Əlvida, oğlum! – Məhsəti Musa qəzada həyatını itirən gənc şairdən yazdı

Əlvida, oğlum! – Məhsəti Musa qəzada həyatını itirən gənc şairdən yazdı
16 oktyabr 2020
# 11:51

Kulis.az Ağcabədidə yaşayan şair-publisist Məhəsti Musanın dünən avtomobil qəzasında həyatını itirən gənc şair Saqif Zeynalın xatirəsinə qələmə aldığı “İndi sən Tanrı qədər yoxsan” yazısını təqdim edir.

Mübahisə edərdik, deyişərdik, inciyib küsərdik. Cəmi bir saat, yaxud bir gün çəkərdi bu küsülülük.

Bilirdim ki, harda olsa, bir bəhanə tapıb yazacaq.

Çünki kinsiz idi.

Çünki içində tərtəmiz, saf, Laçından çıxarkən özüylə gətirdiyi, heç vaxt böyüməyən bir uşaq var idi. Nadinc, şıltaq və təmiz bir uşaq. Həmişə bağışlayardım onu. Çünki çoxlarının görmədiyi o uşağı mən görürdüm, anlayırdım, duyurdum...

Bilirdim ki, pisliklərə qarşı yaddaşsızdır. Özümə oxşayırdı bu xasiyyəti ilə. Bəlkə də buna görə ilk gündən ona oğlum deyirdim. O da məni elə ürəklə “anne”, “annem” çağırırdı ki...

Hərdən də gülüb əslində çox olmayan yaş fərqimizə işarə edərək: - “A yox ey, mən boyda oğul olaar? “- deyirdi. Bəzən ürək edib öz anasına demədiyini mənimlə bölüşürdü, mənimlə dərdləşirdi.

Təzə evə köçmüşdülər bir müddət öncə. Ağrılı-acılı uşaqlıq illərini keçirdiyi daxmayla vidalaşmışdılar. Əvvəl həvəslə danışırdı köçəcəkləri mənzildən. Sonra alışa bilmədi yeni evə. Deyirdi sıxılıram. Evin yaxınlığında qəbiristanlıq var. O da bir tərəfdən məni sıxır. Uyğunlaşa bilmirəm buralara...

Bütün sevincini, kədərini mənimlə paylaşsa da, həmişə demək istədiyi nəyinsə ürəyində qaldığını hiss edirdim. Söz gəlirdi, gəlirdi, boğazında düyünlənirdi. Amma heç vaxt üstünə getmirdim. Nə idi dərdi? Nəyi bölüşmək istəyirdi? Niyə çəkinirdi bəs? Bilmirdim. “Yəqin vacib olsa özü deyəcək“ deyə boş verirdim.

Kaş biləydim, Saqif!

Kaş biləydim, qəlbini didən, səni narahat edən, dilə gətirməkdən qaçdığın sirrin nə idi...

Küsüb-barışmağımız adi hal alsa da, bir neçə ay əvvəl ilk dəfə xətrinə möhkəm dəydim. Çünki, sən də bir az əsəbiləşdirmişdin məni. Bilərəkdən səni incitmək istədim. Səbrimin həddi olduğunu bildirmək istədim. Sonra peşman olsam da, qürurumu yenməyib ilk addımı səndən gözlədim.

Sən nə qədər kinsiz idin.

Sən nə qədər dəyərli idin.

Sən daha yaxşı oğul idin, nəinki mən daha yaxşı ana...

İncimiş olsan belə, bir daha yazdın. Məni böyük bildiyini, həmişə də böyük görmək istədiyini bildirdin, utandırdın, anlaşdıq, barışdıq. Sonra yazdın:

“Amma yaxşı dava olmadı. Dalaşanda düz-əməlli mövzu qoy, yaxşı dalaşaq!”

Nə yaxşı barışdıq.

Yoxsa dəli olardım bu dəqiqə, Saqif!

Dəli olardım...

Qəzet redaktoru kimi fəaliyyətə başladığımı eşidəndə çox sevindin. Daha kimsə şeirlərimizə qadağa qoymayacaq dedin. Səni həvəsləndirmək üçün rayonun ədəbi mühiti ilə bağlı bir neçə şairdən müsahibə götürməyini istədim.

Çox sevinclə başladın bu işə. İlk müsahibəni elə tez göndərdin ki... Qəzet çapa hazırlandı. Lakin cəbhədə vəziyyət dəyişdi. Bütün xəbərlər də dəyişdi. Hər gün müsahibənin hansı nömrədə çıxacağını soruşmağa başladın. Səbirli ol deyirdim. Gələn nömrədə çıxar deyirdim. İndi kompüterin ekranındakı o müsahibə mənə bir göz dağıdır. Necə verəcəyəm qəzetdə? “Saqif Zeynalın ölümündən əvvəl aldığı müshibə” yazacağammı? Yaxud necə verməyəcəm qəzetdə? Axı hər gün soruşurdun vaxtını...

Hərdən analıq hissim güc gələndə evlən deyirdim. Deyirdin bu işdə sənə güvənirəm, sən məşğul ol. Heç doğma qardaşlarının evlilik məsələlərinə qarışmayan Məhsətinin gözü sənə layiq, səni anlayacaq qız axtarırdı. Özünə də deyirdim. Deyirdim, həyatın ironiyasına bax, sənin xətrinə zəhləm gedən bir işlə məşğul oluram.

Sənin toy xəyallarını belə qurmuşdum, oğlum, ərköyünüm, nadincim...

Saqif, arzuların yadıma düşəndə az qalır havalanım.

Mən necə qaldıracağam bu yükü? Kitabını çapa hazırlamışdın axı... Təqdimatı həm Bakıda, həm də Ağcabədidə edəcəkdik. Neçə gün dinc oturmağa qoymadın məni. “Oxu, fikirlərini yaz” deyirdin. Vaxtım olmurdu, yorğun olurdum, amma xətrinə dəymək istəmirdim. Bu gün-sabah edə-edə yola verdikcə, daha çox inad edirdin. Yazırdın, fikirlərimi istəyirdin.

“Ad da seçək, yekunda baxmaq üçün Şərif abiyə göndərəcəm” söyləyirdin.

Bircə bu kitab çıxsaydı, dincələrdi deyirdim öz-özümə.

Dincəldin, balam!

Bütün arzularını bu dünyada qoyub gedən balam!

Ən böyük arzuna – Laçına qovuşmağa bir neçə addım qalmışdı axı...

Niyə dayandın oğlum?

Ağcabədini tərk etmək çətin oldu, hə?

Əbədi olaraq mən ananın yanında qalmaq istədin, hə?

Buranın torpağına qarışmaq istədin, hə?

Axı belə danışmamışdıq...

Oktyabrın 4-də yenə bir az çəkişdik. Sonra yazdığım nəyisə başa düşmədin.

“O da nə?” deyə soruşdun. Cavab yazdım ki, heç nə... get, gəlib Laçında səni başa salacam.

Ləzzət etdi sənə...

Ananın Laçında toxuduğu gəbələrdən tez-tez söz açardın. Kiçik bir yazın da vardı bu haqda. Deyərdin, anam bugünə qədər qıyıb açmayıb gəbələri. Amma yeni evimizdə sərəcək. Sonra deyirdin, yeni evdə də yerə sərmədi...

Dedim, inşallah, Laçındakı evinizdə işlədəcək.

Yəqin, indi açıb döşəyib yerə, o gəbələrin üstündən yola salıb səni!

Dəfnində iştirak etməyə cəsarətim çatmadı. Sonrakı gün necə olacaq bəs? Necə gedəcəyəm, Saqif, necə gedəcəyəm? Axı toyuna hazırlaşırdım. Axı Laçında qonaqlıq söz vermişdin. Axı son dəfə: “Qələbə sevincini bölüşərik” yazmışdın. Bu idi sənin qələbən? Bir dostumdan incimişdim. Hər gün məni balaca uşaq kimi danlayırdın. “Bizim dost itirən vaxtımız deyil” deyirdin.

Bəs özün niyə əməl etmədin dediyinə?

Niyə?

Niyə?...

Niyə?!

Bayaqdan zənglər ara vermir. Bütün tanışlar zəng vurur, başsağlığı verir, səbr diləyir, ağlayır... Bu gün mənə aydın oldu ki, mənim oğlum olduğuna hamı inanırmış, hamı bunu qəbul edibmiş.

Yeni kitabına fikirləşdiyin adlardan biri belə idi: “İndi sən Tanrı qədər yoxsan!”

Sən də Tanrı qədər yox oldun, əziz insan!

Həmişə sağollaşanda “hələlik” yazırdıq.

Bu gün ilk və son dəfə sənə əlvida yazmalı oldum...

Əlvida, mənim oğlum, balam, dostum, sirdaşım, qardaşım!

Əlvida !

15 oktyabr 2020

Ağcabədi

525-ci Qəzet - O gün - Məhsəti Musa yazır

# 3719 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #