Kulis.az Orxan Adıgözəlin "Qumluqdakı qadın" adlı yazısını təqdim edir.
Yaponiyalı yazıçı Kobo Abenin "Qumluqdakı qadın" romanını oxudum. Kitabı bəyəndim. Çoxdandır belə qeyri-adi süjetə malik roman oxumurdum.
Əsər səhralıqda araşdırma aparan entomoloq kişinin, evini qum basmış dul qadınla olan münasibətlərindən bəhs edir.
Ədəbi dili, təhkiyəsinə söz ola bilməz. Sükunətli və melanxonik süjeti də diqqətçəkəndir.
Di gəl ki, roman o qədər tənhalıq enerjisi ilə yoğrulub ki, səhifələrdən ekzistensial kədər yayılır. Məsələ kədərli hekayədə deyil. Bundan əvvəl Herman Hessenin "Gertuda"sını oxumuşdum, hansı ki, roman iztirab və mənəvi ağrılarla dolu idi. "Qumluqdakı qadın" isə Frans Kafkanın əsərlərini xatırladır. Sanki melanxoliya yağışına tutulmuşam.
Güman ki, bir neçə gündür evdə tək idim, heç yerə də çıxmırdım. Bu, bir qədər də onunla bağlı olmalıdır. Elə bilirdim ki, evi hər tərəfdən qum basıb, həmin qadınla-kişi də yanımdadır. Romandakı kimi günləri susmaqla keçir...
Kitabı bir neçə gün kənara qoymalı oldum. Sonra daxilimdə onu yenidən oxumağa həvəs yarandı. Bu, adi həvəsə bənzəmirdi. Eyni evdə yaşayıb, inciklikdən dolayı ayrı otaqlara çəkildiyimiz sevgilimlə necə bir müddət ayrı qalıb, sonra sevgi və odlu ehtirasdan alışıb, dözmədən onun otağına yaxınlaşaraq, qapını döymədən, içəri girib, boynuna sarılıb, öpüşürsənsə, mən də o cür, həmin əhvalla kitabın üzərinə cumdum.
Bu dəfə mütaliə zamanı daha melanxoliyanın kəsif qoxusunu duymadım. Barışdım həmin enerji ilə. Mənimsədim onu, özümküləşdirdim. Kitabdakı hər cümlə doğma gəlməyə başladı. İlk oxuduqda seyrçi, oyundan usanan azarkeş idimsə, bu dəfə özüm oyuna daxil olmuşdum. Fikrim, zikrim qarışmış, sehrə düşüb, romanın qəhrəmanına çevrilmişdim. Empatiyam elə yüksəlmişdi ki, özümü artıq əsərdəki kişinin yerində hiss edirdim. Onun yaşadığı hər duyğu mənə emosional hücum edir, ifritənin öpüşündən tilsimlənib, zəhərlənən nağıllardakı gənc oğlanlar kimi reallıq hissimi itirib, yerdə, ya göydə olduğumu unudurdum.
Elə romanın əsas qəhrəmanı Niki Cumpey adlı kişi də eyni vəziyyətə düşmüşdü. Nadir həşərat növünü ovlamaq üçün gəldiyi kənddə, onun özünü “ovlayırlar”. Bu çox qəribə kənddir. Oranın sakinləri yaşayış üçün davamlı mübarizə aparırlar. Daim qum çuxurlarının qazılması, qumun təmizlənməsi ömürlük vərdişə çevrilib. Nikini aldadıb, 30 yaşlı dul qadının yaşadığı çuxurdakı evə gətirirlər. Kişi əvvəl heç nəyi başa düşmür. Anlamır ki, onu asanlıqla tələyə salıblar. O, evinə geri qayıtmaq üçün sonuncu avtobusun da getdiyini biləndən sonra, bir gün kənddə qalıb, səhər geri qayıtmağı düşünür. Öz xoşu ilə qonaq qalmaq istəyi kişinin həyatını radikal şəkildə dəyişir.
Səhər anlayır ki, o, bu çuxurdakı evdən çıxa bilməyəcək. Kişini məhz qadına kömək eləsin deyə, həmin çuxura salıblarmış. Hər gecə hücum çəkən, aşıb-daşan qumu təmizləyib, bidonlara yığmalı, evi, həyəti, hətta bütün kəndi hədələyən qumdan müdafiə olunmalı idi. Bu, onun funksiyasına, günlük rejiminin bir hissəsinə çevrilməli idi.
“Ovçu ova çevrilir” konsepsiyasının nümayiş olunduğu romanda şikara çevrilmiş kişi əvvəl ciddi müqavimət göstərir, qaçmaq planları qurur, acıqlı şəkildə aqressiya göstərib, zorakılıqlar edir. Hədəf təbii ki, qadın olur. Qadın isə sadəcə şikarı tələyə salan yemdir. O, özü də bu sistemin vintciyidir. Qadın reallığı çoxdan qəbul edib. Kişi onun üçün təkcə qumu təmizləyən köməkçi yox, həm də duyğularını və bədənini sığallayacaq partnyor göndərilmiş müqəddəslərin lütfü sayılır.
Kişi isə əbəs yerə ümidlər qurur. O, bura gələndə nə evdəki arvadına, nə də iş yoldaşlarına, hətta dostlarına da heç bir məlumat verməmişdi. Onun itkin düşməyi elə də ajiotaj oyatmır. Varlığı-yoxluğu arasındakı fərqin ciddi əhəmiyyət kəsməməsi itkinlər barədə adi statistikadan başqa nəyəsə təsir etmir.
“Qumluqdakı qadın” kitaba elə-belə verilməyib. Ova çevrilmiş kişi avtoritar, hətta-hətta totalitar rejimin diktə etdiyi mikrodünyaya düşüb, oranın bir hissəsi olan qadının davranış və hadisələrə yanaşması ilə həyatı yenidən öyrənir. Sanki səbirsiz, əsəbi bir adam təsadüf nəticəsində şərlənib, həbsə atılır. Ardınca bütün baş verənlər, hadisələr zənciri, əsas da ona orada yoldaşlıq edəcək başqa bir məhbus, həmin adamın dəyişməsinə, sakitləşməsinə, özü ilə daha barışıq olmasına vasitəçi olur. Bəli, artıq bu dəyişiklik onun üçün “təsadüf”ün nəticəsi hesab olunmur. O, məhbəsdə azadlıqda olduğundan da azad və təmkinli olur. Məhbus yoldaşı onun təkamülü üçün əsas səbəb və vasitəyə çevrilir. Qumluqdakı qadın da entomoloq kişinin başqalaşmasına xidmət edən vasitə olur.
Bu qarışıq roman, oxucuya qüssə və ümidsizliyin misilsiz dərinliyini göstərməklə yanaşı, eyni zamanda sadə, diqqətdən yayınan pərdə altındakı xoşbəxtliyin sirrini açır. Onu ağırlığına və qəm dalğalı olduğuna görə oxumaq istəmir, həm də müəllifin tapmacasını tapmaq, oradakı dərinlikdə xəzinəni bulmaq üçün ehtirasla oxumağa çalışırsan. O, dözülməz, özündən itələyən enerjisi ilə birgə, cazibədar və maqnetik təsir yaradan əsərlərdəndir. Oxucunun gah heç bir sualı cavabsız qalır, gah da adi hadisələrin fonunda birdən bütün suallarının cavablanır.
1962-ci ildə nəşr olunan “Qumluqdakı qadın” romanı əsasında 1964-cü ildə bədii film də çəkilib. Filmə hələ baxmamışam. İzləyənlər onun uğurlu olduğunu bildirirlər.
Qarışıq, təzadlı duyğular dadmaq istəyənlər romanı oxuya bilərlər.