İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi
24 yanvar 2026
# 12:36

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və "EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə inklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə “Kainatın sükutunu yaradan uşaqlar” mürəkkəb quruluşlu, qarabasma janrında bədii səhnə əsərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər.

Kulis.az xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə həyata keçirilən böyük dövlət proqramı çərçivəsində hər bir dövlət qurumu uşaqların problemləri, onların hüquqları, təhsili, sağlamlığı ilə bağlı böyük işlər görür.

Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və layihə rəhbəri Fərid Bağırov çıxışında tamaşanın əsas mahiyyətindən bəhs edərək bildirib ki, həmin layihə inklüziv dəyərlərin təşviqi, fərqli bacarıq və imkanlara malik şəxslərin yaradıcılıq prosesinə cəlb olunması istiqamətində həyata keçirilən genişmiqyaslı və çoxsahəli təşəbbüslərin bariz nümunəsidir. Bu cür layihələr cəmiyyətdə bərabər imkanların formalaşmasına, yaradıcı potensialın üzə çıxarılmasına və sosial inteqrasiyanın güclənməsinə mühüm töhfə verir.

“EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev çıxışında həmin xüsusi layihənin inklüzivliyin və fərqliliyin dəyər kimi qəbul olunmasını təşviq etməklə yanaşı, fərdi yaradıcı potensialın üzə çıxarılaraq cəmiyyətin fəal bir hissəsinə çevrilməsi məqsədi daşıdığını deyib. Qeyd olunub ki, layihə sosial inteqrasiyanın güclənməsi və yaradıcı mühitin formalaşması baxımından mühüm platforma rolunu oynayır. E.Əliyev bədii səhnə əsərinin bu cür auditoriya qarşısında nümayişinin layihədə iştirak edən uşaqların gələcəyi üçün bir işıq olacağını da bildirib.

Daha sonra “Kainatın sükutunu yaradan uşaqlar” bədii səhnə əsəri nümayiş etdirilib.

Həmin səhnə əsəri insanın daxili səssizliyə, səbrə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə əks etdirən dərin məzmunlu bədii kompozisiyadır. Tamaşanın dramaturji xətti boyu vizual, emosional və poetik elementlərin vəhdəti qorunur.

Səhnə əsərində, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş nümunələrə yer verilib. Həmin poetik parçalar tamaşanın emosional və estetik təsirini daha da gücləndirir, səhnədə yaradılan ovqatı dərinləşdirir.

Bədii səhnə əsəri böyük maraq və alqışlarla qarşılanıb.

Sonda çıxış edənlər səhnə əsərinin nümayişini təqdirəlayiq hal hesab edib, inklüzivlik prinsiplərinə əsaslanan mədəni layihələrin ölkədə həyata keçirilən sosial və humanitar siyasətin mühüm tərkib hissəsi olduğunu deyiblər. Qeyd olunub ki, fərqli imkanlara malik vətəndaşların mədəni-yaradıcı mühitə cəlb olunması, onların cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi dövlətin strateji prioritetləri sırasındadır və bu istiqamətdə atılan addımlar ardıcıl şəkildə davam etdiriləcək.

Tədbirin yekununda layihədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub, onların yaradıcı fəaliyyətlərdə fəal iştirakı və göstərdikləri səylər yüksək qiymətləndirilib.

Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər