Mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak etdi

Mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda  iştirak etdi
28 iyun 2024
# 15:30

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir.

Kulis.az xəbər verir ki, iyunun 27-də forumun təntənəli açılış mərasimi olub.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mərasimdə UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun Baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, 80-dən çox ölkədən 400-ə yaxın qonağın iştirakı ilə gerçəkləşən forumun keçirildiyi “Zaminsay” kompleksi bayramsayağı bəzədilib. Burada geniş ərazidə Özbəkistan xalqının zəngin mədəniyyətini, möhtəşəm tətbiqi sənətini nümayiş etdirən sərgilər təşkil olunub.

# 527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #