Ədəbiyyatın "Cənub düyünü" - Milli kodlarımızı necə qorumalıyıq?

Ədəbiyyatın "Cənub düyünü" -  Milli kodlarımızı necə qorumalıyıq?
27 yanvar 2026
# 16:40

Kulis.az Sayman Aruzun "Cənubi Azərbaycan ədəbiyyatının əhəmiyyəti və vahid milli ədəbi məkanın zərurəti barədə" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatı coğrafi sərhədlərlə məhdudlaşan bir hadisə deyil. O, tarixi yaddaşın, dilin, mədəni kodların və milli kimliyin daşıyıcısıdır. Bu baxımdan Cənubi Azərbaycan ədəbiyyatı ümumi Azərbaycan ədəbi prosesinin periferiyası yox, onun ayrılmaz və strateji hissəsidir. Bu ədəbiyyat təkcə regional yaradıcılıq sahəsi deyil, milli ədəbi bütövlüyün qorunmasında və gələcək istiqamətinin müəyyənləşməsində əsas sütunlardan biridir.

Cənubi Azərbaycan ədəbiyyatı – milli yaddaşın qoruyucusu kimi uzun müddət: dil məhdudiyyətləri, mədəni təzyiqlər, nəşr və təhsil imkanlarının darlığı şəraitində formalaşıb. Bu çətin mühit ədəbiyyatı zəiflətməyib, əksinə ona xüsusi bir missiya yükləyib: o da kimliyi qorumaq missiyasıdır. Burada ədəbiyyat sadəcə estetik hadisə olmayıb. O: ana dilinin yaşadılması, tarixi yaddaşın ötürülməsi, milli özünüdərkin qorunması üçün vasitəyə çevrilib. Bu xüsusiyyət Cənubi Azərbaycan ədəbiyyatını ümumi ədəbi proses içində mənəvi dayaq nöqtəsinə çevirir.

Tarixi reallıq Azərbaycan ədəbiyyatını inzibati sərhədlərlə iki yerə bölüb, amma ədəbi mahiyyət bölünməyib. Eyni dil, eyni folklor kökü, eyni tarixi yaddaş və oxşar mədəni simvollar bu ədəbiyyatı təbii şəkildə vahid sistemə bağlayır. Bu baxımdan qarşıda duran əsas məsələ: ədəbi əlaqələrin gücləndirilməsı, müəlliflərin qarşılıqlı tanıdılması ortaq ədəbi platformaların yaradılması, ortaq ədəbi müzakirə mühitinin formalaşdırılmasıdır. Vahid ədəbiyyat inzibati deyil, mədəni inteqrasiya yolu ilə qurulur. Vahid ədəbi diln formalaşması olduqca vacib məsələdir. Dil milli ədəbiyyatın onurğa sütunudur. Cənubi və Şimali Azərbaycanda istifadə olunan ədəbi dil arasında fərqlər mövcuddur, lakin bu fərqlər ayrılıq yox, zənginlik mənbəyidir. Gələcək baxımından vacib olan: qarşılıqlı anlaşmanı gücləndirən ortaq ədəbi norma, terminoloji yaxınlaşma, dilin süni parçalanmasının qarşısının alınmasıdır. Bu proses məcburi yox, təbii ədəbi ünsiyyət və ortaq nəşr mühiti vasitəsilə formalaşmalıdır. Vahid ədəbi dil milli mədəni məkanın möhkəmlənməsi deməkdir. Ədəbiyyat yalnız fərdi yaradıcılıq deyil, həm də mədəni istiqamət daşıyır. Cənubi Azərbaycan ədəbiyyatının ümumazərbaycan ədəbi sistemində fəal yer alması: milli kimlik şüurunun möhkəmlənməsi, ortaq tarixi baxışın formalaşması, mədəni özünəinamın artması ilə nəticələnə bilər. Burada “vahid ədəbi ideya” anlayışı siyasi şüar yox, mədəni məqsəd kimi başa düşülməlidir: dilin, kimliyin, mədəni yaddaşın qorunması və inkişafından söhbət gedir.

Cənubi Azərbaycan amilinin gələcəkdə artan rolunu görməmək mümkün deyil. Regional və beynəlxalq proseslər göstərir ki, mədəni faktorlar getdikcə daha çox geosiyasi və ictimai əhəmiyyət qazanır. Bu kontekstdə Cənubi Azərbaycan: böyük insan potensialı, zəngin mədəni mühit, güclü tarixi şəhər mədəniyyəti ilə gələcəkdə daha diqqətçəkən subyektə çevrilə bilər. Belə bir perspektivdə ədəbiyyat öncədən möhkəmlənməli olan sahədir. Çünki mədəni əsaslar olmadan ictimai və siyasi proseslər dayanıqlı olmur.

Cənubi Azərbaycan ədəbiyyatının:, nəşri, tədqiqi, tədrisi, media və mədəni platformalarda tanıdılması strateji əhəmiyyət daşıyan vacib məsələdir. Bu, yalnız ədəbi ədalət məsələsi deyil, milli mədəni təhlükəsizlik məsələsidir. Unudulan ədəbiyyat zəifləyir, zəifləyən ədəbiyyat isə milli yaddaşın boşalmasına səbəb olur. Cənubi Azərbaycan ədəbiyyatı ümumi Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsi, milli kimliyin qoruyucusu, gələcək mədəni inteqrasiyanın əsas dayaqlarından biridir. Vahid ədəbi məkanın formalaşması, ortaq dil normalarının yaxınlaşması və ortaq mədəni məqsədin güclənməsi Azərbaycan ədəbiyyatını təkcə sayca yox, təsir gücü baxımından da böyüdə bilər. Cənubi Azərbaycan ədəbiyyatına diqqət göstərmək bir bölgəyə deyil, bütövləkdə milli mədəni gələcəyimizə sərmayə qoymaq deməkdir. Vaxt, bir mərkəzdən idarə olunan vahid ədəbiyyatın, vahid ədəbi dilin, vahid ədəbi ideologiyanın formalaşması vaxtıdır.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər