Kulis.az Malik Atilayın "Kafka parkda" adlı yeni yazısını təqdim edir.
Diqqət! Səhərə yaxın parklara düşsəz skameykalarda küçə pişiklərini və küçə insanlarını görə bilərsiz və bu sizə həyatı sual-cavab eləmək üçün əla bir şans verə bilər. Elə mən də belə edib, səhər obaşdan düşdüm parka. Siqaret yandırıb hərəsi parkın bir tərəfində uzanan, bu tanımadığım iki adama bir həyat hekayəsi yazmaq keçdi içimdən. Cibimdən kiçik qeyd dəftərini çıxarıb hərəsi bir tərəfdə yatan iki bomjun həyatını yazmağa başladım.
Birinci bomjun adını tapmaq üçün çox da fikirləşmədim mən elə birinci bomj deyəcəm siz istədiyiniz adı verərsiz. İndi bu qorumasızca, əli hər şeydən üzülüb parkın səhər şehi ilə islanmış skamyasında uzanan biçarə kişi illər əvvəl qohumlarının arasında "Urusyətdən" gələn varlı əmioğlu, xaloğlu kimi tanınırdı. Hələ 2000-lərin əvvəlində Rusiyaya ayaq açan bu qohum boğazındakı qalın qızıl boyunbağısı, dəri gödəkcəsi və hamıya yuxarıdan aşağı baxıb "nə var e qalmısız burda, bir çıxın bu kənd-kəsəkdən, Rusyetdə pulu zibil kimi çölə töküblər gəlin işləyin də" deməsi ilə yaddaşlarda öz hörmətsiz yerini zəbt etmişdi. Arabir ölkəyə gəlib-gedən indilərdə bomj amma keçmişin varlı xaloğlusu, əmioğlusu olan bu adam şübhəsiz ki, bütün qohumlarına əl tutan, xeyirdə, şərdə hamıya başçılıq edən o seçilmiş, iri qarınlı qohum idi. Bayaq "şübhəsiz" dedim, amma siz əl tutmaq hissəsinə azca şübhə edə bilərsiz. Ya da özünüz bilərsiz. İndi mənim də sizin də ağlınızda bir sual var bu adam necə belə düşdü bu vəziyyətə? Tənbəllik etməyib desəm ki, Rusiyadan deportasiya elədilər sonra belə oldu , çox sıradan gələcək. Desəm, yox, buna ordakı həmvətənlərimiz atış gəldi, yenə də o deyil. Bu əlacsız uzanıb, üzünə qonan milçəkləri quyruğu ilə qovlayan əldən düşmüş şirə bənzəyən adamın nəsə bir başqa cür çöküşü olmalıdı. Belə edək də... Bu 20-li yaşlarında gedib , 30-lu yaşlarında varlandığı Rusiyadan gəlsin ölkəyə ki, mənə halal süd əmmiş bir həyat yoldaşı tapın. Bütün milli-mənəvi dəyərləri ödəyən o qız tapılsın uzaq bir qohumun evində. Özündən iki dəfə balaca qızla evlənən bu birinci bomj - təbii ki, həmin illərin pullu xaloğlusu, əmioğlusu toydan bir neçə gün sonra çıxıb getsin "Urusyətə." Belə-belə bir ayağı burda bir ayağı orda yaşasın. Təbii ki, milli-mənəvi dəyərlərin hər birinə cavab verən yoldaşından fağır bir qaraşın uşağı olsun və eyni zamanda milli-mənəvi dəyərlərlə əlaqəsi olmayan bir şəkildə də Rusiyadakı sevgilisindən sarışın bir uşağı olsun. Uşaqlar böyüsün, bəlkə, bir-birini qərib bir sosial şəbəkədə tapıb sevgili olsunlar? Buna ehtiyac yoxdu... Bir ayağı orda bir ayağı burda yaşayan qəhrəmanımız gəlirlərini artırmaq cinayətkar qruplaşmalara qoşulsun elə. Günü-gündən daha da varlanan birinci bomj bir də gözünü açsın ki, iki cinayətkar klanın döyüşünün ortasında qalıb. Bu boyda həngamənin içində bir də nə xəbəri gəlsə yaxşıdı? Sarışın uşağın anası ona başqa bir qafqazlı ilə xəyanət edirmiş. Bu xəbərdən bərk sarsılan birinci bomj anidən içindəki qəzəbə yiyə dura bilməyib düz gəlir vətənə, milli-mənəvi dəyərlərə cavab verən və qaraşın uşağın anası olan qadının yanına. Burda nə görsə yaxşıdı? Yox, yox, narahat olmayın milli-mənəvi dəyərləri cavab verən, gözü daima atasının gələcəyi yollarda olan qaraşın uşaqların anası, böyük bir ömrü belə bir adam üçün fəda edər amma xəyanət etməz...
Hə, gəlib görür ki, illərdi anasına-atasına göndərdiyi pullarla özünə evlər, həyətlər aldırdığını fikirləşən qəhramanımızın burda bir çöpü belə yox imiş.
İllərdi gəlib gördüyü hər şeyi anası böyük qardaşı və bacısının adına sənədləşdiribmiş. Yəni, illərdi canını qoyduğu Rusiyadan başlayan xəyanət dalğası ondan əl çəkməmiş düz vətənə qədər izləmişdi onu. İki cinayətkar dəstə tərəfindən Rusiyada görülsə vur əmri verilən birinci bomj nə ora qayıda bilirdi, nə də burda özünə bir gün ağlaya bilirdi. Ailəsinin yaşadığı evdən çıxarılandan sonra isə yoldaşı qaynatasıgilə köçmüş özü isə ora getməyi qüruruna və dəri gödəkcəsinə sığışdıra bilmədiyi üçün hər gün bir qohumda, dost-tanışda gecələyərək çıxış yolları axtarmağa başlamışdı. Çıxış qapısı axtara-axtara hər gün bir yerdə gecələyən birinci bomjun artıq döyəcək bir qapısı qalmayanda çarəsizcə qapısız-bacasız parklara vurmuşdu özünü. İndinin özündə də ayda 1-2 dəfə gedib qaraşın uşağı və milli-mənəvi dəyərlərə cavab verən yoldaşını görür. Bu gün də gedəcək onların yanına bunu isə mən özümdən uydurmuram, cibindən yerə düşən ucuzlu şokolad və oyuncaq maşın bunları deyir...
Birinci bomjun kədərli həyat hekayəsini uydurduqdan sonra, sıra gəldi ikincisinə... Bu adamın üzündə qəribə hüzn və çarəsizlik var. Mən deyim, həyat yoldaşı yanında bəzənib başqa kişilərlə görüşə gedən əlil adamın hüznü və çarəsizliyi, siz deyin intihar etmək üçün özünü asmaq istəyib də kəndir almağa pul tapmayan adamın hüznü və çarəsizliyi. Belə qarışıq adamdı bir az.
İçimdən bir səs deyir ki, bu adam müəllim olub. Özü də tarix müəllimi. Bütün universitetdə dəqiqliyi və qanunları ilə tanınan, daima dik gəzən, eyni sualı yüz dəfə də versən yüz dəfə izah edən o çölü bərk içi yumşaq, öyrətmək sevgisi olan müəllim. Hamının olub da belə müəllimi, indi yəqinki gözünüzün önündə canlandı həmin adam. Baş yastığa qoyduğu həyat yoldaşı ani bir əcəllə ondan ayrılandan sonra pivənin belə yanında xərçəngi görməyə gözü olmayan müəllim ağrılarını azaltmaq üçün gənc bir qadınla evlənsin. İlk başlarda hər şey yaxşı getsin əvvəlcə. Evə gələndə 25 illik həyat yoldaşından qalma istiliyi tapmasa belə fərqli ətir iyləri qarşılasın onu. Gözəl , gənc həyat yoldaşı var, işi-gücü yerində, oğlu İngiltərədə təhsil alır, qızı Tibb universitetində. Belə baxanda həyatı yolunda gedir. Amma bizə belə baxmaq lazım deyil, bu adama bura gətirən hansı səbəblər olsun? Yoldaşı başını aldadıb hər şeyi öz adına keçirib, onu qovsun? Yoxsa xəyanət edən yoldaşını və sevgilisini bir yerdə tutandan sonra öldürüb, türmədən sonra bu hala düşsün? Yox belə şeyə ehtiyac yoxdu, nəyimizə lazımdı qan axsın? Ondansa belə edək. Çox sadə şəkildə olsun hər şey. Tarix müəllimimizin həyatında hər şey yolunda gedərkən, yavaş-yavaş halusinasiyalar görməyə başlasın, hər gecə həyat yoldaşı səsləsin onu məsələn, bir vaxtdan sonra hər gecə qəbirstanlığa getsin, günlər keçdikcə qəbirstanlığa getməklə yetinməsin, gecəni də orda keçirməyə başlasın. Belə-belə gənc həyat yoldaşının və ailə üzvlərinin əlindən bir sabun misalı sürüşüb düşsün küçələrin canına. İndi bir şeyi də uydurmaq lazımdı. Bu adam necə oldu ki, ölmüş həyat yoldaşını görməyə başladı, hətta onun üçün ağlını belə itirdi. Belə edək də, həyat yoldaşının xərçəng olduğu xəbərini alandan sonra ona qarşı soyumağa başlasın, evə gec-gec gəlsin, yanında dəstək vermək əvəzinə, ondan qaçsın. Amma ani ölümüylə də möhkəm bir şillə yemiş kimi özünə gəlsin. Sadəcə hər şey üçün gec idi artıq, həyat yoldaşını itirmiş və üstünə çökən vicdan əzabı ilə mübarizə aparmalı olmuşdu. Biz bunları oxuyarkən baxımlı bir xanım, asta addımlarla tarix müəllimizə yaxınlaşıb, ona səhər yeməyi verdi. Bir az yanında oturub, nəsə danışdı ona, sonra xəfif təbəssümü ümid kimi üstünə atıb gözdən itdi.
Bəlkə də, heç nəyi biz uydurmamışıq, bəlkə də hər şey elə bu cür idi...