Ədalətsizliyi gözəlliyə çevirməyin sirri – Rauf Ra yazır...

Ədalətsizliyi gözəlliyə çevirməyin sirri – Rauf Ra yazır...
25 may 2021
# 12:42

Kulis.az gənc yazar Rauf Ranın “Adlandırma sənəti” essesini təqdim edir.

Qustav Kurbe XIX əsrdə qadının cinsiyyət orqanını realizmdə təsvir etdikdə, əsərin görüntüsü həmin epoxa üçün keçici heyrət doğuran erotizm hadisəsi idi. Yəni əsərin görüntüsü dövrün sənət istiqamətlərinin, realizmin ümumi ideyasından başqa heç bir ideologiyaya sahib deyildi və hansısa xüsusi simvollardan istifadə edilməmişdi.

Qısa desəm, bu, sadəcə yeni dövrün keyfiyyətli realizm meqapikselinin nümayişi idi. Əlbəttə, bunlar əsərin sadəcə görüntüsündən yaranan təəssüratlardır. Əsər isə təkcə sadaladığım sadə təsvir manevrlərindən - görüntüdən ibarət deyil, çünki Kurbe əsəri "Dünyanın mənşəyi" adlandırmışdı və bu adda əsərin ifadə etmək istədiyi bütün ideoloji qatını gizlətmişdi və ya təqdim etmişdi.

Kurbe əsərə qoyduğu ad vasitəsi ilə qadının cinsiyyət orqanını birbaşa mifoloji ideologiyaya - ümumiləşdirib keçsək, tanrıçalara, matriarxiyaya və ən əsası yaradılışçılığa (kreatsionizmə) qarşı olan doğuluşçuluğa (qonizm də adlandırılır) bağlayıb adlandırma sayəsində yaratdığı mifoloji simvolizmi tamamlayır. Doğru düşünülmüş bir ad bütün paralelləri özü yaradır və tamamlayır.

Adlandırma sənətinin labüdlüyü gərəkən əsərlərdə doğru ad seçildiyi zaman seçilmiş ad ümumiləşmiş təyinatından əlavə əsərin tərkib hissəsinə, bəzən isə birbaşa özəyinə çevrilir. Belə olduqda, əsəri adsız təsəvvür, təhlil, tənqid etsək, əsərin əsas mahiyyətindən də uzaqlaşmış olarıq.

Adlandırma sənətindən bəzən xüsusi ayrıntıya diqqəti çəkmək üçün də istifadə edilir. Yəni, çoxlu simvollara malik əsərlərdə əsas, kuliminasiya nöqtəsi seçilir və ad vasitəsi ilə əsərin ideologiyasını yaratmağa başlayacaq, sehrli nöqtə xüsusiləşdirilir - altından xətt çəkilir.

Lakin bəzən çoxlu simvollarla işlənmiş əsərlərdə, əksinə, bildiyimiz quş baxışı - ümumi ifadəetmə adlandırılmasından istifadə olunur ki, təbii, bu da məqsədlidir. Əsəri zaman çevrəsində saxlayan müxtəlif baxış bucaqlarının yaranması üçün simvolizm xüsusiləşdirməsindən istifadə edilmir. Bu da çox zaman təyinatını yerinə yetirir.

Məsələn, Mikelancelonun məşhur "Adəmin yaradılması" əsəri üzərində XVI əsrdən indiyə qədər müxtəlif mülahizələr yürüdülsə də, müəllifin düşüncəsinin - ifadə etmək istədiyi şeyin nə olduğunu dəqiqliyi ilə deməyimiz mümkün deyil.

Frank Meşbergerin mülahizəsi olan, "tanrının olduğu "qəlib"in insan beyninin görüntüsünə bənzəməsi və bununla da Mikelancelonun tanrının insan beynində olduğuna işarə etməsi" və ya "Adəmin barmağını tanrının uzanmış barmağına toxundurmaması" kimi müxtəlif şərhlər əsərin daima sənət gündəmində qalmasına şərait yaradıb. Mikelancelo əsərin adlandırılmasında Adəmin yaradılışına diqqəti çəksə də, bu adlandırma həm ümumi hadisənin ifadəsi, həm də bəzi sualların cavabı kimi də çıxış edir. Lakin hələ də "tanrı insanı yaradır, yoxsa insan tanrını?" kimi suallar əsərin ətrafında dövr edir.

Əsərin izləyicilər tərəfindən formalaşdırılmış digər bir adı da "Tanrının əlidir" ki, "Adəmin barmağını tanrının uzanmış barmağına toxundurmaması" kimi mülahizələrdən yaranmış bu adlandırmada müəllif yox, izləyicilər öz xüsusiləşdirməsini aparırlar.

Təbii ki, adlandırmalar təkcə sənət sahələrində bu qədər gözəl nəticə vermir. Tanrının məşhurlaşmış digər əlinin ifadəsində də eynilə adlandırma sənətinin avantajlarından istifadə olunmuşdu.

Bəli, tanrının dünyada daha çox məşhur olan, 1986-ci ildə Maradonanın İngilislərin qapısına əl ilə atdığı qol, 1833-cü il hadisələrinin intiqamı, ilahi ədalət - Maradonanın təbirincə desək, "Tanrının əli" idi. Maradona bir adlandırma ilə öz hiyləgərliyini, qayda pozuntusunu, oyunda baş verən ədalətsizliyi tamamilə dəyişərək ilahi ədalətin - "Tanrının əlinin" altına topladı.

Ədalətsizlik adlandırma ilə sənətə çevrildi.

Düzdür, həmin oyunda bu qoldan sonra komandasına qələbə qazandıracaq "Əsrin qolu"na da imza atmışdı, amma sözün hər iki mənasında "Əsrin qolu" nə zamansa unudula bilərdi, "Tanrının əli" isə adlandırma sayəsində unudulmayacaq an kimi tarixə keçdi.

Bütün bu ad gedişatları böyük ustaların kiçik, adlandırma sənətinin isə böyük oyunlarıdır. Ad seçimlərinə və ya seçilmiş doğru adlara qeyri-ciddi yanaşmaq əksər hallarda natamamlıq kompleksi yaradır ki, bu da qeyri-peşəkarlıqdan irəli gəlir.

Modern dövrdə adlarla yanaşı dizayn, tərtibat, təqdimat kimi məsələlər də forma üzərində gedişatlara daxil olur.

Bu isə başqa bir yazının mövzusudur.

# 2310 dəfə oxunub

Müəllifin son yazıları

# # #