Kulis.az Aydan Hacının meyxanaçı Orxan Lökbatanlı ilə müsahibəsini təqdim edir.
Müsahibənin video formatını buradan izləyə bilərsiniz.
- Orxan bəy, konkret desək, artıq meyxanadan getmisinizmi?
- Demək olar. 16-17 ildir ki, məlum ortaqlarımızla birgə meyxana məclislərində iştirak etmişəm. Allah Vüqara rəhmət etsin, Rəşada da can sağlığı versin, tezliklə onu bizlərə və ailəsinə qovuşdursun. Bizim bir dördlük var idi ki, həmin vaxtlarda hər gün məclisimiz olurdu. O ki qaldı meyxanadan uzaqlaşmaq, hamı onu başqa cür başa düşür. Elə bilirlər ki, meyxanadan getmisənsə, ancaq öz şeirlərini deyib, mahnı-filan oxuyacaqsan, şeir deyib, ağ günə çıxacaqsan. Bu, qətiyyən, belə deyil. Meyxanada olan gəlir bu sahədə yoxdur. Oğul ona deyərəm ki, səbr etsin. Mənim meyxanadan getməyimin səbəbi isə sırf mahnı oxumaq deyil, bunun içində çox səbəblər var. Bunun haqqında isə uzun-uzadı danışmaq istəmirəm.
- Onda gəlirdən danışmışkən, musiqidən əlavə hər hansı gəlir yeriniz var?
- Əlavə heç bir biznesim, ya da gəlir sahəm yoxdur, ancaq bəzi planlarım var. Uşaqlar da böyüyür, onlara da bir gün ağlamaq lazımdır. Düzdür, özləri də oxuyub təhsil almalı və bunun üçün çalışmalıdırlar. Mənim də bir valideyn kimi əsas borcum onlara dəstək olmaqdır. İndi yaşım icazə verir, məclislərə gedə bilirəm, amma 45-50 yaşımdan sonra çətin olacaq. Ona görə də, o dövrə qədər kiçik də olsa, bir gəlir yerim olmalıdır.
- Övladlarınız bu sahədə olmaq istəsələr qarşı çıxarsınız, yoxsa öz fikirləri sizin üçün daha vacibdir?
- Üç övladım var. İki oğlum, bir qızım. Qızımın bu sahəyə qətiyyən marağı yoxdur. Böyük oğlumun da elə həvəsi yoxdur. Uşaq vaxtı muğama gedirdi, sonra dedi ki, bu iş mənlik deyil. Ancaq kiçik oğlum Hüseynin marağı var. Bizim studiyamızda hərdən gəlib ifalar edir. Düzü, biz heç birimiz istəmirdik, amma görürük ki, marağı çoxdur. İndi beşinci sinifdə oxuyur və çalışırıq ki, yavaş-yavaş incəsənətə hazırlaşsın. Bu gün söz verə bilmərəm ki, müğənni olacaq. Ola bilər ki, şair olar, aktyor olar, amma mən onu sırf incəsənət sahəsində görürəm. İncəsənət xadimi olması kifayət edər. Desinlər ki, Orxan Lökbatanlının övladı belə yetişdi. Əsas odur, hansı sahədə olursa olsun, xalqına şərəflə xidmət etsin.
- Orxan bəy, həmkarlarınız bunu deməkdən çəkinir, bəlkə, siz deyəsiniz... İndiyə qədər bir məclisdən qazandığınız ən böyük pul nə qədər olub?
- 15 manat (gülür).Təbii ki, zarafat edirəm. Çox pul qazandığımız vaxtlar olub, yadda qalanları da çox olub. Məclislərin gur gedən vaxtlarında elə olub ki, bir günə 12 min, 15 min, 17 min qazanmışam. Elə gün olub ki, evə gedəndə görmüşəm ki, cibimdə 18-20 min pul var. Onda camaatda da vəziyyət yaxşı idi. Toy sferasında çalışan adamların qazancı xalqın nə qədər yaxşı yaşamasından asılıdır. Yəni siz nə qədər firavan yaşasaz, ruziniz nə qədər bol olarsa, bizim də qazancımız yaxşı olar.
- Rəşad Dağlı həbs olunandan sonra sizin haqqınızda da fikirlər müxtəlif oldu. Sosial şəbəkələrdə xiridarlar sizləri meydanı ələ ala bilməməməkdə, liderlik edə bilməməkdə ittiham etdilər..
- Yox, mən elə deməzdim. Rəşad azadlıqda olanda da meyxananın elə bir dövrü idi ki, Rəşad bir tərəfdən, mən bir tərəfdən, dostlar bir tərəfdən, az da olsa o ipi əlimizdə tutub saxlamışdıq. Rəşad həbs olunanadan sonra isə, hansı tərəfdən baxırsan bax, o boşluq göründü. İstər tamaşaçı gözüylə bax, istərsə də xiridar gözü ilə. Rəşad elə bir fiqur idi ki, onun yoxluğu mütləq şəkildə bilinməli idi. Mən deməzdim ələ almadıq. Özüm uzaqlaşsam da, bu barədə nəsə danışa bilmərəm. Çünki hamı nə bacarırsa, onu da etdi.
- Ümumiyyətlə, belə bir fikir dolaşırdı ki, meydanlarda pul bölgüsü, toya kimin gedib-getməyəcəyini Rəşad Dağlı müəyyənləşdirirmiş. Belə idi?
- Yox, yanlış düşüncədir. Mən Rəşadı 18 ildir tanıyıram. Getdiyimiz məclislərdə də nə Rəşad, nə mən, nə də digər meyxanaçılar pul bölgüsünə qarışıb. Əksinə, bizim pul bölgümüz hər zaman ədalətli olub. Aramızda cavan meyxanaçılar da olub. Bizdən yaşlı meyxanaçılarla da məclisə gedəndə heç ağlımıza da gəlmiyib maddiyyat məsələləri. Çünki bizim onlarla meyxana deməyimiz belə böyük uğur idi. Gənclərə də hər zaman müəyyən vəsait ayırmışıq ki, heç kəs evinə əliboş getməsin. İndi dövr də fərqlidir. Biz özümüzdən böyüklərə heç vaxt "hanı mənim pulum?" sözünü deməmişik. O ki qaldı pul bölgüsünə, ola bilər. O da yalnız bir halda ola bilər ki, pulun hamısı verilib Rəşada, o da hərənin öz payına düşən məbləği verib. Sözün açığı, mən hər zaman pul məsələlərindən qaçmışam. Rəşad da müvəqqəti yoxdur aramızda, ona görə də gərək düzgün danışaq.
- Bəs gənc meyxanaçılara münasibətiniz necədir? Sizi qane edirlər?
- Yaxşı gənc meyxanaçılarımız var. Mən özüm bu sahədən getsəm də, yenə də toylara, məclislərə dəvət alıram və meyxanadan öncə öz repertuarımdan müəyyən musiqilər ifa edirəm. Onda da gənc meyxanaçılarla rastlaşıram. Hərdən elə olur ki, özləri zəng vurub, ofisimizə gəlib, bir çayımızı da içirlər. Mən də onlarla öz təcrübələrimi bölüşürəm. O deyirlər e, meyxana bitdi, meyxana qutardı. Elə şey yoxdur. Meyxana sadəcə, müəyyən dövr bitə bilər. İndi də yeni dövr başlayır, yeni meyxanaçılar yetişir. O vaxtı Aydına qədər, Rəşada qədər müəyyən dövr qalmışdı. Sonra biz çıxdıq ortaya – Vüqar, Pərviz, mən. Bununla da meydan təzədən düzəldi. İndi də onun kimi, Rəşad uzaqda olsa da, mən meyxanadan çəkilsəm də, Vüqar rəhmətə getmiş olsa da meyxana bitməyib, davam edir. Razıyam, heç kəs Vüqarı, Pərvizi ya da Rəşadı əvəz edə bilməz, ya da heç kəs Orxan kimi sevgi bəndləri deyə bilməz. Hərənin öz xətti var. İndikilər bizim yerimizi verməsələr də, bizdən də yaxşı ola bilərlər. Gənclərə də əsas məsləhətim odur ki, səmimi və mehriban olsunlar. Hamının arasında inciklik olur, əsas məsələ bunu meyxana meydanına daşımamaqdır.
- Onda sizə elə meyxananın sevgi şairi demək olar?
- Elə deyirlər. Bunu da özüm deməmişəm, camaatın mənə qoyduğu addır. Bu da hər dövrdə olub. Məsələn, bizim uşaqlığımızın sevgi şairi Nüsrət Kəsəmənli idi. Sevgi barədə deyilən hər şeirdə və mahnıda hamı özündən nəsə tapır.
- Belə çıxır ki, siz də bizim dövrün Nüsrət Kəsəmənlisi sayılırsınız?
- Nə xoş mənim halıma ki, məni buna layiq görürlər. Bununla yalnız qürur duyaram.
- Özünüz meyxanaçılara mehriban olsunlar deyirsiniz, ancaq yazıçılarla həmişə mübahisələriniz olur, çox tənqid olunursunuz.
- Hərdən sosial şəbəkələrdə rastıma çıxır. Amma maşallah olsun ki, bizimkilər də cavablarında geri qalmırlar. Məsələn, bir verilişdə bizim gənc meyxanaçılarımız Cahangeşt və Kərim var idi. Verilişdə müəyyən debat gedirdi. Orada baxdım ki, bizim uşaqlar əsl meyxana tərbiyəsi və comərdliyi göstərdilər. Müəyyən çatışmazlığımız olsa da, bizim yaxşı təməlimiz var.
- Deyirlər ki, oxumursunuz, intellekt problemləri var…
- Meyxanaçı Vüqar Əbdülovun üç əsəri hazırda qızıl fondda saxlanılır. Bunu bizim incəsənət xadimlərimiz layiq bilib, oraya qoyublar. Namiq Məna, Aydın, Rəşadın özü, Vüqar universitet bitirib. Vüqarın rəf-rəf kitabları var idi. Yəni, savadlı ustadlarımız çoxdur. Bu alimlərimizdən də tək istəyim odur ki, öz sahənizdə o qədər çatışmazlıqlar var, onları həll edin. Niyə hamı meyxanadan danışır? Müğənnidən tutmuş aktyora qədər hamı meyxanadan danışır. Hərə əlinə bir şüar alıb ki, “Filankəsin oxuduğu bayağıdır”. Elə öz sahənizdə özünüzün yaşı qədər bayağı müğənni var. Onlarla niyə məşğul olmursunuz?
- Deyirsiniz ki, hamının problemi meyxanadır. Bunun günahkarı dinləyicidir, ya elə meyxanaçıların özü?
- Maraqlı sualdır. Dünənin dinləyicisi ilə bu günün dinləyicisi bir deyil. Biz meydanda təsdiqlənənədə, sosial şəbəkə yox dərəcəsində idi. O dövrlə bu dövr eyni deyil. İndinin tamaşaçısı ancaq şou axtarır. Sənət və sənətkar qalıb qıraqda, hamı ifaçının qızıl sepinin çəkisi ilə maraqlanır. Cavanşir Məmmədovun maşın kolleksiyası var idi, amma bunu efirə yansıtmırdı. Bu gün də tamaşaçının tələbi odur. Tamaşaçının arxasıyca düşmək olmaz. Sən elə etməlisən ki, tamaşaçı sənin arxanca gəlsin. Belə pis çıxmasın, kəndir sənin əlində olmalıdır. Onu da yaxşı tərəfə çəkməyi bacarmaq lazımdır.
Mən özüm meyxanadan ayrılandan sonra 14 fevralda konsert etdik. Tək məqsədim də məni sevən təbəqənin kim olduğunu öyrənmək idi. Balaca bir salon idi, amma çox möhtəşəm konsertimiz keçdi. Oranın tutumundan da çox adam gəlmişdi. Konsertin adını da “Sevgi şairi ilə sevgi konserti” qoyduq. O səhnədə üç saat canlı ifa etdim. Səhnədən gördüyüm o idi ki, 95 faiz öz ailəsi ilə gəlmişdi. Demək ki, o dəyəri qazana bilmişik. Bu isə bizim və meyxananın uğurudur. Ən tanınmış Xalq artistlərimizin belə mahnı sözlərini meyxanaçılar yazıb. Röya Ayxanın məşhur mahnısı var ki, sözlərini Oqtay Kamil yazıb, Rəşad Dağlı yazıb. Götürək elə Aygün Kazımova və Namiq Qaraçuxurlunu. Oxuduqları hər ifa uğurlu alınıb. Onların hər ifalarından adama doğmalıq gəlir. Niyə bütün bunları bayağıya bağlayırıq? Pərviz Türkanla oxuyanda hamı qınayır, amma hamı da Pərviz oxuyanda oynayır. Adama deyərlər, mən bayağıyamsa, sən gətir öz işini qoy ortaya. Ona görə də heç kəsə bayağı adını qoymaq olmaz.
- Bəlkə, ayrı-ayrı şəxslərə görədir həm də bu söhbətlər? Məsələn, Balaəliyə görə…
- Baləlinin sənətini, sözünü, özünü tənqid edirlər, amma hamıdan da çox istəyirlər. Sadəcə, Balaəli bir az səbirsizdir. Ona görə, ətrafda bir az qınaq obyektinə çevrilir. Elə məqamlar var ki, orada susmağı bacarmalısan, ancaq Balaəli orada da danışır. Sevənləri, bəyənənləri də çoxdur. Bir adam danışılırsa, deməli var.
- Bəs elə meyxanaçı varmı, düşünürsünüz ki, deyə bilmir, amma gündəmdədir?
- Orada əsas məsələ şansdır. Bu isə tək meyxanada yox, bütün sahələrdə var. Elə meyxanaçı var ki, özü istəmir tanınsın, eləsi də var ki, tanınmağını Allah istəmir. Burada Allahın da hikməti var. Eləsi də var ki, yaxşı istedadı var, amma şansı gətirmir.
- Meyxananın şahı kimdir?
- Meyxananın şahı yox, şahları olub. İndiki dövrdə bilmirəm. Bir ara deyirdilər ki, deyişmənin şahı Rəşaddır, əruzun şahı Vüqardır. Onların şah yox, padşah olması bizim fəxrimizdir. Buna da kütlə cavab verə bilər. Meyxana elə bir sənətdir ki, təblə əlaqəli olan bir şeydir. İndiki dövrdə elə bir cavan meyxanaçı yaxşı deyə bilər ki, hamı da deyər, dövrün şahı budur. Bir sözlə, hər dövrün öz şahı var.
- Meyxana təzə məşhur olan vaxtlarda Bakı kəndlərində demək olar ki, bütün toylarda əsas mövzulardan biri kriminallıq və narkomaniya idi. İndi bu hallarla az rastlaşırıq. Sizcə, səbəb nədir?
- Düzdür, əvvəl kəndlərdə olurdu belə deyişmələr. Həmin kəndlərdə, ya da rayonlarda meyxana deyəndə kriminal aləmin məşhur şəxslərindən kimlərinsə adları çəkilirdi. Bu isə sırf kütlənin istəyinə bağlı idi. Daha sonra sosial şəbəkələr-filan o qədər inkişaf etdi ki, bu cür mövzular yığışdırıldı. O hissə mənim qarışacağım mövzu deyil, amma dövlətin qanunları qarşısında boynumuz qıldan incədir.
- Meyxanaçının təbi rəvan olmalıdır, bu rəvanlıq üçün isə mütləq ya içkili, ya da...
- Bu fikrlə razı deyiləm. Bir dəfə bu barədə Ağasəlimə sual veriblər. O da deyib ki, məsələ içib-çəkmək olsaydı, ən yaxşı meyxananı ruslar və əfqanlar deyərdi. Tamamilə boş söhbətdir. Təəssüf hissi ilə deyirəm ki, biz çox dəyərli sənətçilərimizi pis aludəçilik səbəbindən itirmişik. Amma bu fikirlə razı deyiləm, əksinə, insan ayıq başla olmalıdır ki, fikirlərini daha rahat çatdırsın.
- Rəşad Dağlı həbsdən çıxandan sonra meyxanaya qayıtmağı düşünürsünüz?
- Mən bir dəfə efirdə dedim o sözü. Mənə o qədər sual verildi ki, dedim, inşallah Rəşad çıxsın, deyərik. Sözümün də ağasıyam. Demişəmsə, gərək camaatın etimadını doğruldum. Rəşad çıxar, baxarıq vəziyyətə. Amma Rəşadın da artıq yaşının o dövrü olmadığını düşünürəm. Yaş getdikcə adam əsib-kükrəyə bilmir. Yaşından da utanırsan. Belə deyirəm, yaşlı nəsil məndən inciyir. Amma Ağamirzə bu gün də meydanlardadır. Sənətçi olaraq da öz sözünü deyir.
- Yeni layihələr, konsertlər haqqında düşünürsünüz? Nəsə planlarınız var?
- Yayda düşünürük. Yay gecəsi və açıq hava şəraitində olacaq. Dəniz kənarı bir məkan düşünürük. Hamı üçün əlverişli olsun. Bütün sayt və kanallara, elə başda siz olmaqla təşəkkür edirəm. Bizə diqqət ayırdığınız üçün var olun.
Foto: İlkin Nəbiyev