Kulis.az Simran Qədimin "Baş qəhrəman sindromu və solğun mavi nöqtə" adlı yeni yazısını təqdim edir.
XIII əsrin məşhur sufi şairi, filosofu Mövlana Cəlaləddin Ruminin özündən də məşhur bir kəlamı var: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Olduğumuz kimi görünmək bu gün dəbdə deyil, çoxlarına görə, “filtr”lərdən istifadə etmiriksə, geridəqalmışıq, mütiyik, məğmunuq. Göründüyümüz kimi isə ola bilmirik, çünki fərdi inkişaf həm böyük enerji, zəhmət tələb edir, həm də uzun-uzun illər.
“İndi al, sonra ödə” prinsipi ilə hər şeyi dərhal əldə etməyə alışmış yeni əsrin, yeni nəslin əksər nümayəndələri geridəqalmış, müti, məğmun deyillər. Xüsusən “Z nəsli” müasir dəblə ayaqlaşır, trendə qoşularaq çıxış yolu tapır: obraz yaratmaq və özünü buna inandırmaq! Yəni görünüşlə gerçəklik arasında illüziya qurmaq, ortaya xəyali, virtual bir körpü salmaq, mübaliğəsiz desək, göründüyün kimi olduğunu zənn edib özünü aldatmaq...
Son zamanlar əsasən eqoist, narsist insanlara aid edilən belə bir sindrom meydana çıxıb: baş qəhrəman sindromu. Bu fenomen bir neçə il öncə yaranıb. Səviyyəsi hələlik (bəlkə də, elə həmişəlik) hədsiz aşağı olan tiktokda "maincharacter" həştəqinə milyardlarla baxış gəldi, tezliklə hamı baş qəhrəman sindromu ilə tanış oldu. Bundan əziyyət çəkənlər həyatın nəsə bir hekayə, film olduğunu zənn edirlər. Onlara elə gəlir ki, özləri baş qəhrəman, digərləri isə, sadəcə, ikinci, üçüncü dərəcəli personajlardır.
Psixoloji pozuntu kimi qeydə alınmayan, əsasən populyar mədəniyyət hadisəsi sayılan baş qəhrəman sindromunun maraqlı bir cəhəti var: sözügedən insanlar həyatlarını təsvir edəndə storitellinqdən – hekayəçilikdən yararlanırlar. Storitellinqə aid bütün qayda-qanunlardan necə lazımdırsa, gen-bol istifadə edirlər. Daim özlərini mərkəzə qoyur, dünyanın məhz onların çevrəsində fırlandığını düşünürlər. Belə deyək, onlara görə, heliosentrik (günəşmərkəzli) sistem eqosentrik (mənmərkəzli) sistemlə əvəzlənib.
Bu adamlar eynən hekayəçilikdəki kimi, həyata fərqli nəzərlərlə, rəngarəng eynəklərlə baxırlar: kimisi qorxu-dəhşət içində, kimisi kinayə, istehza ilə, kimisi də səssiz-səmirsiz, emosiyasız. Beyin hər situasiyada dərhal yaddaşındakı filmləri, romanları üzə çıxarır, bənzərliklər tapır, paralelliklər aparıb özünü baş qəhrəmanlarla eyniləşdirir. Əgər mən film ulduzuyamsa, deməli, meqaölçülü, ultrahəcmli bir missiyam var. Məsələn, xeyirlə şərin mübarizə meydanında unudulmaz qəhrəman ola bilərəm. Protoqonist kimi, nəinki ətrafımdakıları, ölkəmi, hətta dünyanı da xilas edərəm.
Həyatlarının hər anını sosial şəbəkələrdə paylaşanlar, istər-istəməz, bəlli obraza büründükləri üçün özlərini baş qəhrəman kimi görürlər. Rəqəmsal, virtual bir hekayənin baş qəhrəmanı kimi... Əvvəllər, adətən, tez-tez böyük auditoriyalar qarşısında çıxış edənlər hansısa kimliyə bürünməyə, obraz yaratmağa ehtiyac duyurdular. İndi isə bu ehtiyac şəbəkədə yüzlərlə, minlərlə “dost”a sahib olan hər kəsin arzusudur. Necə deyərlər, artıq hamımız məşhuruq.
Bu hal get-gedə artır – xüsusən əlini reallıqdan üzüb zombi kimi gəzən, virtual vampirlərin zaman və enerjilərini sormalarıyla mazoxistcəsinə razılaşan, yenə mübaliğəsiz desək, həyatlarını internetdə avaralanmaqla keçirən, özünə alternativ məşğuliyyət tapa bilməyən (əslində, tapmaq istəməyən) adamlar arasında. İşləyəndə, dincələndə, yemək yeyəndə, çay içəndə, alış-veriş edəndə... Hər halımızı çəkib paylaşmaq vərdişi qəribə bir təəssürat yaradır: həmişə obrazda olmalıyam! Mükəmməl, “cool” görünməliyəm! Axı məni çəkirlər, hamı məni izləyir...
Hollivud filmlərindəki kimi mükəmməl olub, tezbazar hər işin öhdəsindən gələ bilməyəndə içimizdə dərin bir məyusluq baş qaldırır. Reallıqdan o qədər uzun müddət aralı qalırıq ki, bəzən həqiqətlə uydurmanı, həyatla hekayəni ayıra bilmirik. Ən kiçik problemlər də böyük çətinliklərə çevrilir, tez-tez hövsələdən çıxırıq. Tədricən həyata, insanlara qarşı yadlaşır, empatiyadan məhrum, heç kəsi və heç nəyi vecinə almayan biri oluruq. Qəhrəmanların parlaq həyatlarını təkrarlaya bilməməyimiz gerçəkliyi çox maraqsız edir. Adi reallıqların qeyri-adi gözləntilər qarşısında əzilməsi ilə barışmaq istəmirik.
Öz həyat hekayəmizin qəhrəmanı kimi qarşımıza böyük məqsədlər qoymaq, onlara çatmaq üçün içimizdə inam atəşi, motivasiya yaratmaq nə qədər faydalıdırsa, reallıqdan qopmaq, arzu və xəyalların sərhədlərini keçib avantürizmin, absurdizmin torpaqlarına ayaq basmaq bir o qədər zərərlidir. Özünə inanmaqla özünü aldatmaq fərqli anlayışlardır, ortada dərin bir uçurum var.
Məsələ ondadır ki, bizim baş qəhrəman olmağımız digərlərini ikinci dərəcəli personajlara, dekorativ obrazlara çevirməməlidir.
Əslində, bütün insanlar ayrıca bir qəhrəmandır, özü də baş qəhrəman. Hər kəs öz həyatının qəhrəmanı deyilmi?
Təzəlikcə meydana çıxan baş qəhrəman sindromu, gərək ki, həmişədən mövcud olub. Bu, sadəcə, hansısa psixoloji fenomenin reinkarnasiyası – ayrı adla yenidən doğulmasıdır. Biz tarix boyu dindarların, alimlərin, filosofların irəli sürdükləri fikirlərə əsaslanıb həyatdakı rolumuzu tapmağa çalışmışıq. Teosentrik (tanrımərkəzli), kosmosentrik (kosmosmərkəzli), antroposentrik (insanmərkəzli), eqosentrik (mənmərkəzli) olsun, fərq etməz, keçmişdə də özümüzə bir rol təyin etmişik, indi də təyin etmək istəyirik. Bu, çox güman ki, gələcəkdə də belə olacaq. Çünki insan psixoloji baxımdan daim özünə bir rol tapmağa ehtiyac duyur.
Kosmosun sonsuz böyüklüyü qarşısında nəhayətsiz kiçikliyimizi nəzərə alsaq, biz heç də baş qəhrəman obrazına uyğun gəlmirik.
Kainat barədə düşünəndə tanınmış amerikan astrofiziki, elmi-kütləvi kitablar müəllifi Karl Saqanın solğun mavi nöqtəyə – Yer kürəsinin kosmosdan çəkilmiş şəklinə baxıb dediyi sözlər yada düşür:
"Bu nöqtəyə təkrar baxın. O, buradır. O, bizim evimizdir. O, bizik. Sevdiyiniz və tanıdığınız hər kəs, nə zamansa haqqında eşitdiyiniz hər kəs, nə zamansa mövcud olan hər kəs həyatını orada keçirib. Bəşər tarixi boyunca bütün sevinclərimiz və kədərlərimiz orada olub. Minlərlə özündən əmin din, ideologiya və iqtisadi təlim, hər ovçu və toplayıcı, hər qəhrəman və qorxaq, hər mədəniyyət qurucusu və dağıdıcısı, hər kral və kəndli, hər gənc aşiq cütlük, hər ana və ata, ümid dolu uşaq, ixtiraçı və səyyah, hər əxlaq müəllimi, hər korrupsiyalaşmış siyasətçi, hər "super ulduz", hər “ali lider”, hər müqəddəs və günahkar orada yaşayıb – gün şüasında asılan toz zərrəciyinin üzərində”.