“Hədəf Nəşləri”nin təsisçisi ƏDV ilə bağlı təkliflər verdi

“Hədəf Nəşləri”nin təsisçisi ƏDV ilə bağlı təkliflər verdi
5 noyabr 2021
# 18:15

Son günlər müzakirə olunan kitab və çap məhsullarından ƏDV-nin götürülməsi məsələsi bütün kitabçıların sevincinə səbəb olmuşdur və bunu ölkə başçısının bu sahəyə verdiyi dəyər kimi qiymətləndiririk. İnanırıq ki, bu addım hazırkı vəziyyətdə ürək açan vəziyyətdə olmayan ölkə kitabçılığının inkişafına təkan verəcək. Xoş məqsədlə düşünülən bu qanun layihəsi ilə bağlı bir neçə təklifimi qeyd etmək istərdim.

1. 164.1.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (Elektron kitablar istisna olmaqla), habelə dərslik və komlektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və vərəqə şəklində kağızın idxalı və satışı:

A) Bu bənddə “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” ifadəsi gələcəkdə bu mütərəqqi addımla bağlı sıxıntılar yaradacağını düşünürük. Bu siyahı necə və hansı formada müəyyən ediləcək? Bu, ona gətirib çıxaracaq ki, həmin icra orqanı siyahını təsdiq etməsi üçün müəyyən sövdələşmələrə getsin və yanlış qərarlar versin. Nəzərə alsaq ki, əgər bu, ölkənin gələcək təhlükəsizliyi üçün nəzərdə tutulbsa belə, internetdə yetərincə təhlükəli material var və bunun qarşısını bu addımla almaq mümkün deyil. O baxımdan bu cümlənin çıxarılmasını təklif edirəm;

B) “Habelə dərslik və komlektlərinin idxalı və satışı” fikrinin isə kitab sözündən sonra yazılması düzgün deyil. (Həmçinin 164.1.8. bənddə dərslik komplektlərinin ifadəsi) Çünki “kitab” sözündən sonra dərslik və dərslik komplektləri ifadəsi çərçivə müəyyən edir ki, bu o deməkdir ki, əlavə dərs vəsaitləri, tədris üçün digər resurslar yox, məhz dərsliklər. Axı onsuz da dərsliklər dövlət hesabına çap edilib, pulsuz paylanılır. Yerdə qalır əlavə hazırlıq vəsaitləri ki, bu gün əhalinin kitaba xərclədiyi ən çox vəsait bu yöndədir. Sadəcə “kitab” yazılmaqla, “kitab” anlayışının izahı (mətbəədə çap edilib, cildlənmiş kağız vərəqlərindən ibarət, oxumaq üçün əşya.) verilərsə, məsələ daha sadə anlaşılar və sonradan naşirlər qapı-qapı sürünməz, nəyin dərslik, nəyin dərslik olmadığını sübut etmək üçün.

C) “Habelə dərslik və komlektlərinin idxalı və satışı” ifadəsində “İdxalı” sözündən sonra “Azərbaycan dilində əsərlər istisna olmaqla” yazılmasını təklif edirəm. Bu hal yerli mətbəələr üçün də çox ciddi problemə səbəb olacaq. Ümumilikdə kitab idxalına Güzəşt tətbiq olunduğu təqdirdə nəşriyyatlar öz kitablarının ölkə xaricində çapına üstünlük verəcək, bu da ölkədən maliyyə axınına səbəb olacaq. Bununla yanaşı, sifarişi azalan yerli mətbəələr maliyyə zərbəsi alaraq, kağız istehsalçısı olan ölkələrin mətbəələri ilə rəqabətə tab gətirməyəcək. Müflis olmaq kimi problemlərlə üzləşəcək ki, bu da ölkəmizin maraqlarına tamam ilə ziddir. Qaş alan yerdə, göz çıxarmış olacağıq. Axı bu qanunun məqsədi Azərbaycan kitabçılığının inkişafına yönəlib. Mətbəələr də kitabçılığın əsas və maraqlı tərəfidir. Təklif etdiyim istisna Azərbaycan dilli əsərlərin məhz Azərbaycanda çapına yönələcək. Digər dillərdə olan əsərlər üzərindən ƏDV-nin qaldırılması, başqa dillərdə kitab oxucularının büdcəsinə yaxşı mənada təsir edəcək.

2. 164.1.8. Mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (O cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)

A) Bu bənddəki “reklam xidmətləri istisna olmaqla” ifadəsinin çıxarılması, zənn edirəm ki, nəşriyyatlara verilən böyük dəstəyin yanında çox kiçik məsələdir. Nəzərə alsaq ki, reklam xidmətlərinin kitabçılıq üçün baha olduğundan heç bir yerdə (TV, Küçə reklamı və s.) Nəşriyyat və ya kitab reklamı görə bilmərik. Kitabçılar sadəcə sosial şəbəkədə reklam verə bilmə imkanına malikdir ki, burdan da ƏDV-nin götürülməsi çox vacibdir. Hətta təklif edərdim ki, bu tarixi hadisə baş vermə şansı sizlərin əlinizdə olmuşkən, ümumiyyətlə kitabla bağlı reklam qiymətlərinin ən az 50% aşağı salınması ilə bağlı bənd əlavə edilsin. Heç olmasa o bənddəki “reklam xidmətləri istisna olmaqla” cümlə götürülsün və sosial şəbəkə üzərindən ƏDV -dən azad edilsin. Məqsədimiz kitabın inkişafına dəstək verməkdirsə.

Bütün bunlarla yanaşı kitab və jurnalların istehsalında istifadə olun kağız, boya və digər kimyəvi qatqılardan, həmçinin mətbəələrdən, nəşriyyatlardan, kitab paylayıcılardan, kitab evlərinin satışından ƏDV-nin götürülməsi təkliflərini alqışlayır və bu təşəbbüsdə olan hər kəsə çox təşəkkür edirik!

Hörmətlə: Şəmil Sadiq

“Hədəf Nəşrləri”nin təsisçisi, yazıçı

# 2277 dəfə oxunub

Müəllifin son yazıları

# # #