Kulis.az Simran Qədimin "Sayrışan hallar" silsiləsindən "Cəzasız cinayət" yazısını təqdim edir.
Məşhur bir deyim var: "Ən böyük oğurluq zaman oğurluğudur".
Bəlkə də, cəzasız qalan yeganə oğurluq! Çox vaxt bu əməlin mahiyyətini nə "soyğunçu" başa düşür, nə də zərərçəkən.
Zaman oğurluğu təkcə kimsə boş yerə bizim vaxtımızı alanda baş vermir. Əslində, bu cür talançılıq ən çox internetdə – yutubda, feysbukda, instaqramda törədilir. Bizə dəyər qatmayan, fayda verməyən kontentlərlə, yazılı və video materiallarla.
Öyrədici, ya da əyləndirici kontent olsun, fərqi yoxdur, əgər istehsalçı vəd etdiklərini yerinə yetirmir və istehlakçını aldadırsa, avtomatik oğruya çevrilir.
Niyə boş-mənasız, həm də uzun-uzadı video çəkirsən?! Niyə heç bir anlam daşımayan, özü də hər cür qrammatik və orfoqrafik səhvlərlə dolu statuslar, məqalələr yazırsan?! İnsanlara qarşı hörmətsizlik etdiyini bilirsənmi, anlayırsanmı?!
İş orasındadır ki, bu məsələdə təkcə oğurlayan yox, həm də vaxtın qədrini bilməyən, onun yağmalanmasına könüllü razılıq verən biz günahkarıq. Başqasının bizdən oğurlamağa çalışdığı zamanı əksər hallarda özümüz bilə-bilə öldürürük.
Unutmayaq: zamanı oğurlamaq da cinayətdir, öldürmək də.
Əndərəbadi mətnlər
Çox vaxt müəlliflər mətnlərinin sanballı, dərin görünməsi üçün mürəkkəb cümlələr qururlar. Burada iki məqsəd var: özünü göstərmək, "bax, mən hər kəsdən ağıllı və savadlıyam" demək və mətnin təsir qüvvəsini artırmaq, oxucunu yazıya inandırmaq.
Əlbəttə, oxucunu yazıya inandırmaq cəhdi təqdirəlayiqdir, bütün müəlliflər mətnlərinin təsir qüvvəsini artırmaq istəyirlər. Özünü göstərmək, ağıllı və savadlı olduğunu bildirmək məsələsində isə müəyyən məqamlar var.
Birincisi, formadakı mürəkkəbliklə məzmundakı primitivliyi ört-basdır etmək mümkün deyil. Bəlkə, bir müddət hər kəsi aldada bilərsən, amma hamını həmişə aldatmaq olmur.
İkincisi, mürəkkəb cümlələr müəllifləri də, oxucuları da çaşqınlığa yuvarlayır. Bəzən əndərəbadi cümlələrin nə məna kəsb etdiyini nəinki oxucular, heç müəlliflər özləri də anlamırlar.
Üçüncüsü, reallıq onu göstərir ki, hədəf auditoriya nəzərə alınmayanda oxucular çətinə düşüb mətndən uzaqlaşırlar. Nəticə isə qənaətbəxş olmur, özümüz yazıb özümüz oxumaq məcburiyyətində qalırıq.
Bəlkə, fəlsəfələyək?
Fəlsəfə nədir? Belə baxanda, bu sualın özü artıq fəlsəfədir. Sual bir olsa da, cavablar çoxdur, müxtəlifdir. Konkret suallara konkret cavablar tapmaq həmişə alınmır. Dəqiq cavabın olmadığı vəziyyətlərdə filosoflar fərziyyələr irəli sürməyə, mülahizələr aparmağa başlayıblar. Beləliklə, fəlsəfə yaranıb.
Əgər hansısa suala dəqiq cavab tapılıbsa, bu artıq fəlsəfə olmaqdan çıxıb, elmə çevrilib. Bertran Rasselin dili ilə desək, tarix irəlilədikcə fəlsəfənin əhatə dairəsi daralıb, ona aid sahələrin yerini elm tutub.
