Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri
4 fevral 2026
# 16:50

Bu gün tanınmış fransız şair və dramaturq Jak Preverin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Pişik və quş" şeirini Həmid Piriyevin tərcüməsində təqdim edir.



Kənddə kədərlidir hamı:
Quş ölümcül yaralıdır.
Kənddəki yeganə quşun
Yarısını yeyib
Kənddəki yeganə pişik.
Və quş daha oxumur.
Pişiksə qanlı ağzını yalayıb
Toxluq içində xoşhallanır...
Quş ölür.
Onu basdırmaq qərarına gəlir kənd camaatı.
Pişik də dəvət olunub cənazə mərasiminə.
Balaca tabutu balaca qız
Aparır ağlaya-ağlaya.
"Ah, bilsəydim ki, - pişik qıza deyir, -
Quşun ölümü sənə belə təsir edəcək,
Onu bütün yeyərdim...
Və sənə deyərdim ki,
Quş uçdu
Mavi dənizin o tayına,
Bəyaz işığın bitdiyi,
Qayıdışı olmayan yerə.
Onda sən daha az qəmlənərdin,
Və tezliklə
Bütün kədər silinərdi
Üzündən...".

Kim nə deyir desin,
Hər işi axıracan görmək lazımdır!

# 130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər