Türkiyənin İğdır vilayətində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının nümayişi olub.
Kulis.az xəbər verir ki, Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş mədəniyyət layihəsinə Azərbaycanın Qarsdakı baş konsulluğu və Türkiyə-Azərbaycan Cəmiyyətinin İğdırdakı nümayəndəliyi dəstək verib.
Həmişəyaşar musiqili komediyanın nümayişi İğdırdakı Cümhuriyyətin 100 illiyi adına Xalq Kitabxanasının kino zalında baş tutub.
Filmin nümayişində Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır Universitetinin prorektoru Uğur Şimşek, Iğdır Azərbaycan Evi Cəmiyyətinin rəhbəri Serdar Ünsal və başqaları olublar.
Kinosevərlərə Ü.Hacıbəylinin mədəni irsi və Azərbaycan musiqi məktəbinin inkişafına verdiyi töhfələr, onun əsərlərinin kinoya uyğunlaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib.
Azərbaycanın baş konsulu Z.Əliyev bildirib ki, Hüseyn Seyidzadənin 1956-cı ildə quruluş verdiyi musiqili komediyanın nümayişi dahi bəstəkarın yubileyinə təsadüf edir.
Qeyd edək ki, diplomat bu cür tədbirlərin Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.