Odur ki fəlsəfə konkret cavablar vermir, verməməlidir. Məqsəd test tapşırığı yerinə yetirən şagird kimi, cavablar əzbərləmək və düşüncə qəlibləri formalaşdırmaq deyil. Əksinə, şüurumuzda yeni-yeni, fərqli-fərqli suallar yaratmalıyıq. Bilmədiklərimizdən xəbərdar olmalı, təfəkkür qandallarından qurtulub düşüncə təcrübələri yaşamalıyıq...
Stəkanın kimliyi
Yarısı dolu, yarısı boş stəkana baxıb nə görürük: “yarısı dolu stəkan”, yoxsa “yarısı boş stəkan”? Bu, əslində, insanın kimliyi ilə bağlı məsələdir.
Əgər biz yarısı dolu stəkan görürüksə, deməli, diqqətimizi bu çəkib, məhz həmin amilə yönəlmişik. Əlbəttə, tərsinə də ola bilər: baxan kimi stəkanın boş tərəfini görər, yarısının dolu olmasına heç fikir də vermərik.
Adətən, optimistlə pessimisti fərqləndirmək üçün vurğulanan stəkan misalı, sadəcə, metaforadır. Amma həyat metafora deyil. Belə ki, biz daim sərhədlərini dəqiq ölçə bilmədiyimiz mürəkkəb situasiyalarla qarşılaşırıq. Bu zaman dərhal hansısa rəyə gəlir, özümüz üçün fikir formalaşdırırıq.
Əslində, gəldiyimiz rəy və ya formalaşdırdığımız fikir eynən stəkan misalındakı kimi subyektiv olur, mütləq həqiqəti əks etdirmir. Çünki biz məhz gördüklərimiz və diqqətimizi çəkən məqamlar əsasında bəlli qənaətlərə gəlirik. Qənaətlərimiz, situasiyaya baxışımız isə bizim kimliyimizdən xəbər verir.
FOBO
Son dövrlər çoxumuza aid bir sindrom meydana çıxıb: FOBO (Fear of better options). Yəni, daha yaxşı seçimi əldən qaçırmaq qorxusu. Bu sindromdan əziyyət çəkənlər daim narahatlıq keçirirlər ki, yanlış seçim ediblər. Önəmli-önəmsiz bütün məsələlərdə qərarlarından narazı qalır, daha yaxşı seçim etmədikləri üçün məyusluq duyurlar.
"Görəsən, ürəyim nə istəyirdi? Bəlkə də, səhv elədim, gərək çay yox, qəhvə içərdim..."
"Deyəsən, düz seçmədim, indiki əhvalıma bu film yox, o biri uyğun gələrdi..."
"Parlaq bir gələcək üçün hara yönəlməliyəm? Bəlkə də, bu iş təklifini rədd etməliydim, daha yaxşı fürsətləri əldən verdim..."
Seçimlərlə bağlı həmişə tərəddüd keçirsək də, müasir dövrdə bu hal qatbaqat artıb. İndi həm seçim imkanları çoxalıb, həm də qloballaşmanın, sosial şəbəkələrin təsiri altında özümüzü başqaları ilə daha çox müqayisə edirik. Belə deyək, tədricən Homo sapiensdən Fobo sapiensə çevrilmişik.
Süni hallüsinasiyalar
Dünyaca məşhur iqtisadçı Daron Acemoğlu yazır ki, zaman keçdikcə süni zəka sahəsində müəyyən çatışmazlıqlar, qüsurlar ortaya çıxacaq. Belə ki, hallüsinasiya artıq təkcə olmayan şeyləri görmək və ya eşitmək deyil. Hallüsinasiya həm də süni zəkanın reallıqda olmayan şeyləri bizə həqiqət kimi göstərməsidir. Özü də hədsiz gerçək, inandırıcı şəkildə, azacıq da olsa, şübhəyə yer qoymadan!..
Uydurmaqdan çəkinməyən süni zəka adamda hallüsinasiya təəssüratı yaradır, olmayan şeylərin olduğunu zənn edirik. Acemoğluya görə, bu cür alqoritmlər dezinformasiyaları, onsuz da hökm sürən manipulyasiya hallarını daha da artıracaq. Bu isə çox təhlükəlidir, qorxuludur.