8 Mart Beynəlxalq Qadınlar Günüdür.
Kulis.az bu münasibətlə tanınmış qadın şair və yazıçılarımıza "Azərbaycanda qadın yazar olmaq nə deməkdir?" sualını ünvanlayıb.
Cavabları təqdim edirik.

Elnarə Akimova:
"Məncə, bizdə qadın yazıçısı anlayışı deyil, ümumən Azərbaycan yazıçısı anlayışı var. Və bu kontekstdə qadınların da yazdığı mətnlər psixoloji dərinliyi, sosial-əxlaqi konfliktlərin kəskin dillə təqdim olunması, Qarabağ mövzusunu diqqətdə saxlaması, həmçinin urban təfəkkürü və qadın kimliyi məsələlərini ədəbiyyata gətirməsi baxımından seçilir. Xüsusilə son amil, qadınların səsinin onların öz dilindən eşidilməsi faktoru önə keçib. İndi qadın öz təcrübəsini, ağrısını, baxışını özü yazır, öz nəzərlərindən ədəbiyyata gətirir. Bu isə təkcə gender məsələsi deyil, ədəbiyyatın keyfiyyət məsələsidir. Çünki müxtəlif baxışlar olmadan böyük ədəbiyyat yaranmır.
Sadəcə bu gün, qadın yazıçı olmaq həm də sosial gözləntilərlə mübarizə deməkdir. Azərbaycan cəmiyyətində qadının üzərinə düşən ailə və məişət məsuliyyəti çoxdur. Maddi qazancdan tutmuş ailədə övlad tərbiyəsinə qədər. Yazıçılıq isə zaman, tənhalıq və konsentrasiya tələb edən sahədir. Bu iki xətti paralel aparmaq çətindir, ağırdır, çox zaman daxili gərginlik yaradır. Yəni kişi yazıçı üçün “yaradıcı tənhalıq” romantik anlayışdırsa, qadın üçün bəzən sosial qınaq predmetinə çevrilə biləcək qədər ağrılı məqamlarla motivlənir.
Buna baxmayaraq, son illər ədəbi prosesdə qadınların fəallığı artıb. Sosial media və müstəqil nəşr platformaları qadın müəlliflərə alternativ tribuna verib. Ədəbiyyat festivallarında, müzakirələrdə, kitab təqdimatlarında qadın imzaları kişi müəlliflərlə eyni sırada qərarlaşır, müsabiqələrdə qalibiyyətə imza atırlar. Bu isə artıq tendensiyadır, istisna yox".

Sevinc Elsevər:
"Azərbaycanda qadın olmaq özü xeyli çətindir. Ta uşaq yaşlarımdan bu çətinliyi hiss etmişəm. Qadın doğulduğumdan heç vaxt məmnun olmamışam. Şeirlərimdə, yazılarımda da bu hisslər yerini alıb. Amma sonra başa düşdüm ki, mentalitetin güclü olduğu bir ölkədə kişi olmaq da asan deyil. "Bir cənub şəhərində" filminə baxmısınız da. Orda qəhrəman necə dilemma qarşısında qalır, bilirsiniz. Bacısının nişanı pozulub. İndi buna görə köhnə dostunu, bacısının da eks nişanlısını bıçaqlamalıdır. Təsəvvür edin, kişiyə olan basqı da necə güclüdür. Sən qatil doğulmamısan. Amma cəmiyyət qatil olmağını istəyir.
Azərbaycanda yazıçı olmaq çətindir bir çox mənada. Bunun qadını, kişisi yoxdur. Ailəmin yanında özümü gözükölgəli, parazit kimi hiss edirəm. Uşaqlar ittiham edir ki, iş tap işlə. Normal bir məvacibi olan işin olsun. Öz ayaqlarım üstündə dura bilmirəm. Hazırda həm qadın, həm insan, həm yazıçı, həm kinoşünas kimi ən böyük problemim budur. Ən böyük azadlıq iqtisadi azadlıqdır. Əgər o yoxdursa, qalan söhbətlərə girmək lazım deyil".

Rəbiqə:
"Azərbaycanda qadın yazar olmaqla kişi yazar olmaq arasında fərq qoyanların arasında yaşamaq, vəssalam. Dünyanın heç yanında bu bölgünü bizdəki qədər şişirtmirlər. Qadın və kişinin ayrı riyaziyyatı, fizikası, musiqisi, rəssamlığı var? Yoxdu. Niyə şeirdə, nəsrdə olsun ki? İnsan hissləri fərqlənir? Qadın sevgisi ilə kişi sevgisi arasında fərq var? Qadınların ayrı lüğət tərkibi var? Yox. Bax, bunları demək məcburiyyətində qalmaqdır. Başqa bir fərq yoxdur".

Samirə Əşrəf:
"Ümumiyyətlə, mən istəməzdim ki, yaradıcılıqda qadın-kişi bölgüsü olsun. Amma məhz Azərbaycanda qadın yazar olmaq necə hissdir deyə soruşulanda bölməyə məcbur olursan. Çünki azərbaycanlı qadınları, elə kişiləri də, çox fədakar, çalışqan, ailə dəyərlərinə bağlıdırlar, məsuliyyət hissi çox güclüdür. Təbii ki, istisnalar var, amma böyük əksəriyyətimiz bu cürdür. Bir dəfə çoxdan Afaq Məsudun bir müsahibəsində belə bir fikir rastıma çıxmışdı, evdə hər şey qaydasında olmalıdır ki, mən rahat oturub yazı yaza bilim. Hətta yazı yazarkən fikrimdən keçirsə ki, haradasa döşəmədə xalçanın ucu qatlanıbdır, o, mənim fikrimə mane olur, mütləq o xalçanı düzəltməli, sonra yazmalı idim.
Doğrudan da elədir. Bu, qadın yazıçı, aktrisa, müğənni, rejissor olmağına baxmır, qadınsansa, evin içindən başlamalısan, evin içində də, həyatında da bir harmoniyan olmalıdır ki, sən yaradıcılıqda sərbəst, rahat ola biləsən. Bu mənada yazıçının qadın olması çətindir. Bir dəfə müsahibələrimin birində demişdim ki, yazıçı olmaq qadından həm də kişi gücü tələb edir. Bu, mübaliğəsiz belədir. Hekayə, povest, roman, pyes yazanda da mən bunun fiziki güc tələb elədiyini görmüşəm. Saatlarla oturub yazmalı olursan, arada ayağa qalxıb nəsə eləməlisən. Oxumuşdum ki, yazıçı Sabir Əhmədli yazanda gecə səhərə qədər kofe içirmiş. Demək istədiyim odur ki, arada ki, nəfəsdərmələr var, qadın o məqamda mütləq mətbəxdə nəsə bir iş görməlidir, paltar sərməlidir, qab yumalıdır və sair... Məişət bütün hallarda yaradıcı qadına maneçilik törədir. Kişi belədir ki, saat 6-7-yə qədər işini görür, evə gələndən sonra onun məişət qayğısı olmur. Amma yaradıcı qadın işdən gələndən sonra həm məişət problemləri ilə məşğul olmalıdır, həm də yaradıcılıqla. Buna görə də mən yazıçı qadınlarımıza özüm də daxil olmaqla uğur, səbir arzulayıram. Azərbaycanda qadın yazıçı olmaq bir də ona görə çətindir ki, elə məsələlər var ki, mentallıq sənə mane olur, onları yazmaqda çətinlik çəkirsən. Cəmiyyətdə elə problemlər var ki, sən bunu kişilər qədər açıq-aşkar yaza bilmirsən..."

Feyziyyə:
"Bu, sanki daim səni çağıran bir körpən kimidir. Nə işin, nə qədər işin olur olsun, söz səni çağırırsa, durub qaçmalısan, vəssalam..."

Sevinc Yunuslu:
"Cəmiyyətin milli mental dəyərləri ilə daxili aləmin arasında sıxışıb qalmaq deməkdir. Yazıb, yarada-yarada qadınlığı qorumaq, qadınlığın xüsusiyyətlərini qorumaqla yazıb-yaratmaq deməkdir. Kişi hökmranlığının hakim olduğu bir cəmiyyətdə, ictimai zəmində bütün qadınların səsi olmaq və basqılanmış duyğularını ictimaiyyətə çatdırmağa çalışmaq deməkdir...Və bu hər nədirsə, yaxşı bir şey deyil, kimsəyə arzulamıram".

Xəyalə Sevil:
"Azərbaycan ədəbiyyatında qadın yazıçı olmaq işin öhdəsindən çətinliklə-maneələrə, mentalitetin dəyişmək istəməyən qadağalarına rəğmən - gəlməkdi. Mən bunu kölgədən işığa açılan yol kimi qiymətləndirirəm! Hamı taleyini yaşayır, amma taleyini yaza bilmək üçün təkcə istedad yox, həm də azadlıq lazımdı".

Gülər Natiq İsaq:
"Azərbaycanda qadın yazar olmaq, çox zaman yazdıqlarınla deyil, yazmadıqlarınla tanınmaq, qəlbin azadlığı ilə cəmiyyətin yazılmayan qanunları arasında tarazlığı pozmadan yol tapmaq deməkdir".