilə başını qarışdırmaq istəyir. Bildiyimə görə siz də çox gec ailə qurmusunuz.

- Ailə quranda 44 yaşım var idi. Həyat yoldaşım yaşlı görünsə də məndən 15 yaş kiçikdir. Yaşını məndən gizlətmişdi.

- Özünüzü xoşbəxt qadın hesab edirsiniz?

- Nə bilim vallah. Çox istəməklik var, alışmaqlıq var. Ailədir, problemlər də olur. Hərdən qayınanam deyir, bir bax ətrafındakılara. Sizin sənət aləmindən ailə qurub özünü çox xoşbəxt hiss edənlər var? Baxıram ki, düz deyir. Çox istəyirəm qayınanamı. Heç kim əlində olan xoşbəxtliyin dəyərini vaxtında bilmir. Ailə də lazımdır.

- 44 yaşa qədər tək, sərbəst yaşamış bir xanım olaraq ailə həyatına uyğunlaşmaq asan oldu?

- Yox olmadı. Hərdən elə bilirəm kişi evdə artıqdır, hara qoyum, necə edim bilmirəm (gülür). O qədər hər şeyi, kişi işini də, qadın işini də özüm eləmişdim, o olanda belə hər şeyi özüm eləməyə çalışırdım. Sonra yavaş-yavaş oturuşmağa başladıq.

- Övladınız var?

- Yoxdur, həyat yoldaşım elə uşağımdır da. Ərköyün uşaqdır deyirlər bütün kişilər.

- Yoldaşınız 15 yaş kiçikdir dediniz. Qısqanclığınız olur?

- Yox. Məncə, ümumiyyətlə, xəyanətə görə ailə dağıtmazlar. Bütün kişilərdə olur da bu, təbiət etibarilə belə yaranıblar. Hərdən gülürəm. Zarafatla deyirəm ki, sən ora- bura çıxmırsan heç? Nə məsələdir, xəstələnib eləməmisən. Yoxsa heç kim bəyənmir səni? (gülür)

- Fəxri ad üçün heç yerə müraciət etmədiniz? İndi elə dövrdür ki, çoxları özü-özünü yada saldırır.

- Hara məsələn?

- Məsələn, Teatr Xadimləri İttifaqına, Mədəniyyət Nazirliyinə...

- Yox, heç yerə müraciət etmədim. Həm mən niyə deyim, görmürlər? Gərək dilimlə deyim? Axı, illərdir zəhmət çəkirəm, ömrümü vermişəm. Fars dilində kişi rolu oynayan ilk və tək aktrisa mənəm. İnsanı dəyərləndirsələr, qiymətini bilib versələr yaxşıdır, dili ilə istəyəndə yox. Mən hər dəfə maaş alanda Afaq Bəşirqızının atasına rəhmət oxuyuram. O, dövlət başçısı ilə görüşdə maaşlarımızın qaldırılmasını xahiş etdi, bu məsələni gündəmə o gətirdi də. Ona qədər niyə demirdilər? Məncə, Teatr Xadimləri İttifaqına rəhbərlik etməli olan adam Afaq Bəşirqızıdır, o vəzifəyə o layiq idi. Aktyorların dərdini-sərini görən, duyan, dilə gətirən adam rəhbərlikdə olmalıdır.

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #