Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı
19 aprel 2025
# 12:30

Kulis.az Fuad Biləsuvarlının Günel Natiqin "Ədəbi talelər" kitabı haqqında yazısını təqdim edir.

Böyük mətbuat aləminə ilk addımlarımı atdığım vaxtlardan ədəbi qəzet və jurnallarda Günel Natiq imzasına tez-tez rast gəlmişəm. Onun qələmindən çıxan yazıları sonsuz maraqla oxumuşam. Daha doğrusu, bu yazılar bir oxucu kimi məni "əsir" edərək sonadək aparıb, onlardan ayrılmaq çox çətin olub. Kim nə deyir-desin, məncə, Günel Natiqin bir yazıçı kimi ən böyük uğuru öz yazı manerası, təhkiyə tərzi ilə oxucusunu arxasınca apara bilməsindədir.

Günel Natiq ədəbi aləmə təsadüfi gəlməyib. Onun doğulub boya-başa çatdığı ailə ədəbi mühitə sıx bağlı idi. Atası, tanınmış və görkəmli tərcüməçi Natiq Səfərov, ədəbi cameədə sevilən və hörmət edilən bir şəxsiyyət idi. Onun tərcümələri böyük maraqla oxunurdu. Dünya şöhrətli yazıçıların və ədiblərin kitabları bu evin ən əziz qonaqları idi. Günel də uşaqlıqdan bu kitabların təsiri altında böyüyürdü. Böyük ədəbiyyat aləmi sanki onu özü səsləyirdi.

Bir yazıçı-publisist kimi Günel Natiqin ən qiymətli xüsusiyyətlərindən biri, məncə, onun adi mövzulardan yazmamasıdır. Yazıları ehtiraslı oxucunun axtardığı, oxumaq istədiyi məqamlara toxunur. Günel xanım öz dərin istedadı və yazıçı bacarığı ilə bu mövzuları oxuculara yüksək səviyyədə təqdim edə bilir. Necə deyərlər, ürəkdən yazmayanda ürəklərə təsir etmək olmur.

"Qanun" nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş "Ədəbi talelər" kitabı bir daha sübut edir ki, Günel xanım adi yazarlardan deyil. Diqqətli və sədaqətli oxucular belə kitabların sorağındadırlar. Mənə elə gəlir ki, istedadlı qələm dostumuz bu sahədəki boşluğu uğurla doldura bilib və saysız-hesabsız oxucusuna gözəl bir hədiyyə təqdim edib.

Günel xanım bu kitabı əziz atası, görkəmli tərcüməçi Natiq Səfərovun əziz xatirəsinə həsr edib. Buradakı yazılar oxucunu heyrətə gətirəcək qədər maraqlıdır. Onun avtoqrafla mənə bağışladığı "Ədəbi talelər" kitabını vərəqlədikcə bu istedadlı xanımın işinə heyran qalıram. O, bu kitabında dünya ədəbiyyatının məşhur nümayəndələrinin həyatlarının oxucuya məlum olmayan səhifələrinə işıq salır. Burada Lev Tolstoy və həyat yoldaşı Sofya Bers, “qadın ürəklərinin yenilməz fatehi” Mopassan, ideal qadın axtarışında olan Çarlz Dikkens, “ağrını incəsənətə çevirən” Fyodor Dostoyevski, yeniyetmə yaşlarında cəmi 3 saatda "min işarədən ibarət" hekayə yazan Cek London haqqında yazılar yer alır. Günelin 40-dan çox belə şəxsiyyət barədə qələmə aldığı yazılar mövzu və üslub baxımından olduqca zəngindir. Sözün düzü, adamın bu istedadlı xanıma qibtə etməyi gəlir.

“Ədəbiyyat yazı adamının xilasıdır. Mənim üçün də 'ədəbiyyat' adlı bir xilas yolu olub. Elə bir yer ki, orda mən özümü arınmış, durulmuş və azad hiss etmişəm... Həmişə düşünmüşəm ki, məndə Karlsonu sevən Balacadan və Heminqueyin "Qoca və dəniz"indəki Qocadan nəsə var...” – bu sözlər Günel Natiqə məxsusdur və "Ədəbi talelər" kitabının ön sözündə yer alır.

Doğrudan da müəllifin dediyi kimi, “Hər birimizdə sevdiyimiz obrazlardan nələrsə var...” O, haqlı olaraq qeyd edir ki, bu kitabdakı yazıların əksəriyyətinin öz tarixçəsi var. Qəhrəmanlar isə təxəyyül məhsulu deyil, dünyada tanınan real şəxsiyyətlərdir. Belə şəxslər barədə yazmaq böyük istedad və ciddi məsuliyyət tələb edir. Nə xoş ki, Günel xanımda bu keyfiyyətlərin hər biri var.

Dünya ədəbiyyatının nəhəngi Lev Tolstoyu oxumayan ziyalı varmı? Təsəvvürümə gətirə bilmirəm. Amma onun şəxsi həyatı da yaradıcılığı qədər maraqlıdır. “Öldüyü gün həyat yoldaşını tərk edən Tolstoy” adlı yazı məhz bu boşluğu doldurur.

Yaxud Mopassanın “Qadınların üzərində hər bir qələbəmiz sübut edir ki, qollarımız arasında onlar demək olar ki, eynidirlər...” fikri ilə başladığı həyat yolunu bilmək üçün onun eşq macəralarına dair yazını oxumaq kifayətdir.

Həyatda ideal qadın, lap elə ideal insan varmı?! Bu suala birbaşa cavab vermək, məncə çətindir. "Həyatı boyu ideal qadını axtarmış Çarlz Dinkens" yazısında müəllif qeyd edir ki, "oxucuları əsl sevgiyə inanmağı öyrədən yazıçının ideal qadın axtarışları isə sadəcə bir cəhd kimi qalır..."

Bu kitabdan aldığım təəssüratlar olduqca zəngin və dəyərlidir. Həm mövzu seçimi, həm də müəllifin yazı üslubu və səmimi təhkiyəsi oxucunu özünə çəkir.

Yaxşı tanıdığım və sənətkarlığına böyük hörmət bəslədiyim Günel xanımı bu uğurlu toplusuna görə səmimi-qəlbdən təbrik edirəm. Bu dəyərli yazıların çoxu əvvəlcə "Azərbaycan" jurnalında “Ədəbi talelər” rubrikasında dərc olunub. İndi isə hamısını bir kitabda oxumaq imkanı əsl xoşbəxtlikdir.

Yazını müəllifin öz fikirləri ilə bitirmək istəyirəm: “Əminəm ki, "Ədəbi talelər"də hər birimizlə bağlı hansısa mətləblər gizlənir və bu mətləblərin nədən ibarət olduğunu, özündə nələri saxladığını hələ çox-çox sonralar biləcəyik...”

# 276 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #